“Atatürk zamanın şərtləri içərisində möcüzə yaratdı” - Sadettin Topukçu

“Arzu edək ki, türk dövlətləri daha çox bir-birlərinin problemlərini öz sorunları kimi qəbul edib, həll etsinlər”.

Böyük şəxsiyyətlər, zamanın hökmünü dəyişdirən dövlət adamları  haqqında söz demək olar. Onun etdiyi işləri, fəaliyyətini bəyənməmək də olar. Amma söz demədən əvvəl düşünmək şərtilə. Həmin şəxsiyyətin öz milləti, dövləti üçün nələr etməsi ilə bağlı az da olsa bilgi sahibi olduqdan sonra. Belə şəxsiyyətləri dərk etmədən onlar haqqında fikir söyləmək yalnız cahillərin və ya düşmən mövqeyində duran insanların işidir. Ona görə də, tarix səhifəsində adı qızıl hərflərlə yazılan şəxsiyyətlərə sahib millətlər, dövlətlər O adların nə üçün qızıl hərflərlə yazıldığını millətin hər bir nümayəndəsinə anlatmalıdır. Çünki çox zaman deyilən yanlış söz sadəcə bilgisizliyin, məlumatsızlığın nəticəsi olur ki, bu da düşmən dəyirmanına su tökür. Bu günün müasir Türkiyə Cümhuriyyəti deyəndə ağıla ilk gələn insan bu dövlətin qurcusu Mustafa Kamal Atatürk olur. Bir cümlə ilə-O Türkiyə dövlətinin qurucusudur, deməklə iş bitmir. Əməllər açılmalı, düşüncələr zərrə-zərrə çatdırılmalıdır. Atatürk yalnız Türkiyə üçün deyil, bütün türk dünyası üçün birmənalı olaraq qəhrəmandır. Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Sadettin Topukçu "OLAYLAR"a Atatürk ideyalarının onun Vətəni üçün nə qədər önəm daşımasından danışdı.   

-Sadettin bəy, Atatürk adı Kıbrıs xalqı üçün hansı mənanı daşıyır?

-Atatürk Kıbrıs türkləri üçün də çox önəmli bir addır. Çünki Atatürk Türkiyədə islahatlara  başladıqdan  sonra Kıbrıs türkləri də Atatürkün gətirdiklərini o dəqiqə Kıbrısda həyata keçirməyə başlamışlar.  Kıbrıs türklərinin var olma yolundakı mübarizəsində Atatürkün açdığı yol, izlədiyi gözəl müstəqillik mübarizəsi də bir örnək olmuşdur. Kıbrıs türkləri bundan sonra Kıbrısı Yunanıstana bağlamaq üçün başlanan silahlı hücumlarda Atatrükün gözəl müstəqillik mübarizəsini örnək olaraq qəbul etmiş və var olma mücadilələrini aparmışlar. Nəticədə Şimali Kipr Türk Cümhuriyyəti quruldu və bu gün 30-cu yaşına gəldi.  Kıbrıs türk xalqı olaraq Atatürkə çox şey borcluyuq. Düşünün ki, Atatürk çökən böyük Osmanlı imperatorluğunun küllərindən  bir dövlət ortaya çıxardı. Və bu dövlətin təməlləri o qədər sağlam atılmışdı ki, Türkiyə Cümhuriyyəti bugünki güclü quruluşuna çata bildi. Türkiyə Atatürkə çox şey borcludur.

-Atatürkün ideyalarını gənclərə, gələcək nəsillərə çatdıra bilmək üçün hansı işlər görülməlidir?

-Atatürk bir dövr içərisində çox böyük işlər həyata keçirib. 1920-30-cu illərin sonlarına kimi çox böyük  islahatlara imza atıb. Atatürk vəfat etdikdən sonra aradan 70 il vaxt ötüb. İndi gənclər Atatürkün hansı işləri gördüyünü bir şəkildə öyrənirlər. Artıq onu sevmək onların özünə qalmış bir işdir. Gənclərimiz bilməlidir ki, indi güclü Türkiyə Cümhuriyyəti dünya arenasında özünə bir yer edə bilmişsə, bu Türkiyə Cümhuriyyətinin təməllərinin nə qədər güclü bir şəkildə atılmasını göstəricisidir. Sadəcə buna baxaraq da Atatürkün yaratdığı Türkiyə Cümhuriyyətinin önəmi ortaya çıxar. Təbii ki, gənclərin "bu günlərə Atatürk olmasaydı gələ bilərmiydik", deyə bəzi tərəddüdləri də olur. Amma əsla gələ bilməzdik. Çünki Atatürkün yaratdığı böyük Türkiyə Cümhuriyyiyyəti zamanın şərtləri içərisində gerçəkdən bir möcüzə idi. Vəziyyəti indiki şərtlərlə deyil, o zamanın şərtlərilə dəyərləndirmək lazımdır. O dövürdəki şərtlər  isə də heç uyğun şərtlər deyildi. Beləliklə də Atatürkün qiyməti o zamanın şərtləri ilə dəyərləndirildiyində çox daha yaxşı başa düşülər.

-Sizcə, bu gün yeni müstəqilliyini qazanan türk dövlətləri Atatürk ideyalarından hansı şəkildə yararlana bilərlər?

-Son 20 il içərisində Türk Cümhuriyyətləri müstəqilliklərini qazanaraq dünya arenasına çıxıblar. Bu  heç da asan olmayıb. Bu günümüzün şərtləri altında Atatürkü anlaya bilmək önəmlidir. Atatürk bir müstəqillik mübarizəsi başlatmışdır. Bu mübarizədə mərhələ-mərhələ hərəkət etmişdir. Məncə, indi türk dövlətləri də eyni şəkildə mərhələ-mərhələ gedib xalqın qəbul edə biləcəyi islahatları zaman içərisində həyata keçirməlidirlər. Düşünürəm ki, Atarükü bu şəkildə anlayıb, etdiklərini bu şəkildə dəyərləndirmək ən doğru olandır.

-Türk dövlətləri arasındakı əlaqələrdən razısınızmı?

-Təbii ki,  heç bir şey mükəmməl deyildir. Arzu edək ki, türk dövlətləri daha çox əlaqə içərisində olsunlar. Bir-birlərinin problemlərini öz problemləri kimi qəbul edib, bunları həll etmək üçün bir-birlərinə kömək etsinlər. Təbii ki, bu proses olur. Amma çok daha yaxşı bir səviyyədə ola bilməsi üçün hər halda daha çox bir araya gəməyimiz, problemlərimizi bir-birimizə anlatmamız və bunların çözümü üçün birlikdə nələr edə biləcəyimizi bölüşməyimiz lazımdır. Daha çox toplantılara, daha çox birlikdə olmağa, danışmağa ehtiyac var.

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31