Radikal müxalifət bu adı öz fəaliyyəti ilə qazanıb - Bahar Muradova

“Öz adları qulaqlarına niyə qəribə səslənir?”

"Mən hər zaman mücərrəd iqtidar-müxalifət dialoqunu qəbul etmək istəməmişəm. O mənada ki, konkret tərəflər, qurumlar, şəxslər bu və ya digər məsələ ətrafında toplaşa bilərlər. Amma heç bir konkret məsələ göstərmədən iqtidar-müxalifət dialoqu deməyin özü sadəcə bu məsələnin havada qalması deməkdir. O ki qaldı təmaslara, təmaslar hər zaman var". Bunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, bu günlərdə mətbuat və Qeyri-Hökumət Təşkilatları nümayəndələri ilə keçirilən görüşlər buna bariz nümunədir: "Dövlət siyasətinin həyata keçirilməsi, bu siyasətin ayrı-ayrı istiqamətlərində yeni mexanizm və formaların tapılması məhz  bu təmaslarin nəticəsidir. Siyasi partiyaların maliyyələşməsi ilə  bağlı qanunun qəbul olunması, belə təmas və müzakirələrin nəticəsidir. Əslində konkret məsələ ətrafında toplaşmaq da, fikir mübadiləsi də   aparmaq olar, rəy söyləmək, bir-birini dinləmək olar. Bu istənilən demokratik cəmiyyətin atributu və zamanın tələbidir. Biz hamımız bunu etməliyik və edirik". Dövlət başçısının son müşavirədəki çıxışında müxalifəti tənqid etməsi məsələsinə toxunan vitse-spiker bildirib ki, hər gün dövlət başçısı da daxil olmaqla bütün iqtidar nümayəndələrinin sağdan-soldan "atəşlərə" məruz qaldığını müşahidə edirik: "Ən müxtəlif səviyyələrdə təhqirdir də, təzyiqdir də, təhdiddir də. Lakin biz demirik ki, belə münasibət vəziyyəti dəyişir, yaxud yeni bir mərhələ yaranıb, yeni bir siyasət yürüdüləcək. Biz bunu günümüzün reallığı kimi qəbul edirik və düşünürük ki, bizim müxalifətdə və mətbuat sıralarında bəzi dairələr var ki, onlar bu cür fəaliyyəti məqbul hesab edirlər. Hətta buna da dözümlü yanaşırıq. İndi bütün bu illər ərzində cənab prezident bir dəfə konkret radikal, Azərbaycanın milli maraqlarına zidd münasibəti ilə seçilən məhdud dairələrin mövqeyi ilə bağlı ifadə etdiyi fikri sensasiyaya çevirmək istəyirlər.  Bunu Azərbaycanda hansısa yeni bir "dalğanın", "represiya dalğasınin" olacağı ilə bağlı xəbərdarlıq kimi qəbul edilir. Bu, qətiyyən belə deyil. Azərbaycan prezidenti Azərbaycan cəmiyyətinin əksər hissəsinin fikrini ifadə etdi, yeni bir şey demədi. Düşünmürəm ki, bu fikirlər indiyə qədər cəmiyyətdə səslənməyib. Bizim hər birimiz bu fikirləri səsləndirmişik və o getdikcə artıq ümumiləşmiş bir xarakter almışdı. Başqa necə adlandırmaq olar o hərəkətləri ki, Azərbaycanın  BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini şübhə altina ala biləcək bəyənatlar, fikirlər ortadadır, onu istehza, gülüş obyektinə çevirmək məqamları ortada olduqda, Azərbaycanın möhtəşəm təşkilatların tədbirlərinə ev sahibliyi etdiyi zaman bu tədbirin lazımi səviyyədə keçirilməsinə kömək, dəstək vermək, ən azı maneə olmamaq əvəzinə, ölkəni gözdən sala biləcək hərəkətlərə rəvac verən insanlara nə ad vermək olar? Cənab prezident məhz həmin adı səsləndirib. Hesab edirən ki, prezidentin mövqeyində hansısa bir şübhə doğura biləcək məqam yoxdur və  Azərbaycan xalqının mütləq əksəriyyəti bu mövqeni dəstəkləyir. Düşünür ki, doğrudan da bəzi fəaliyyəti Azərbaycan dövləti və xalqının mənafeyinə ziyan törədən insanların fəaliyyətinin adı belədir. Bundan niyə çəkinirlər, niyə narahat olurlar, öz adları qulaqlarına niyə qəribə səslənir?" Onun fikrincə, radikal müxalifət bu adı öz fəaliyyəti ilə əldə edib: "Mən bunu bütün müxalifət düşərgəsinə deyil, konkret məhdud dairəyə aid edirəm. Heç kimi də bir çətir altına toplamaq niyyətində deyiləm. Bizim parlamentdə təmsil olunan müxalifətlə təmaslarımız var. Biz bütün məsələlərə bərabər şəkildə münasibət bildiririk. Bu partiya nümayəndələrinə hansısa məhduduyyətlər qoyulmur, daha çox danışan,   tənqid edən, fikir bildirən onlardır. Ona görə düşünürəm ki, fəaliyyətin hansı növünü məqbul hesab edirsənsə, orada da qayda və qanunlara əməl etməlisən. Öz ünvanına kəskin fikir eşitmək istəmirsənsə, özün də bu fikri işlətmə. Azərbaycanın legitim dövlət qurumları və onların fəaliyyətini daim şübhə altına alan, daimi onları gözdən salmağa yönəlik fəaliyyət göstərən insanlar özlərinə qarşı niyə belə yüksək diqqət və hörmət gözləyirlər?  Əslinə qalsa, Azərbaycan cəmiyyəti və dövləti həddindən artıq bu insanların fəaliyyətinə dözümlü yanaşır. Onlar da Azərbaycan haqqında düşünməsələr də, ən azı öz imicləri haqqında düşünməlidirlər. Düşünməlidirlər ki, belə fəaliyyət onlara nə verib, siyasi uğurmi verib, hədəflərə yetməkmi verib, Azərbaycana hörmət və ehtirammı verib. Əgər tənqid edirsənsə tənqidə də dözümlü olmalısan".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31