“Facebookda adıma saxta profillər açıb Əli Kərimlinin ailəsini təhqir edirlər” - MÜSAHİBƏ

Elman Türkoğlu: “AXCP sədri küçədən keçən adamların hamısını İctimai Palata və Milli Şuraya yığmışdı”

AXCP və Müsavat Partiyası arasında təzyiq şkalanın yuxarısına doğru qalxır. Müxalifətin ana partiyaları arasındakı "soyuq müharibə" paralel xətləri qırır. Artıq gərginlik partiya liderlərini oturduğu yerdən qaldırır. Siyasi analitiklərə görə, partiyaların parçalanması ehtimalı sıfırın üstündədir. Kim zəhərli iksirin qaynaması üçün körüyü xəlvətcə basır? Problemlər harada qaynadılır? Məsələnin dərinə kök atması üçün quyunu dərin qazan müqəssir kimdir? Kim uşaq vaxtı məktəbdə sinəsinə döyüb "evcik-evcik" oyunun hamından yaxşı bildiyini deyib? Kim "Facebook"da saxta profillər açaraq Mark Zükerberqin üzünə gündə 12 dəfə sillə atır, özünü Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin mənəvi varisi hesab edən Müsavat Partiyasına edilən hücumlar və digər məsələlərə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Elman Türkoğlu aydınlıq gətirdi. Diqqətiniz Milli Bayraqdara, oxuyaq:

"Müsavat Partiyasına AXCP tərəfindən edilən hücumların arxasında partiya sədri Əli Kərimli dayanır:

- Müxalifət daxilində yaranmış qarışıqlıq da Ə.Kərimlinin adı ilə bağlıdır. Milli Şura yarananda AXCP sədri deyirdi ki, Rüstəm İbrahimbəyov əsil Azərbaycan ziyalısıdır, qurumun vahid namizədi o olacaq, seçkilərə də onunla gedəcəyik. Milli Şura hazır olandan sonra cəbhəçilər sürətlə İctimai Palatadan Milli Şuraya axışmağa başladılar. Bundan sonra da Əli Kərimli və adamları R.İbrahimbəyova qarşı hücuma keçdilər. Qurum daxilində gərginlik də Əli Kərimlidən başladı. Mən isə bildirirdim ki, Milli Şura Rusiyanın oyunudur, ondan imtina etmək və qurumu dağıtmaq lazımdır. İP-də olduğu kimi MŞ-da da hərə öz namizədliyini irəli sürməyə başladı. Bütün partiyalar öz sədrlərini namizəd kimi göstərməyə çalışdılar. Quruma daxil olan qüvvələrin əksəriyyəti Rüstəm İbrahimbəyovdan istifadə edirdilər. Lakin heç nə alınmadı. Çünki bir müxalifətdə ki, Əli Kərimli kimi adam iştirak edir, o heç vaxt dirilə bilməyəcək. Azərbaycan müxalifəti AXCP sədrini ortalıqdan süpürəndən sonra bəlkə də dirçələ bildi. MŞ ikili vətəndaşlığının olduğunu bilə-bilə R.İbrahimbəyovu qurumun vahid namizədi seçmək istədi. Problem yenə də AXCP adı altında birləşmiş "yurdçular"dan qaynaqlanırdı. Əli Kərimli isə qəsdən yalançı vədlərlə narazı elektoratı aldadırdı. Əli Kərimli iddia edirdi ki, R.İbrahimbəyov Azərbaycana qayıdandan sonra müxalifət iqtidara keçəcək. Lakin mən deyirdim ki, gələ bilməyəcək. Çünki Əli Kərimli tamam başqa oyun oynayırdı. R.İbrahimbəyov Azərbaycana qayıtmağın mümkünsüz olduğunu biləndən sonra bəyanat verdi ki, Milli Şuranın vahid namizədliyinə ən layiqli adlar Mirmahmud Mirəlioğlu, Lalə Şövkət və İsa Qəmbərdir. İbrahimbəyov Əli Kərimlinin adını çəkmədi. Ona görə də AXCP MŞ sədrinin çəkdiyi adları təhrif etdilər və müxalifət liderlərini təhqir yolunu seçdi. Təhqir ssenarisinin müəllifi Əli Kərimli idi. AXCP funksionerləri mənə dedilər ki, R.İbrahimbəyov "dahi" Əli bəyin adını çəkmədiyi üçün onu təhqir edirlər. Cəbhəçilər sosial şəbəkələrdə saxta profillər açaraq müxalifətə qarşı təbiğat aparırdılar. Həmin kampaniyaya Əbülfəz Qurbanlı və Əli Kərimli başçılıq edirdilər.

"R.İbrahimbəyov namizədliyi pozulandan sonra Cəmil Həsənli Müsavatın Qərargahında MŞ-ın keçirilən ssesiyasında bildirdi ki:

- O bu işin altına girə bilməyəcək, geri çəkildi. Lakin Əli Kərimlinin tapşırıqlarından sonra Cəmil Həsənli təkifləri qəbul etdi. Çünki professor AXCP-ın üzvüdür. C.Həsənli bacarmadığı işin altına məcburən girdi. Bütün oyunlar İsa Qəmbər və Mirmahmud Mirəlioğlunun MŞ-ın vahid namizədi olmasını əngəlləməyə hesablanmışdı. Məsələni başa düşən Abbas Abbasov və Milyarderlər İttifaqı Milli Şura layihəsindən əl çəkdilər. Müəyyən müddət MŞ və Rusiya arasında siyasi oyunlar getdi. MŞ məsələsini də Əli Kərimli və Milyarderlər İttifaqı pozdular. Əli Kərimlinin mənfəətləri üçün işləmədiyi qurum və xarici dövlət yoxdur. İsa Qəmbər hər şeyi gec başa düşdü. Artıq başqan hər şeyi görəndə karvan uzaqlaşırdı. Plan vardı ki, İctimai Palata partiya olsun, İsa Qəmbər isə onun sədri seçilsin. Lakin Əli Kərimli məsələdə adının hallanmadığı üçün işi pozdu. Əli Kərimlinin bir nömrəli vəzifəsi Müsavat Partiyasını dağıtmaqdır. AXCP 15 yerə parçalandığı üçün Müsavatı da bir neçə yerə dağıtmaq istəyirlər. Neçə dəfə İsa Qəmbərə dedim ki, heç vaxt AXCP ilə Müsavatı birləşdirmə. Əli Kərimli də bildirdi ki, biz Müsavatla birləşmək istəyirik. İsa Qəmbər isə açıq şəkildə dedi ki, Müsavat AXCP ilə birləşmək niyyətində deyil. Çünki başqan başa düşürdü ki, Əli Kərimlinin niyyəti yaranacaq super-partiyanın sədri C.Həsənlini təyin etmək və İsa Qəmbəri ortadan kənarlaşdırmaqdır. Plan alınmadığı üçün Əli Kərimli Cəmil Həsənlini MŞ sədri qoymaq istədi. Əli Kərimli müxalifətin başında qoz sındırır. Ona görə də Milli Şuranın keçirdiyi mitinqlərə insanlar gəlmək istəmir. "Yurd"çular mitinqlərə adam cəlb etmək üçün insanlara 20 manatdan pul verirdilər. Lakin bunun müqabilində də insanlar onlardan iyrənərək mitinqlərə getməkdən boyun qaçırırdılar:

"Çünki insanlar oynanılan bütün iyrənc oyunlardan xəbərdardır:

- Milli Şuranın 20-ci Sahədə keçirilən mitinqində müəyyən qədər insan gəlmişdisə, Cəmil Həsənli qurumun vahid namizədi olandan sonra "Məhsul" stadionunda keçirilən mitinqə heç kəs gəlmədi. Çünki millət başa düşürdü ki, müxalifət daxilində gedən çirkin oyunlara aldanmaq olmaz. Çünki Əli Kərimli küçədən keçən adamların hamısını İctimai Palata və Milli Şuraya yığmışdı. Bu gün də Milli Şurada 75-80% üzv AXCP sədrini dəstəkləyir. Əli Kərimli R.İbrahimbəyov MŞ sədrliyindən gedəndən sonra iddia qaldırdı ki, məsələ səsə qoyulsun və 43 səs toplayan şəxs qurumun rəhbəri təyin olunsun. Ə.Kərimli bilirdi ki, Milli Şurada təmsil olunan insanların əksəriyyəti C.Həsənliyə səs verəcək. Çünki müxalifətə adi olmayan insanlar əvvəlcədən AXCP sədri tərəfindən MŞ-a yerləşdirilmişdi. Bu gün də İctimai Palatada oynanılan çirkin oyun Milli Şurada davam etdirilir. Əli Kərimli xidmət etdiyi qüvvələrdən pulunu alıb, öz oyununu oynayır. Müsavat Partiyasını da parçalanmaya doğru aparırır. Planını həyata keçirmək üçün Ə.Kərimli müxtəlif yollarla İsa Qəmbəri təhqir etdirir. Cəbhəçilər iddia edirdilər ki, 15 günə kimi hakimiyyətə gələcəyik və Azərbaycanda "Ərəb baharı" olacaq. Mən isə dedim ki, heç nə olmayacaq. Düz demişdim. Həqiqətən də heç nə olmadı. Çünki Azərbaycanda müxalifət yoxdur. Müxalif partiyaların çoxu ayrı-ayrı qurumlara işləyir. Ölkədə dəfələrlə Azərbaycanın milli maraqlarına qarşı çıxan, İranı dəstəkləyən yeganə partiya AXCP-dir. Çünki qurum İran tərəfindən maliyyələşdirilir. AXCP sədrinin 5 milyard dollar şəxsi büdcəsi var. Haradan alır? Cavab: - Gecə-gündüz işlədiyi qüvvələrdən. Göydə mələklər də bilir ki, bu şəxs Əbülfəz Elçibəyin öldürülməsinin ssenarisini hazırlayan adamdır. AXCP sədri oynadığı oyunlara görə Bakı və ətraf yerlərdə özü üçün obyektlər açdırıb. Onun əsas məqsədi 2015-ci ildə parlamentdə deputat mandatı qazanmaqdır. Amma bunu əldə edə bilməyəcək. Çünki onu hamı yaxşı tanıyır. Bu cür çıxışlarıma görə, Əli Kərimli məni asdırmaq istəyir. Hətta mənim adımdan "Facebook"da saxta profillər açaraq Əli Kərimlinin ailəsini təhqir edirlər. Bunu mən etmirəm, çünki mənim xarakterimdə kiminsə şəxsiyyətini alçaltmaq xassəsi yoxdur. Əli Kərimli partiya və "Azadlıq" qəzeti üçün ayrılan maddi vəsaitlərin hamısını mənimsəyir. Yalnız Müsavat, KXCP, ALP, ACP və ADP əsl müxalifət patiyalarıdır. Əli Kərimlini isə Azərbaycan müxalifətindən silib kənara atmaq lazımdır.

Mənsur

P.S: Əli bəy, acı olsa da bunu deməliyik, komanda hesab edir ki, ən zəif bənd sizsiniz. Xudahafiz!!! Bu sadəcə bir oyundur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31