“Bu adamlar bolşevikdirlər” - MÜSAHİBƏ

Niyaməddin Orduxanlı: “Əli Kərimlinin imkanı olsa Rauf Arifoğlunu dünyanın ən ağır işgəncəsi ilə qətlə yetirər”

"Yaxşı ki, belə bir adam hakimiyyətdə təmsil olunmur"

Son günlər Milli Şura daxilində baş verən proseslər yenidən bu qurumu gündəmə gətirib.  Artıq dağılma mərhələsində olan Milli Şuranın perspektivsiz bir qurum olduğu orada təmsil olunan hər kəsə məlumdur. Bəs görəsən Milli Şuranın bundan sonrakı fəaliyyəti necə olacaq və qurumdaxili ziddiyyətlərin sonu nə ilə bitəcək? Bu və ya digər məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı öz münasibətini açıqlayıb. BAXCP rəsmisi "OLAYLAR"-a verdiyi müsahibədə AXCP və Müsavat Partiyası arasında mövcud olan gərginlikdən də danışıb.

-Niyaməddin bəy, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2014-cü il üçün gözləntiləri nədən ibarətdir. Bu il partiyanız üçün nə dərəcədə uğurlu olacaq?

-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 2014-cü ilə seçki hazırlığı ilə gedir. Bilirsiniz ki, bu il seçki ilidir. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Partiyanın ali orqanı olan İdarə Heyətində bununla bağlı müvafiq qurumlara tapşırıq və tövsiyyələr verilib. BAXCP Ali Məclisinin sonuncu iclasında partiyanın bütün rayon şöbələrində geniş tədbirlərin hazırlanması müzakirə edilib. Hazırda BAXCP-nin 56 rayon şöbəsi fəaliyyət göstərir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bu seçkidə böyük uğur əldə etmək istəyir. Məlumat üçün qeyd edim ki, sonuncu bələdiyyə seçkilərində BAXCP Azərbaycan üzrə 3-cü yeri tutmuşdu. Çalışacağıq ki, bütün bölgələr üzrə partiya öz namizədi ilə iştirak etsin.

-Son günlər Müsavat Partiyası ilə AXCP arasında gərginlik müşahidə edilməkdədir. Sizcə bu planlı şəkildə gündəmdə qalmağa xidmət edir, yoxsa partiyalar arasında doğurdan da gərginlik, problem mövcuddur?
 

-Musavat Partiyası ilə "Yurd" arasında münasibətlər 21 ildən artıqdır ki, gərgindir. Hamı bilir ki, Əli Kərimli İsa Qəmbərə patoloji nifrət edən adamdır. İsa Qəmbər də Əli Kərimliyə. Bu adamlar son vaxtlar "mehriban düşmən" obrazına girmişdilər. Əsəblər bundan artığına dözmədi. Baş verən hadisələr çoxdan gözlənilən idi. Milli Şura Rusiya tərəfindən Azərbaycan hakmiyyətinə, konkret olaraq prezident İlham Əliyevə qarşı təzyiq edilməsi üçün yaradılmış bir təşkilat idi. Bu qurumda təmsil olunan siyasi qüvvələr də bunu çox yaxşı bilirdilər. Həmin dövrdə onlar bilirdilər ki, seçki yolu ilə hakimiyyətə gəlmək imkanları sıfıra bərabərdir. 21 ildir ki, bu radikal müxalifət hakimiyyətə gəlmək üçün bütün imkanlarını səfərbər edirdilər və sonda seçkidən məğlub ayrılırdılar. Bu məqamdan səmərəli istifadə etmək istədilər. Və inandılar ki, bütün ruhu ilə Rusiyaya bağlı olan və birbaşa Rusiyann müəyyən dairələrinin tapşırıqlarını yerinə yetirən adamlar Azərbaycanda hakimiyyətə gətirilə bilər. Onlar bir müddət öz yaxın ətrafındakı insanları bu təbliğatla inandıra bilmişdilər. Lakin Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsindən sonra başa düşdülər ki, Moskva heç də Azərbaycanda hakimiyyət dəyişikliyi etmək niyyətində deyilmiş. Sadəcə bu qüvvələrdən səmərəli istifadə edilir. Bundan sonra qurum daxilində olan münasibətlər kəskin məcraya yönəldi. Rüstəm İbrahimbəyov qayıtmadı. İsa Qəmbər Rüstəm İbrahimbəyovun bu oyununa düşməsinin qarşılığında ondan qısasını aldı. Əli Kərimli ilə İsa Qəmbərin münasibətlərinin həddindən artıq pis olduğu hamıya məlum idi. Zaman-zaman bu adamlar öz fəaliyyətləri ilə bunu sübüt ediblər.

-Sizcə,  müxalifətin birliyinə mane olan daha çox AXCP-dir, yoxsa Müsavat Partiyası?

-Bu qüvvələr arasında heç zaman birlik olmayıb. Hələ Əbülfəz Elçibəy sağ olarkən İsa Qəmbər ona prezident seçkilərində güzəşt etmədi. Məgər Əbülfəz Elçibəyə xəyanət edən Əli Kərimliyə İsa Qəmbər inanardı?! Qətiyyən! Bütün faktlar da bunu bir daha sübut etdi. Bu biabırçılıqdır. Bilirsiniz ki, mən bir partiya rəsmisi kimi həddən artıq facebookdan aktiv istifadə edirəm. Azərbaycanda bir milyon iki yüz mindən artıq insan sosiallaşıb.

-Ancaq daha çox Müsavat Partiyası əngəlverici qüvvə kimi təqdim olunur

-Müsavat Partiyası Milli Şuradan çıxmamışdan qabaq Əli Kərimlinin təsirində olan şəxslər xususən Rauf Arifoğluna qarşı fəaliyyət göstərirdi. Hiss olnurdu ki, bu Əli Kərimlinin birbaşa tapşırığı əsasında aparılır. Yəni sistemləşmiş bir fəaliyyət var idi. Bu nifrət o həddədir ki, Əli Kərimlinin ətrafında olan adamlar Rauf Arifoğlunun yandırılmasını belə yazıb yayırdılar. Bu adamlar bolşevikdirlər. Əbülfəz Elçibəyə xəyanət edən Əli Kərimlidən bundan artıq nəsə gözləmək olar?! Əli Kərimlinin imkanı olsa Rauf Arifoğlunu dünyanın ən ağır işgəncəsi ilə qətlə yetirər...Yaxşı ki, belə bir adam hakmiyyətdə təmsil olunmur. Yoxsa Avqust Pinoçet Əli Kərimlinin yanında toya gediləsi olardı.

-Partiyalar arasında yaranan ziddiyyətlər həmin təşkilatlardan elektorat uzaqlaşmasına nə dərəcədə təsir göstərəcək? 

-Xatırlayırsınızsa indiyə kimi keçirilən bütün seçkilərdən sonra, istər president, istərsə də parlament seçkiləri olsun, Müsavatla-Yurd hər dəfə bir-birini təhqır ediblər. Əli Kərimli bunu gündəmə gətirməklə patoloji nifrət etdiyi İsa Qəmbərdən Milli Şuradan getmək qısasını alır. Əli Kərimli cəmiyyətə mesaj vermək istəyir ki, İsa Qəmbər və onun ətrafındakılar xəyanət ediblər. Bir məqama da toxunmaq istəyirəm. Bu necə müttəfiqlik idi ki, bütün günü bu partıyanın rəhbər orqanlarında təmsil olunan şəxslər sosial şəbəkədə bir -birini təhqir edirdilər, aşağlayıcı fikirlər bildirirdilər. Onların yazışmalarından da görünürdü ki, bunlar hakimiyyətlə  deyil, bir-biri ilə mübarizə aparırlar. Düşünürəm ki, 2015-ci il parlament seçkilərində 2010-cu ildə olduğu kimi radikal müxalifət parlamentdə təmsil oluna bilməyəcək. 2013-cü il seçkisi göstərdi ki, bu qüvvələr istənilən məqamda Azərbaycanın maraqlarını su qiymətinə də sata bilərlər. Mən şəxsən inanmıram ki, Azərbaycan xalqı belə bir qüvvələrin nümayəndəsinə səs verib, parlamentə seçsin.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31