“AXCP və Musavat Partiyası müxalifətin birliyinə daimi olaraq zərbə vuran qurumlardır” - MÜSAHİBƏ
Mütəllim Rəhimli: “Məhz bu partiyaların düzgün olmayan fəaliyyətinin nəticəsidir ki, müxalifət pərakəndə şəkildə fəaliyyət göstərir”
7 Yanvar 2014 15:48 Müsahibə"Birləşmə meylləri isə bu qurumların yekəxanalığı, reallığı əks etdirməyən iddiaları nəticəsində beşikdəcə məhv edilir"
Əksər siyasi partiyalar kimi Ədalət Partiyasının da yenicə qədəm qoymuş 2014-cü illə bağlı müəyyən planları, qarşısına qoyduğu məqsəd və vəzifələr var. Partiyanın qarşısında duran əsas vəzifələrin proqram və nizamnamə əsasında fəaliyyət göstərmək olduğunu deyən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-a verdiyi müsahibədə müxalifətin yeni əməkdaşlıq imkanları barədə də danışıb. Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli təmsil etdiyi partiyanın da daxil olduğu "Vətən" blokunun gələcək taleyinə də aydınlıq gətirib.
-Mütəllim bəy, 2014-cü il üçün Ədalət Partiyasının qarşısına qoyduğu əsas məqsəd və vəzifələr nədən ibarətdir?
-Ədalət Partiyası 2014-cü ildə özünün proqram və nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirməkdə davam edəcək. Bu isə ölkə daxilində demokratikləşmə prosesinə dəstək olmaq, bazar iqtisadiyyatının formalaşmasına, azad rəqabətə yol açan sistemin təşəkkülünə çalışmaq, milli mənafelərin qorunmasına töhfə verməkdir. Partiyanın Ali Məclisinin son iclasında 2014-cü ildə təşkilatlanma işlərinin sürətləndirilməsi haqqında qərar qəbul edilib. Artıq bu istiqamətdə ilkin addımlar da atılıb. Nəticədə yeni rayon təşkilatlarının formalaşdırılması sahəsində xeyli işlər görülüb. Bundan başqa ayrı-ayrı sahələrlə bağlı proqram və konsepsiyaların, qanun layihələrinin hazırlanması məqsədilə partiya daxilində beş komissiya yaradılıb. Yəqin ki, yaxın vaxtlarda bunun uğurlu nəticələri hiss ediləcək. Ümumiyyətlə, ötən il olduğu kimi bu il də ölkənin ictimai-siyasi həyatında partiyamızın daha yaxından iştirak etməsi nəzərdə tutulub.
-Konkret olaraq partiya kimi cari ildən gözləntiləriniz nədən ibarətdir?
-Məlum olduğu kimi bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Ədalət Partiyasının hədəfində həmin seçkilərdə iştirak etmək dayanır. Bunun üçün partiya olaraq ciddi şəkildə seçkilərə hazırlaşmalıyıq və artıq bu işlərə start verilib. Təbii ki, seçkiqabağı şərait və seçki qanunvericiliyi onun demokratikliyini, şəffaflığını təmin edəcəksə və iştirakçılara bərabər şərait yaradılacaqsa Ədalət Partiyası olaraq seçkilərə qoşulacağıq. Ümumiyyətlə, 2014-cü ildə maraqlı siyasi hadisələrin baş verəcəyini düşünürəm. Lakin Azərbaycanla bağlı hər hansı gözlənilməz, yaxud sürpriz hadisələrin olacağını güman etmirəm.
-Ədalət Partiyası digər partiyalarla əməkdaşlığı "Vətən" bloku çərçivəsində davam etdirəcək, yoxsa yeni əməkdaşlıq formaları mümkündür?
-"Vətən" bloku bir il, yaxud bir seçkiyə görə formalaşdırılmış blok deyil. Onun qarşısında uzunmüddətli vəzifələr qoyulub. Demək olar ki, "Vətən" bloku Azərbaycanda indiyə qədər yaradılmış siyasi birliklərdən, bloklardan fərqli bir qurumdur. Biz ümid edirik ki, 2014-cü ildə "Vətən" bloku siyasi arenada daha fəal olacaq və hadisələrə daha çox nüfuz edə biləcək.
-Bu arada Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının yenidən birgə əməkdaşlıq müzakirələrini necə dəyərləndirirsiniz? Sizcə, Milli Şurada birgə mövqedən çıxış edə bilməyən iki partiyanın bundan sonra səmimi əməkdaşlığı nə dərəcədə mümkün olacaq?
-Azərbaycan Xalq Cəbhəsi Partiyası və Musavat Partiyası müxalifətin birliyinə daimi olaraq zərbə vuran qurumlardır. Məhz bu partiyaların düzgün olmayan fəaliyyətinin nəticəsidir ki, müxalifət pərakəndə fəaliyyət göstərir. Birləşmə meylləri isə bu qurumların yekəxanalığı, reallığı əks etdirməyən iddiaları nəticəsində beşikdəcə məhv edilir. Bir sıra partiyalar isə bu oyunları görərək nifrət hisslərini gizlədə bilmir və nə qədər acı da olsa hakimiyyətlə əməkdaşlığa üstünük verirlər. Görünən odur ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Musavatın müxalifət düşərgəsini monopoliyaya almaq cəhdləri 2014-cü ildə də davam edir. Onlar hakimiyyətə qarşı deyil, bir-birinə qarşı mübarizə aparırlar. Düşünürəm ki, bu il bunun səbəbləri açılacaq.
-Sizcə, 2014-cü il Qarabağ probleminin həllində hansısa müsbət irəliləyişlə yadda qalacaqmı?
-Azərbaycan ordusu hər ötən il güclənməkdədir. Müasir texnika, silah-sursatlar imkan verir ki, torpaqlarımızı erməni təcavüzkarlarından azad edək. Bunun üçün Ali Baş Komandanın əmri lazımdır. Çünki aparılan danışıqların artıq nəticə vermədiyi göz qabağındadır. Daha vaxtın uzadılması Azərbaycana sərf etmir.
Süleyman İsmayılbəyli