“Müxalifətdə elələri var ki, onların mənəvi cəhətdən tərbiyələndirilməsinə ehtiyac var” - Ramil Hüseynov

“Onların siyasət məktəbinin birinci sinfinə getmələri üçün parta arxasında oturmalarına ehtiyacları var”

"Həqiqətən də Milli Şura adlanan qurum fiaskoya ugradı"

Ukraynada baş verən proseslər Azərbaycanda da bəzi siyasi dairələri aktivləşdirib. Bir çoxları Kiyev olaylarının ölkəmizdə təkrarlanması, daxili qarşıdurmaların baş verməsini arzulasa da, lakin bunun əleyhinə olan siyasi təşkilatlar da var. Yarandığı gündən hakimiyyətin inqilab yolu ilə dəyişməsinin əleyhinə olan Vətəndaş və İnkişaf Partiyası hazırda da eyni mövqedədir. Partiyanın sədr müavini Ramil Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə Ukrayna, eləcə də bir sıra ölkələrdə baş verən daxili qarşıdurmaların Azərbaycana gətirilməsinin əleyhinə olduğunu söyləyib.  VİP rəsmisi təmsil etdiyi partiyanın qarşısında duran vəzifələr barədə də danışıb.

-Ramil bəy, Vətəndaş və İnkişaf Partiyasının cari il üçün qarşısında duran başlıca vəzifələr nədən ibarətdir? Partiya bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək niyyətindədirmi?

-Cari il üçün bizim fəaliyyət proqramımız partiyanın Mərkəzı Aparatı tərəfindən hazırlanıb. Həmin proqram yaxın zamanlarda Siyasi Şura tərəfindən təsdiq olunacaq. Müxtəlif istiqamətlərə hesablanmış proqramda həm mətbuatla sıx əməkdaslıq,  həm təşkilati məsələlər, həm də seçkilərlə bagli muəyyən planlarımız mövcuddur. Digər tərəfdən partiyanın daxili orqanlarına aid taktiki addımlar və bu konteksdə ölkənin ictimai-siyasi həyatına təsir imkanlarımız adı çəkilən sənəddə əksini tapıb. Təbii, mənim fikrim ondan ibarətdir ki partiya seçkilərdə iştirak üçün həmişə hazır olmalıdı. Ona görə də bu il keçiriləcək bələdiyyə seçkilərində də biz iştirak etmək niyyətindəyik .

-Partiya sədri Əli Əliyev VİP-in bir neçə yeni konfiqurasiyalara qoşulacağını bildirmişdi. Hazırda bu istiqamətdə proses hansı mərhələdədir və sizin də iştirak edəcəyiniz yeni əməkaşlıq formasının yaradılması gözlənilirmi?

-Biz qeyd etmişik ki, partiyaya müxtəlif siyasi təşkilatlardan təkliflər var və biz istənilən təklifə hörmətlə yanaşaraq onu partiyanin rəhbər orqanlarında müzakirə edirik. Bu təkliflər bu gün də var. Partiya olaraq indiki siyasi reallıqları nəzərə alaraq bütün təklifləri dəyərləndiririk. Sadəcə olaraq VİP-in prinsipial olaraq tutduğu mövqe ondan ibarətdir ki, əgər istənilən konfiqurasiya yaradılırsa əvvəlcə orada səmimiyyət olmalıdır. Digər tərəfdən ən vacibi konfiqurasiya dövlətin maraqlarına xidmət etmə prinsipi ilə yaradılmalıdır. Hansısa xarici quvvələrin, və ya daxili qruplaşmaların marağına xidmət edən birliklərin yaradılmasında biz iştirak etmək niyyətində deyilik. Çünki yaranan birliklər iqtidara qarşı yaranan birliklər olur. Sonucda görünən o olur ki, həmin təşkilat ya beynəlxalq güclərin diqtəsi ilə yaradılıb, ya da daxildə dövlətə yox, öz maraqlarına xidmət edən hansısa qrupun diqtəsi ilə yaranır. Bunun da acı nəticəsini bütün millət çəkir. Bu kimi birliklərdə biz yoxuq və hesab edirəm ki, bundan sonra da olmayacağıq. Amma mən ümid edirəm ki, biz bu aparılan danışıqlar nəticəsində sağlam, ədalətli, düzgün siyasi perspektivi olan bir birliyə nail olarıq.

-Milli Şurada yaşanan son proseslər VİP-in haqlı olduğunu sübuta yetirdi. Hətta bu gün Milli Şuranı tərk edənlər də həmin qurumun Rusiyanın təsir vasitəsi olduğunu etiraf edirlər. Sizcə, bu həmin siyasilərin  baş verənləri aydın dərk edə bilməməsindən irəli gəlmirmi? Çünki dünənə qədər MŞ-nı Azərbaycanın xilası adlandıranlar bu gün onu tərk edirlər...

-Həqiqətən də Milli Şura adlanan qurum fiaskoya ugradı. İlk dəfə heç kimin deməyə cəsarət etmədiyi Moskva lahiyəsini açıq surətdə VİP olaraq ictimaiyyətə çatdırdıq. O zaman indi bizim dediklərimizi təsdiq edən cənablar VİP-i tənqid edirdilər. Ən əsası odur ki, bunu bilərəkdən edirdilər. Buradan belə nəticəyə gəlmək olur ki, bu insanlar neçə il siyasətdə olmalarına baxmayaraq onların siyasət məktəbinin birinci sinfinə getmələri üçün parta arxasında oturmalarına ehtiyacları var. Əgər bu normal siyasi səhnəsi olan ölkələrdə baş vermiş olsaydı həmin insanlar mutləq siyasət məktəbinin hazırlıq kursunda oxumağa məcbur olunacaqdılar. Bu proseslərdən çox vaxt keçməyib. Bunu oturub araşdırmaçı jurnalistlər üzə çıxarsın, ictimaiyyətə təqdim etsinlər və göstərsinlər ki, bizi idarə etmək istəyənlər nəyə qadirdirlər. İnsan qisa zaman kəsiyində bu qədərmi mövqeyini dəyişə bilər və bunu mətbuatda diskusiyalara çevirər. Bu sadəcə bibarçılıq və riyakarlıqdı. Amma bu gün onlar əllərində olan mətbuat vasitəsi ilə çox təssuf olsun ki, bu biabırçılıqlarına hələ ki, don geyindirə bilirlər. Adlarını müstəqil mətbuat qoyanlar sadəcə ildə bir dəfə heç olmasa müstəqil olduqları görüntüsü yaratmaq üçün bir addim atsinlar. Çünki gələcəkdə onlara bu çox lazım ola bilər

-Bu arada Ukraynada yaşananların Azərbaycana gətirilməsinə cəhdlər göstərilir. Hətta bu prosesdə bəzi beynəlxalq QHT-lərin də maraqlı olduğu bildirilir. VİP ölkədə bu cür qarşıdurmaların baş verməsini istəyirmi?

-Ukraynada baş verən proseslər qlobal məsələlərdi. Bu beynəlxalq güclərin savaşıdı. Təbii ki, bunu Azərbaycanda reallaşdirmaq istəyən qüvvələr də var və olacaq da. Bir vətəndaş olaraq mən Azərbaycanda belə vətəndaş qarşıdurmasının əleyhinəyəm. İnqlab olan ölkələrə nəzər salsaq görərik ki,  heç də həmin millətlərin xoşbəxtliyinə gətirib çıxarmayıb. Əksər hallarda insanların bədbəxtçiliyinə gətirib çıxardıb. Xüsusislə də müsəlman ölkələrində.

-Sizcə, Azərbaycan müxalifəti mövcud böhranlı vəziyyətdən hansı yolla çıxmalıdır?

-Nə vaxta qədər ki, bu müxalifət öz buraxdığı səhvləri etiraf etməyəcək, bu böhrandan çıxmaq çox çətin olacaq. Amma bunların arasında elələri də var ki, onlar əbədi olaraq böhrandan çıxa bilməyəcəklər. Bir daha bu sözu təkrar etmək istəyirəm. Bədən tərbiyyəsi sözu bədənin tərbiyələndirilməsi anlamına gəlir. Yəni idman etməklə bədəni tərbiyələndirirsən. Bizim müxalifət arasında elələri var ki, onlarin mənəvi cəhətdən tərbiyələndirilməsinə ehtiyac var. Bu çox çətin məsələdi. Mənəvi xəstəlikləri sağaltmaq demək olar ki, mümkün deyil.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31