“Fəaliyyət istiqamətlərinin əsaslarını türk xalqları və diaspora təşkilatları ilə əməkdaşlıq təşkil edir” - MÜSAHİBƏ

İlham İsmayılov: “Türk birliyi ideyası artıq utopiya və xəyal deyil, reallaşmaq mərhələsindədir”

"Vahid iqtisadi məkanın yaranması Türk Birliyini reallaşdıran əsaslardan biri olacaq"

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, zəngin tarixi-mədəni irsimizin təbliği, eləcə də diasporun inkişafı sahəsində uğurlu fəaliyyət göstərən təşkilatlardan biri də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzidir. Fəaliyyət göstərdiyi 6 il ərzində qeyd edilən istiqamətlərdə bir sıra layihələr həyata keçirən, tədbirlər təşkil edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin bundan sonrakı dövrdə atacağı addımlar da sözügedən sahələrin inkişafına töhfə verməyə hesablanıb. Başa vurmaqda olduğumuz 2013-cü ildə  fəaliyyətə başlamasının 6 ilini qeyd edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi qarşıdan gələn növbəti il üçün də ölkəmizin Azərbaycandan kənarda  təbliği istiqamətində bir sıra addımlar atmağı nəzərdə tutub. Fəaliyyətə başlamasının 6 illiyi ərəfəsində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovla rəhbərlik etdiyi qurumun ötən dövrdə gördüyü işlər, həyata keçirdiyi layihələr və qarşıda duran yeni vəzifələr barədə söhbətləşdik. ATXƏM sədri bir müddət əvvəl Azərbaycanda səfərdə olan Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu ilə rəhbərlik etdiyi qurum arasında imzalanmış əməkdaşlıq memorandumu və həmin memorandum çərçivəsində atılacaq addımlar, görüləcək işlər barədə də danışıb.

-İlham müəllim, başa vurmaqda olduğumuz 2013-cü il Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin həyatında nə ilə yadda qaldı?

-Məlumat üçün qeyd edim ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərdiyi müddətdə milli maraqlarımıza, eləcə də türkçülüyə xidmət edən yüzlərlə layihə həyata keçirib ki, həmin layihələrin bir qismini xarici ölkələrdə həyata keçirilən beynəlxalq tədbirlər təşkil edib. Cari ilin may ayında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin hər il təşkil etdiyi "3 may - Türkçülük günü"nə Türkiyə Cümhuriyyəti ilə yanaşı, Fransa, Belçika, Ukraynadan olan  diaspora rəhbərləri də dəvət olunmuş, onlar bu tədbirdə iştirak etmişlər. İyun ayında isə İstanbul-Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu başda olmaqla böyük bir nümayəndə heyəti dəvətimizi qəbul edib, Azərbaycana səfər etdilər və onlar Gəncə, Ağdaş, Salyan, Quba rayonlarına səfər edərək, Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı və Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla yaxından tanış oldular. Iyul ayında isə bütün Türk dövlətlərini, eləcə də başqa dövlətlərin ərazilərində yaşayan Türk xalqlarının nümayəndələrindən ibarət olan gənc yazarlar mərkəzimizin qonağı oldular və "Türk dünyasının inteqrasiyasında yazarların rolu" mövzusunda təşkil etdiyimiz konfransda iştirak etdilər. Bilirsiniz ki, bu il həm də Qafqaz İslam Ordusunun komanndanı Nuru Paşanın rəhbərliyi altında Bakının erməni-bolşevik işğalından azad olunmasının 95-ci ildönümü idi. Biz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq hər il  sentyabrın 15-də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğalçılardan azad etmələrini böyük təntənə ilə qeyd edirik. Bu il Bakının işöaldan azad edilməsinin 95-ci ildönümünü nəzərə alaraq təşkilatımız bu məsələni yenidən gündəmə gətirdi. Təbii ki, bu məsələnin daha geniş kütlələrə çatdırılmasında və ictimailəşdirilməsində mətbuat əvəzsiz rol oynayır. Bunu nəzərə alaraq biz bu il keçirdiyimiz tədbiri Azərbaycan Mətbuat Şurası ilə birgə həyata keçirməyi qərara aldıq. Bu məqsədlə jurnalistlər arasında yazı müsabiqəsi elan etdik və müsabiqənin qaliblərini sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı keçirdiyimiz tədbirdə təqdim etdik. Hesab edirəm ki, bu il Qafqaz İslam Ordusunun tarixi xidmətlərinin geniş ictimaiyyətə çatdırılmasında mətbuat əvəzsiz rol oynadı. Bu il ərzində təşkilat olaraq Türk dünyasının müxtəlif bölgələrində təşkil olunan tədbirlərə də vaxtaşırı dəvət almışıq və bir çox hallarda belə tədbirlərdə iştirak etmişik.

-Bu yaxınlarda Moldova Ombudsmanı Aureliya Qriqoriu ilə əməkdaşlıq memarandumu da imzaladınız. Bu əməkdaşlığın gələcək perspektivlərini necə görürsünüz?

-Bilirsiniz ki, Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsi barədə Moldova Ombudsmanı xanım Aureliya Qriqoriunun çıxışı Azərbaycanda böyük rəğbətlə qarşılandı. İstər tədbirdən sonra Ermənistanda, istərsə də ondan sonrakı müddətdə Ombudsmana qarşı ermənilərin təzyiqləri davam etdi. Belə bir məqamda biz moldovalı ombudsmanın müdafiəsinə qalxdıq və ona əməkdaşlıq təklif etdik. Bilirsiniz ki, təşkilatımız  bütün dünyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları ilə əməkdaşlıq edərək, Xocalı soyqırımının tanıdılması və Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyət göstərən bir təşkilatdır. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi hər il Avropanın siyasi mərkəzi olan Strasburq şəhərində Xocalı soyqırımı ilə bağlı davamlı olaraq mitinqlər təşkil edir, bu soyqırımın tanınması üçün İnsan hüquqları təşkilatları ilə müxtəlif görüşlər keçirir. Biz Moldovalı ombudsmana müraciət edərək, onunla bu sahədə əməkdaşlıq etmək istədiyimizi bildirdik. Ombudsman bizimlə əməkdaşlıq etməyə hazır olduğunu bildirdikdən sonra əməkdaşlığımızda praktik addımların atılmasını reallaşdırdıq. Ombudsman Bakıda olduğu müddətdə onunla QHT-ləri və mətbuat nümayəndələrini görüşdürdük və gələcək əməkdaşlığımızla bağlı memarandum imzaladıq. Memorandumda dünyanın müxtəlif bölgələrində Azərbaycan həqiqətlərinin təbliğini nəzərdə tutan toplantıların təşkili, prosesə qabaqcıl xarici ölkələrin ombudsman təsisatlarının cəlb edilməsinin yolları, ombudsmana erməni lobbisi tərəfindən təzyiq və təqiblərin qarşısının alınmasında beynəlxalq və diaspora təşkilatlarının səfərbər olunması və digər prioritet hədəflər əksini tapır, geniş iş birliyinin konkret konturları açıqlanır. Hesab edirəm ki, biz bu yolla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv reallıqların dünyaya daha optimal şəkildə çıxarılmasına nail olacağıq.

-Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi əsasən türkdilli dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətə daha çox üstünlük verir. Bəs türkdilli dövlətlər arasında əməkdaşlıq bu gün üçün yetərlidirmi və bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün nələri təklif edərdiniz?

-Türk birliyi ideyası artıq utopiya və xəyal deyil, reallaşmaq mərhələsindədir. Hər ötən gün biz bu birliklə bağlı atılan addımların ciddiliyini hiss etməkdəyik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması və az bir zaman ərzində ciddi addımlar atması sübut etdi ki, Türk dövlətlərinin ölkə rəhbərləri bu birliyin qurulması üçün yetərincə siyasi iradə nümayiş etdirirlər. Siyasi iradə və iqtisadi dəstəyin olması əsas təməl bazalardır və yalnız bundan sonra səmərəli fəaliyyət göstərmək lazımdır. Onu da qeyd etmək yerinə düşər ki, son bir neçə il ərzində Türk birliyi ilə bağlı mühüm qərarlar qəbul edilib. Bir neçə ay öncə Türk dövlətlərinin ortaq iqtisadi məkanının yaradılması məsələsi gündəmə gəldi. İnanıram ki, vahid iqtisadi məkanın yaranması Türk Birliyini reallaşdıran əsaslardan biri olacaqdır. Çünki bir çox Türk dövlətlərinin iqtisadi asılılığı onların Türk dünyasına inteqrasiyasına əngəl olan əsas amildir.

-ATXƏM-in qarşıdakı hədəfləri və həyata keçirməyi nəzərdə tutduğu layihələr nədən ibarətdir?

-Təşkilatımızın fəaliyyət istiqamətlərinin əsaslarını türk xalqları və diaspora təşkilatları ilə əməkdaşlıq, eləcə də Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının dünyada tanıdılması təşkil etməkdədir. Bu məqsədlə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi dekabr ayının 26-27-də Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna, Rusiya və Avropada fəaliyyət göstərən diaspor təşkilatları ilə birlikdə "Azərbaycan diasporu: reallıqlar və perspektiv imkanlar" mövzusunda konfrans təşkil etməyi planlaşdırır. Bilirsiniz ki, təşkilatımız hər il Fransanın Strasburq şəhərində Xocalı soyqırımının tanıdılması üçün "Strasburq Azərbaycan Evi" ilə birlikdə mitinqlər təşkil edir. Bu il də Xocalı soyqırımının ildönümü ərəfəsində Fransanın Strasburq şəhərində mitinq keçirməyi planlaşdırırıq. Eyni zamanda Xocalı soyqırımı ərəfəsində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentində insan hüquqları ilə bağlı beynəlxalq konfrans və Avropa Parlamenti önündə diaspora təşkilatları ilə birlikdə mitinqlər təşkil etməyi planlaşdırırıq. Bütün bunlar yaxın vaxtlarda nəzərdə tutduğumuz əsas layihələrdəndir.     

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31