Ukrayna vətəndaş müharibəsinə sürüklənir
Elman Nəsirov: “Yanukoviç bilir ki, erkən seçkiyə getsə uduzacaq”
29 Yanvar 2014 15:25 MüsahibəUkraynada baş verən hadisələrlə bağlı politoloq Elman Nəsirovun "Olaylar"a müsahibəsi
- Elman müəllim, Ukraynada son vəziyyət necədir?
- Ukraynada rəhbərliyin Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamaması, Azad Ticarət Zonası ilə bağı sənədə qol çəkməməsi nəticəsində Ukraynada sözün həqiqi mənasında siyasi böhran yetişdi. Ukrayna rəhbərliyi 2010-cu ildən bəri həmin adı çəkilən sənədləri imzalayacağı ilə bağlı Avropa İttifaqı ilə danışıqlar apardığı bir məqamda Rusiyanın təzyiqi ilə mövqeyini dəyişməsi heç şübhəsiz ki, 22 noyabrdan başlayaraq xalqın etirazlarına səbəb oldu və etirazlar getdikcə artma xətti ilə genişləndi və nəticədə Ukraynada məlum siyasi böhranı yetişdirdi. İndiki vəziyyətdə faktiki olaraq Ukraynanın qərb hissəsində bütün regional partiyalar və Kommunist partiyası buraxılıb. İnzibati binalar ələ keçirilib. Ukraynanın qərb hissəsində bugünki iqtidarın fəaliyyəti iflic vəziyyətindədir. Şərqi və Cənubi Ukraynada Yanukoviç tərəfdarları güclü olsa da belə amma bu ərazidə də toqquşmalar getdikcə artır. Krımda da vəziyyət mürəkkəbləşməkdədir. Belə olan təqdirdə Yanukoviçin müxalifətə vəzifələr təklif etməsi, xüsusi ilə də müxalifətin əsas liderlərindən biri olan Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsinin təqdim edilməsi və onların bunu rədd etməsi ilə müşayiət olundu. Nəticədə bu gün Ukraynada çıxılmaz vəziyyət yaranıb.
- Ukraynadakı hadisələrdə kənar qüvvələrin rolu nədən ibarətdir?
-İndiki halda yalnız beynəlxalq vasitəçilərin çıxış yolu tapa biləcəyi ilə bağlı ümidlər də mövcuddur. SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun həm ABŞ, həm də Rusiya prezidentinə müraciəti dərc olunub. Qorbaçov bu iki dövlətin rəhbərini bu münaqişənin həlli ilə bağlı vasitəçi olmağa çağırıb. Bəzi hallarda Almaniyanın bu proseslərə ciddi vasitəçi ola biləcəyi ilə bağlı mövqelər var. Xüsusi ilə son günlər daha dəqiq desək, yanvarın 23-də ABŞ-ın vitse-prezidenti Corc Bayden Yanukoviç ilə telefon danışığı zamanı onu xalqın tələblərinə diqqətlə qulaq asmağa çağırıb və bunun Rusiya-ABŞ, Ukrayna - ABŞ münasibətlərinə ciddi problemlər yaradacağına işarə edib. Bundan başqa ABŞ dövlət katibi Con Kerri Davosdan Ukrayna hadisələri ilə bağlı Ukrayna xalqının mövqeyini müdafiə etdiyini bildirib. Yanvar ayının 15-də ABŞ Senatının Beynəlxalq Əlaqələr Komissiyasında Ukrayna ilə bağlı dinləmələr olub və bu dinləmələrdə belə bir fikir səslənib ki, ABŞ Ukraynaya 1991-ci ildən indiyə qədər 5 milyard dollar həcmində investisiya qoyub və bunun 850 milyona yaxın demokratiya və insan hüquqlarının inkişafı ilə bağlı məsələlərə ayrılıb.
Barak Obama 2009-cu ildı prezidentliyə başladıqdan sonra 184 milyon dollar Ukraynada insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik islahatların aparılması ilə bağlı siyasətə dəstək mənasında ayırıb. Bu cür faktlar səslənib və Ukrayna prezidenti bu vəziyyətdə qan tökməməyə və xalqın istək və tələblərinə cavab verməyə dəvət edilib.
Xüsusilə son günlər Polşanın fəallığı diqqəti cəlb edir. Avropa İttifaqının bu məsələlərdə bir qədər passiv mövqeyi fonunda Polşa Seymi artıq Avropa İttifaqı ilə razılaşdırılmadan belə birtərəfli qaydada Ukrayna hökumətinə qarşı sanksiya tətbiq etməsi ilə bağlı qərar qəbul edib. Eyni zamanda Avropa Parlamentini ittiham edir ki, Avropa Parlamenti bu məsələlərdə çox ciddi lənglik, passivlik nümayiş etdirir.
- Ukrayna hadisələrində Rusiyanın mövqeyi nədən ibarətdir?
Hadisələrin bu cür gedişatı göstərir ki, sözün həqiqi mənasında vəziyyət getdikcə daha da gərginləşir və bu halda Rusiyanın mövqeyi xüsusilə diqqəti cəlb edir. Rusiyanın başı indi daha çox Soçi Olimpiadasına qarışdığından bu məsələlərdə açıq şəkildə fəal mövqe ortalığa qoymasa da belə hər halda ölkənin xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ölkəsi bu proseslərdə kənar döyüşçü mövqeyində qalmır və Ukraynadakı bu prosesləri diqqətlə izləyir və bu məsələlərə çox həssas yanaşır. Rusiya vasitəçi olmaq təklifini də irəli sürüb.
- Necə düşünürsünüz, Ukraynada baş verən proseslərlə bağlı hansı ümidlər var?
- Ən çox ümid doğura biləcək hadisə ondan ibarətdir ki, yanvar ayının 28-də Ukrayna Ali Radasının növbədənkənar sessiyası toplanacaq və sessiya zamanı bir sıra ciddi qərarlarən qəbul edilməsi gözlənilir. İlkin ehtimala görə, Ukraynanın baş naziri Nikolay Azarovun istefaya göndərilməsi, bundan savayı yanvar ayının 16-da qəbul edilmiş sərt qanunlardan imtina edilməsi ilə bağlı məsələlər gündəmdə ola bilər. Belə vəziyyətdə isə müxalifətin mövqeyi izlənməkdədir və bir çox hallarda müxalifət liderlərini Yanukoviçin bir sıra güzəştə getməsi daha da ruhlandırır. Təsadüfi deyil ki, Vitali Kliçko qeyd edir ki, onlar heç bir halda vəzifələri qəbul etmirlər, yeganə tələbləri odur ki, Yanukoviç 2015-ci ili gözləmədən məhz indi istefaya getməlidir. 2015-ci il gecdir. Beləcə vəziyyət kifayət qədər gərgindir. Belə olan halda Yanukoviçin güzəştlərinin limitinin hara qədər olacağı məsələsi də aktualdır. Yanukoviç erkən prezident seçkilərinə razı olacaqmı? Əgər razı olarsa bu, faktiki olaraq Yanukoviç dövrünün sonunun başlanğıcı olar. Seçkiyə getməyəcəyi təqdirdə isə böhran daha da dərinləşir və bu vəziyyətdə bəzi ekspertlər hətta Ukraynanın vətəndaş müharibəsinə sürükləndiyi ilə bağlı xəbərdarlıq edirlər. Çünki ölkənin cənub və Şərq hissəsi əksər hallarda Yanukoviçin yanında olduğunu ifadə edir. Hesab edirəm ki, növbədənkənar sessiyadan sonra bu proseslərə daha çox aydınlıq gətiriləcək. Hər halda Yanukoviçin istefaya getmək niyyətində olmadığı da bəllidir. Bu halda hansı kompromis mümkündür, hansı razılaşma əldə ediləcək sualının cavabı özü sual altındadır. Hər halda müxalifətin tələbi ondan ibarətdir ki, ilk növbədə 16 yanvarda qəbul edlmiş sərt qanunlar ləğv edilsin, ikinci növbədə isə Yanukoviç erkən prezident seçkiləri təyin etsin və həmin seçkilərdə namizədliyini verə bilər. Həmin seçkidə də Yanukoviçin məğlub olacağını proqnozlaşdırmaq mümkündür. Yanukoviç isə buna getmək istəmir. Amma hesab edirəm ki, təzyiqlərin əmsalından asılı olaraq o, buna gedə də bilər, getməyə də bilər. Təzyiqlər son dərəcə güclənsə və arxasında konkret güclü qüvvələr dayanacağı təqdirdə Yanukoviçin güzəştə gedəcəyini proqnozlaşdırmaq olar.
Sevda Qurbanqızı