“Ərdoğana qarşı sürpriz ad ortaya çıxacaq” - MÜSAHİBƏ

Elçin Mirzəbəyli: “Gülün kimin tərəfini saxlayacağı məsələsini əvvəlcədən proqnozlaşdırmaq çətindir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Türkiyədə baş verən proseslərə münasibət bildirdi.

- Elçin bəy, 10 nazirin istefaya göndərilməsindən sonra AKP-nin parlamentdəki 3 deputatı istefa verdi. Hesab etmirsinizmi, bu hakim partiyanın dağılmasının başlanğıcıdır?

- Türkiyədə baş verən son hadisələrdən əvvəl də AKP-nin nüfuzuna ciddi şəkildə zərbə dəyib. Ədalət və İnkişaf Partiyasının yürütdüyü siyasət nəticə etibarilə, həm Türkiyə daxilində ziddiyyətlərin yaranması və dərinləşməsinə səbəb olub, həm də Cumhuriyyətin beynəlxalq nüfuzunu zərbə altında saxlayıb. Əhməd Davudoğlunun başladığı qonşu dövlətlərlə sıfır problem siyasəti sonda Türkiyənin qonşu dövlətlərilə problemlərin yaranmasına gətirib çıxardı. AKP hökumətinin verdiyi vədlərin heç birisi yerinə yetirilmədi. Türkiyənin mənzərəsi dəyişib. Sivil cəmiyyəti olan Türkiyə, əsasən də Avropa mədəniyyətinin beşiyi hesab olunan İstanbul az qala bu gün Səudiyyə Ərəbistanının şəhərlərinə oxşayır. Təbii ki, bütün bunların hamısı yerli ictimaiyyət tərəfindən qəbul olunmur. Dini dəyərlərdən, insanların hisslərindən istifadə edərək siyasət yürütmək heç bir siyasi partiyaya, həmçinin də AKP-yə uğur gətirmədi. AKP daxilində baş verənlərdə müxtəlif ziddiyyətlər axtarmaq olar. "Gülən camaatı" və AKP arasında yaranmış ixtilafın sirrini müəyyən yollarla açmaq mümkündür. Məsələnin digər tərəfindən yanaşanda Ərdoğan hakimiyyətə "Gülən camaat"ının koalisiyası ilə gəlib. Əgər "Gülən camaat"ı indi iddia olunduğu kimi pis idisə və xaricdən idarə olunursa, onda məsələdən belə məntiq çıxır ki, R.T.Ərdoğan hakimiyyətə gəlmək üçün xaricdən idarə olunmağa icazə verib. Həmin koalisiyanın məsuliyyətini də Ərdoğan daşıyırdı. Qənaətimə görə, Türkiyə cəmiyyəti Ədalət və İnkişaf Partiyasının yürütdüyü siyasətdən yorulublar. İnsanlar ziddiyyətlərin daha da dərinləşdiyini görürlər. "Açılım siyasəti"nin mahiyyətinin də dəyişdiyinə şahidlik edirlər. Açılımlardan məlum olur ki, Ərdoğanın əsas niyyəti Türkiyədə AKP hökumətinin qurulmasına nail olmaq olub. Bu isə heç də Türkiyə cəmiyyəti daxilində demokratikləşmə siyasətinin aparılmasına xidmət etmir. AKP ideoloji partiya deyil. Quruma müxtəlif qütblərdən olan insanlar cəlb olunublar. Hətta vaxtilə Ərdoğan "Gülən camaatı" ilə də koalisiyaya girib. AKP-də təmsil olunan "Gülən camaatı"nın üzvləri kifayət qədər çoxdur. İdeoloji partiya olmadığı üçün AKP-nin qısa dalğadan parçalanacağı gözlənilən idi.

- Türkiyədə keçiriləcək parlament seçilərində R.T.Ərdoğana qarşı sürpriz alternativ adın çıxması mümkündürmü? Hansı ki, həmin ad gizli olaraq, "Gülən camaatı" tərəfindən dəstəklənir?

- AKP daxilindən Ərdoğana qarşı hazırlanmış sürpriz adın seçkilər ərəfəsində ortaya çıxması o qədər də inandırıcı deyil. Türkiyə siyasətində kifayət qədər güclü ənənəvi partiyalar var. AKP-nin əsas rəqibləri MHP cə CHP-dir. Amma hər iki partiyanın ciddi şəkildə lider problemi var. MHP də fundamental dəyişikliyin olacağı inandırıcı deyil. Bəlkə də MHP-nin rəhbərliyinə başqa adın gətirilməsi mümkündür. Yeni bir təşkilatın, koalisiyanın formalaşması və yaranması da gözləniləndir. Sürpriz adın ortaya çıxmasını da gözləmək mümkündür. Amma bunun bilavasitə Fətullah Gülən tərəfindən ortaya atılacağı gözlənilən deyil. Gülənin Türkiyə daxilində müəyyən qədər təsiri var, amma bu ölkədə ictimai rəyi formalaşdıracaq qədər güclü deyil. İnsanlar bəzən hadisələri həddindən artıq şişirdirlər. Çünki Türkiyədə bu cərəyanın ardıcıllarının sayı o qədər də çox deyil. Doğrudur, onların əllərində kifayət qədər resurslar var. Həmin resurslar da 2-3% təşkil edir. Media daxilində "Gülən camaatı"nın təsir imkanları güclü deyil. Əvvəllər bu daha çox idi. Ona görə də camaat proseslərdə fundamental rol oynaya bilməyəcək. Bu gün onların məhdud imkanlarını yüksək səviyyədə şişirtmək nə Türkiyə, nə də ki, türk dünyasının maraqlarına uyğun deyil.

- Prezident Abdullah Gülün AKP və "Gülən camaatı" arasında yaşanan gərginliklərdə sonda hansı qütbün tərəfində dayanacağı sual doğuran məqamlardan birdir. Bu barədə nə deyə bilərdiniz?

-  Gülün kimin tərəfini saxlayacağı məsələsini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Sonrası da ki, Abdulla Gül prezidentdir. Dövlət başçısından tələb edilən normalar var. Bir müddət əvvəl Abdulla Gül və Ərdoğan arasında yaranmış ziddiyyətlər son zamanlarda baş verən proseslərlə əlaqədardır. Birinci növbədə konstitusion məsələlərdən qaynaqlanır. Digər tərəfdən Ərdoğan və Gül tamam ayrı ideoloji platformanın nümayəndələridir. Gülün siyasi həyatından azacıq da olsa, milli düşüncənin daşıyıcısı olan insanlar keçib. Ərdoğan isə milliyətçi düşüncədən tamam uzaq, türk milli şüruna aid olmayan, ümmətçi insandır. Onların baxışlarında birmənalı şəkildə ideoloji xətlər olub. Bunun müqabilində sonda Abdullah Gülün "Gülən camaatı"nı dəstəkləyəcəyini demək sadəlövhlükdür. Camaat bayaq dediyim ki, təqdim olunduğu qədər böyük nüfuza malik olan qurum deyil. Əslində bu qurumu o cür təqdim edənlər, "Gülən camaatı"nın tərəfdarlarıdır ki, qəsdən onun mövqelərini şişirdirlər. Doğrudur, təşkilat Türkiyə və bir çox ölkələrdə hakimiyyətlərə nüfuz edə bilib. Amma bu proseslərin istiqamətini və Türkiyənin tlaeyini dəyişəcək imkanlar deyil.

Mənsur Rəğbətoğlu  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31