“Milli Şura bir daha yalançı demokratik görüntü yaratmaq funksiyasını yerinə yetirdi” - MÜSAHİBƏ

Əhməd Oruc: “Daxili ziddiyyətlər içərisində boğulan bir təşkilatın çağırdığı aksiyaya kim gələrdi?”

Prezident seçkilərindən sonra passiv fəliyyətini davam etdirən və daha çox daxili çəkişmələrlə yadda qalan Milli Şura keçən həftə sonu bu passivliyi aradan qaldırmağa cəhd göstərdi. Ukraynada keçirilən kütləvi aksiyalardan ruhlanan Azərbaycan müxalifətinin Milli Şura adlanan qanadı paytaxtda mitinq təşkil etdi. Gözlənildiyi kimi Milli Şuranın dekabrın 15-də təşkil etdiyi aksiyaya xeyli az adam toplandı. Cəmyyət hətta üzləşdiyi sosial problemlərin həlli istiqamətində müxalifətlə bir sırada getmək istəmədiyini ortaya qoydu. Bəs görəsən Milli Şuranın növbəti uğursuzluğunun başlıca səbəbi nə idi? Cəmiyyət hansı səbəbdən Milli Şuranın mitinqinə dəstək nümayiş etdirmədi? Azadlıq Partiyasının sədri Əhməd Oruc "OLAYLAR"-a verdiyi müsahibədə bütün bunlara aydınlıq gətirib. Partiya sədri deyib ki, daxili ziddiyyətlər içərisində boğulan bir quruma ictimaiyyətin dəstək verməməsi təbiidir. Əhməd Oruc eks-spikerin yeni partiya yaratmaq arzusuna da toxunub.

-Əhməd bəy, Ukraynada bir müddətdir davam edən kütləvi aksiyalardan ruhlanan Azərbaycan müxalifətinin Milli Şura adlı qanadı həftə sonu qiymət artımına etiraz adı altında növbəti mitinqini keçirdi. Ancaq gözlənildiyi kimi aksiyaya çox az sayda adam qatıldı. Bunu nə ilə əlaqələndirərdiniz?

-Bu gün əhalini aksiyaya, qiymət artımına qarşı dirənişə səsləyən qurumun özü daxili ziddiyyətlər içərisində çabalayır. Onların özlərinin mövqeyi aydın, birmənalı deyil. Milli Şurada təmsil olunan partiya və şəxslərin biri-birinə olan münasibəti ictimai rəydə həmin qurum haqqında mənfi rəy yaradıb. Daxili ziddiyyətlər içərisində boğulan bir təşkilatın çağırdığı aksiyaya kim gələrdi? Bu əvvəlcədən bəlli idi. Digər tərəfdən bu aksiya hakimiyyətə də lazım idi. Yəni, bununla belə bir rəy yarandı ki, ölkədə qiymət artımına qarşı etiraz edən kütlə yoxdur. Bununla Milli Şura bir daha yalançı, demokratik görüntü yaratmaq funksiyasını yerinə yetirdi.

-Bu arada ölkədə yeni bir siyasi partiyanın yaradılacağı bildirilir. Məlumata görə, yeni partiyanın yaradılması ideyası eks-spiker Rəsul Quliyevə məxsusdur. Sizcə, partiya bolluğunun mövcud olduğu Azərbaycanda yeni bir siyasi qüvvənin yaradılmasına ehtiyac varmı və bu nə dərəcədə uğurlu addımdır?

-Son iki-üç il ərzində eks-spiker Rəsul Quliyev intensiv şəkildə ideya ixrac edir. Gah ölkədə 30 min nəfərin iştirakı ilə aksiyanın keçirilməsini təklif etdi, gah müxalifətin öz ətrafında birləşməsini gündəmə gətirdi, İddia etdi ki, belə bir vəziyyət baş verərsə hakimiyyət daxildən parçalanacaq. Sonradan isə Azərbaycanın xilasının yolunu Milli Şura və onun keçmiş sədri Rüstəm İbrahimbəyovda gördü. Bir müddət keçdikdən sonra isə Rüstəm İbrahimbəyovu lağa qoymağa başladı. İndi də bildirilir ki, Yeni Nəfəs və ya Yeni Arzu adlı birlik yaratmaq istəyirlər. Düzdür, bu xəbəri onun dilindən eşitməsəm də, hər halda belə bir məlumat yayılıb. Adı çəkilən siyasi qurum yaranacağı təqdirdə belə onun hansısa uğur qazanacağına inanmıram və qeyri-ciddi hesab edirəm. Çünki sabiq səhiyyə naziri Əli İnsanovun da həmin qurumda təmsil olunacağı bildirilir. Birincisi, Əli İnsanov hələ də həbsdədir və onun hansısa formada yeni siyasi təşkilatın yaradılması prosesində iştirakı mümkünsüzdür. İkincisi, son vaxtlar Rəsul Quliyevin ideyaları bir uğursuzluq simvoluna çevrilib. Başqa bir məqam sosial bazanın olmamasıdır. Azərbaycanda heç kim onların istədiyi sifarişə uyğun şəkildə rəqs etmək istəmir. Ümumiyyətlə, Azərbaycanda bu gün partiya, xırda birlik yaratmaq dəbdən düşüb. Hamı birbaşa hərəkat yaradır. Üzeyir Hacıbəyovun məşhur felyetonunda olduğu kimi hamı birbaşa fil yaratmaq istəyir. Sonda isə fil əvəzinə siçan alınır. Onu isə hansısa bir pişik yeyir. Düşünürəm ki, gündəmə gələn yeni ideya da fil arzusu ilə siçan yaratmaq kimi bir şey olacaq.

-Qarşıdakı ildə Azərbaycan müxalifətini nə gözləyir? Sizcə növbəti il də müxalifət üçün uğursuz olacaq?

-Bu gün bizim partiyanın da iştirak etdiyi müəyyən müzakirələr gedir. Bəzi təkliflər gündəmdədir. Burada birliklər yaratmaq, nəticə verən uzunmüddətli konfiqurasiyalar qurmaq haqda məsləhətləşmələr, intelektual araşdırmalar gedir. Növbəti uğursuzluqdan sonra Azərbaycan müxalifətinin yenidən təşəkkülü, hansısa bir formada toparlanması tam məntiqli bir yanaşmadır. Ancaq hələlik mətbuata açıqlanası informasiyalar yoxdur. Ona görə də hansısa məlumat verməyə çətinlik çəkirəm.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31