“Azərbaycanda “ehtiyat müxalifət” formalaşıb” - MÜSAHİBƏ
Mayis Güləliyev: “Bu müxalifətə xas olan xususiyyət ondan ibarətdir ki, onlar heç vaxt birləşmirlər və digər müxalifət qüvvələrini zəiflətməyə çalışırlar”
3 Dekabr 2013 14:27 Müsahibə"Onlar birləşər və güclü olarlarsa, ABŞ-ın nəzarətindən çıxa bilərlər"
2013-cü ilin prezident seçkilərindən məğlub ayrılan siyasi qüvvələrdən biri də "VƏTƏN" Siyasi Bloku oldu. Seçkilərdə namizədi, Ədalət Partiyasının sədri İlyas İsmayılovun məğlubiyyətindən sonra blokun buraxılacağı bildirilirdi. Ancaq hələlik "VƏTƏN" Siyasi Bloku öz fəaliyyətini davam etdirməkdədir. Blokun bundan sonrakı fəaliyyəti, qarşısına qoyduğu hədəflər, eləcə də mövcud ictimai-siyasi vəziyyətə aydınlıq gətirmək üçün adıçəkilən qurumun icraçı katibi, Azərbaycan Yaşıllar Partiyasının sabiq həmsədri Mayis Güləliyevlə söhbətləşdik.
-Mayis bəy, başa vurduğumuz 2013-cü ili Azərbaycan müxalifəti üçün necə xarakterizə edərdiniz. Sizcə, bu il də müxalifət üçün uğursuz olmadımı?
-Azərbaycan müxalifətinin nəinki 2013-cü ildəki durumu, hətta 2002-ci ildən 2023-cü ilə qədər proqnozlaşdırılan durumu haqqında mən hələ 2002-ci ildə və sonrakı illərdə dəfələrlə demişəm. Qısa xülasə ondan ibarətdir ki, Azərbaycan kimi kiçik, lakin zəngin ölkələrdə müxalifətin durumu ölkədəki vəziyyətdən asılı olmur. Belə ölkələrdə həm ictimai-siyasi vəziyyət, həm hakimiyyətin və xalqın, eyni zamanda müxalifətin durumu maraqlı tərəflərin siyasətindən asılı olur. Yəni bütövlükdə ölkənin durumu sistem şəkilində öyrənilməlidir. Kiçik ölkələrin siyasəti yalnız özünü müdafiə xarakterli olur. Belə ölkələrdə ABŞ-ın siyasətini müdafiə edən və istənilən vaxt hakimiyyətə təzyiq kimi istifadə oluna bilən müxalifət formalaşdırılır. Bu müxalifət "ehtiyatda dayanan" və hakimiyyətə "təzyiq edə bilən" müxalifət kimi formalaşır. Əgər hakimiyyət ABŞ-ın dediklərini yerinə yetirirsə bu müxalifət sadəcə "gözləmə" mövqeyində dayanır və maliyyələşir. Beləliklə, Azərbaycanda da belə "ehtiyat müxalifət" formalaşıb. Bu müxalifətə xas olan xususiyyət ondan ibarətdir ki, onlar heç vaxt birləşmirlər və digər müxalifət qüvvələrini zəiflətməyə çalışırlar. Yəni onlar birləşər və güclü olarlarsa, ABŞ-ın nəzarətindən çıxa bilərlər. Nə qədər yaxşı "gözətçi it" rolunu oynasalar da həmişə "zəncirdə saxlanılırlar".
- Yaşıllar Partiyasının növbəti ildə qarşısına qoyduğu hədəflər, vəzifələr nədən ibarət olacaq? Partiya qarşıdan gələn növbəti il üçün hədəflərini müəyyənləşdiribmi?
- Yaşıllar Partiyası 2006-cı ilin dekabr ayında təsis edilib. 2008-ci ildə Avropa Yaşıllar Partiyasına məşvərətçı səs hüquqlu üzv, 2012-ci ildə isə assosiativ üzv seçilib. Partiya 2008-ci ildə prezident seçkilərində öz namizədi ilə, 2013-cü ildə isə "VƏTƏN" blokunun tərkibində prezident seçkilərində iştirak edib. 2013-cü ildə Ədalət Partiyası və İslam Partiyası ilə "VƏTƏN" siyasi blokunu formalaşdırıb. Yaşıllar Partiyası artıq Azərbaycan siyasi arenasında öz yeri olan partiyadır. Hadisələrə öz baxışı, öz siyasi taktikası və uzun müddət üçün hazırladığı strategiyası olan partiyadır. Yaşıllar Partiyasının Gürcüstan Yaşıllar Partiyası ilə, Rusiya Yaşıl-Alyans Xalq Partiyası ilə, Avropanın bir çox ölkələrinin "yaşıl" partiyaları ilə sıx əlaqəsi var. Bunları nəzərə alaraq noyabr ayında mən Yaşıllar Partiyasının həmsədrliyindən istefa verdim ki, partiyaya yeni qüvvələr cəlb edilsin. Bu istefa ilə mən Azərbaycan siyasətində presedent yaratmağa çalışdım ki, partiya sədrləri 20 il öz postlarını tutub dayanmasınlar. Hakimiyyətdən demokratik idarəetmə tələb edən müxalifət heç olmazsa öz partiyasında demokratik ab-hava yarada bilmirsə, hakimiyyətə gələndə bunu nece yaradacaq? Azərbaycan yaşıllarının həmsədrlərinin kim olmasından asılı olmayaraq Yaşıllar Partiyasının hədəfləri, məqsədi və mübarizə taktikası dəyişməyəcək. Çünki sadaladıqlarım təkcə Azərbaycan yaşıllarının xarakteri ilə bağlı deyil, həm də Avropa yaşıllarının tələbidir. Yəni Avropa Yaşıllar Partiyası ailəsinə daxil olan Azərbaycan Yaşıllar Partiyası bütün yaşıllar üçün xarakterik olan siyasəti davam etdirəcək.
-Partiya olaraq bələdiyyə və parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü və iştirak edəcəyiniz təqdirdə seçkilərə blok şəklində gedə bilərsinizmi?
- Yaşıllar Partiyası "VƏTƏN" siyasi blokunun üzvü kimi Azərbaycanın istimai və siyasi həyatında bundan sonra da yaxından iştirak edəcək. "VƏTƏN" siyasi blokunun 5 il üçün strateji planı artıq hazırdır. Hər üç partiya, yəni Ədalət Partiyası, İslam Partiyası və Yaşıllar Partiyası bu strateji plana uyğun olaraq birgə fəaliyyət göstərəcəklər. Hər üç partiyanın yekdil razılığı ilə mən "VƏTƏN" blokunun icraçı katibi seçilmişəm. Blokun icra aparatı artıq hazırdır. Növbəti beş il üçün nəzərdə tutulan fəaliyyət planında həm 2014-cü il bələdiyyə, 2015-ci il parlament, həm də 2018-ci il prezident seçkilərində fəal iştirak nəzərdə tutulub.
-Hər seçkidən sonra cəmiyyətin yeni siyasi qüvvələrə, müxalifətə ehtiyacı olduğu bildirilir. Lakin müxalif düşərgədə yeni qüvvələrin ortaya çıxması qeyri-mümkün olur. Sizcə bunun başlıca səbəbi nədir?
-Mən artlıq qeyd etdim ki, Azərbaycan müxalifətinin xüsusiyyətləri tam şəkildə elmi əsaslarla qurulub. Azərbaycanda yeni müxalifətin ortaya çıxmasında xalqdan başqa marağı olan heç kəs və heç bir qrup yoxdur. Bugünkü "idarəolunan" müxalifət, onu yaradan, onu maliyyələşdirən, onu "monopolist müxalifət" kimi qoruyan ABŞ-a tamamilə sərf edir. Bu həm də Azərbaycan hakimiyyətinə sərf edir. Çünki Azərbaycan hakimiyyəti çox gözəl bilir ki, bu "idarəolunan" müxalifəti kim "bəsləyir" və onlarla necə rəftar etmək lazımdır. Odur ki, yeni qüvvələrin gəlməsində xalqdan başqa maraqlı olanlar yoxdur. Adətən yeni qüvvələrin ortaya çıxmasına ən çox qısqanclıq edənlər "monopolist müxalifət" olur. Bir qədər araşdırma aparsaq görərik ki, müxalifət düşərgəsinin nəzarətində olan kütləvi informasiya vasitələrində "VƏTƏN" bloku haqda nə qədər məlumatlar gedib? Onlar hər şeydən yazırlar, amma yeni qüvvə kimi ortaya çıxan "VƏTƏN" bloku haqqında heç nə yazmırlar! Bu təsadüfdürmü? Xeyr! Bütün bunlar hamısı tamamilə məntiqlidir və qeyd etdiyim prosesin nəticəsidir.
Süleyman İsmayılbəyli