“Dağlıq Qarabağ məsələsi litvalıların diqqət mərkəzindədir” - MÜSAHİBƏ

Elnur Abbasov: “Mənfur qonşularımızın işğalçı mövqeyi və törətdikləri vəhşiliklər barədə Litva cəmiyyətini daim məlumatlandırırıq”

Litvada yaşayan azərbaycanlı gənc Elnur Abbasov "OLAYLAR"a müsahibə verib.

Qeyd edək ki, iki dəfə Azərbaycan Prezidentinin təqaüdçüsü adını qazanmış Elnur Abbasov Litva Enerji İnstitutunun həqiqi üzvüdür. Gənc alim hazırda Kaunas Texnologiya Universitetində alternativ və bərpa olunan enerji mənbələrinin öyrənilməsi üzrə tədqiqat aparır.

-Elnur bəy, Litvada azərbaycanlılara münasibət necədir?

- Litva və Azərbaycan Respublikaları oxşar ve birgə tarixə malik ölkələrdəndir. Uzun müddət eyni siyasi ömür yaşamış dövlətlər sosial-ictimai, iqtisadi, siyasi, mədəni sferalarda birgə inteqrasiya eləmiş və daim dost ölkə olaraq mövcud olmuşlar. Bildirmək istərdim ki, hal-hazırda Litvada çoxlu sayda azərbaycanlı ailələr yaşamaqdadır. Eyni zamanda hər il Litvaya onlarla azərbaycanlı tələbə təhsil almağa, təhsilini davam etdirməyə, iş və elmi təcrübə keçməyə gəlir. Litvaya gələn azərbaycanlıi turistlərin də sayı artmaqdadır.

-Litvalılar Dağlıq Qarabağ məsələsi barədə nə dərəcədə məlumatlıdırlar?

- Litva Respublikası öz rəsmi möqveyini bu məsələ ilə bağlı  daim birmənalı formada bildirib. Litva Respublikası Azərbaycan Respublikasinin ərazi bütövlüyünü şərtsiz olaraq tanıyır. Dağlıq Qarabağ Azərbaycanımızın ayrılmaz hissəsidir və daim də belə olaraq qalacaqdır. Litvalı gənclərin Dağlıq Qarabağ məsələsi barədə məlumatlandırılması, mənfur qonşularımızın işğalçı mövqeyi və həmin ərazilərdə törətdiyi vəhşiliklər barədə Litva cəmiyyətini daim məlumatlandırırıq. Bu istiqamətdə Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyi aktiv və pozitiv mövqe tutmaqdadır. Eyni zamanda səfirliyin dəstəyi ilə Litvada təhsil alan azərbaycanlı tələbə və gəncləri ətrafında toplayan AYOL təşkilatı yaradıldı. Bu təşkilat vasitəsi ilə litvalı dostlarımıza Azərbaycan tarixi, adət-ənənəsi, dövlətçilik prinsipləri, iqtisadiyyatı və s. barədə geniş məlumat verir və onların ölkəmizi tanıması istiqamətində aktiv fəaliyyətini təşkil edirik. Yeri gəlmişkən onu demək istəyirəm ki, hazırda AYOL olaraq litvalı dostlarımız üçün "Mən Qarabağ haqqında nə bilirəm?" adlı inşa yarışması təşkil etmişik. Litvalıların bu mövzuya diqqət və maraq göstərməsi sevindirici və təqdirə layiqdir. Dağlıq Qarabağ məsələsi litvalıların diqqət mərkəzindədir.

-Xaricdə təhsil alan tələbələrimiz diasporlarımızın daha da təşkilatlanması üçün nə kimi işlər görə bilərlər?

-Bilirsiniz ki, bu gün xaricdə təhsil alan azərbaycanlı gənclərimiz artıq təşkilatlanıb. Xaricdə təhsil alan və məzun olmuş gənclərimizin beynəlxalq forumu (ASAİF) yaradılıb və uğurla fəaliyyət göstərir.

Biz ASAIF olaraq xaricdə təhsil almağa gedən, təhsilini davam etdirən və xarici ölkədə yaşayan gənclərimizin diaspora fəaliyyətinin təşkili, onların məlumatlandırılması, təşkilati dəstəyin təmin olunması istiqamətində yorulmadan məşğul oluruq. ASAIF ailəsi olaraq xaricdə təhsil alan gənclərimizin yanındayıq. Eyni zamanda gənclərimizin diaspora fəaliyyətinin təşkilatlanması istiqamətində əldə etdiyimiz Litva təcrübəsini daim dostlarımızla bölüşməyə hazırıq.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31