“Timoşenko məsələsi Yanukoviç üçün bəhanə oldu” - MÜSAHİBƏ
Vurğun Həsənli: “Ukraynada Qərbyönümlü qüvvələr digər post-sovet ölkələri ilə müqayisədə olduqca güclüdür”
25 Noyabr 2013 18:06 MüsahibəAnkara Universitetinin doktorantı, keçmiş diplomat, politoloq Vurğun Həsənli Ukraynada baş verən siyasi proseslər barədə fikirlərini "OLAYLAR"a şərh edib. Politoloqun sözlərinə görə, Ukraynanın keçmiş prezidenti Yuşenkonun prezidentliyi dövründə Ukraynanın Avropa İttifaqına üzv ola bilmək üçün çox böyük işlər görülüb, bir çox sahələrdə islahatlar aparılıb.
"Demokratiyanı dadan cəmiyyət əsla diktatura rejiminə dönmək istəmir".
"Ukraynada da vəziyyət eynidir. Ölkə əhalisinin yarısına yaxını dövlətlərinin əsla Avropa İttifaqından imtina edib Rusiyaya yaxınlaşmasını istəmir. Viktor Yanukoviç iqtidara gələndən sonra demokratiyanı dadmış cəmiyyətə qarşı ehtiyatlı davranmağa çalışdı. İqtisadi baxımdan Avropa İttifaqına yaxın, siyasi baxımdan MDB-yə yaxın olma siyasi kursu mənimsənildi. Həm Rusiya tərəfini, həm də Avropa İttifaqını razı salınmaq məqsədiylə hətta Aİ-Ukrayna-Rusiya üçlü ittifaqı belə təklif edildi" deyə Vurğun Həsənli fikirlərini ifadə edib.
Politoloq Rusiyanın Ukraynaya qarşı artan təzyiqindən danışıb: "Son günlər Yanukoviçə qarşı narazılıqlar da artıb. Lakin bu qərarda Rusiyanın da payı az deyil. Çünki Rusiya əlindəki "qaz" kozırını hər fürsətdə Ukraynaya qarşı istifadə edir. Rusiyanın Ukraynaya olan təzyiqləri demək olar ki, səngimək bilmir. Ukrayna rəhbərliyi bu addımı "taktiki" adlandırsa da, onların Rusiya təzyiqlərinə davam gətirə bilmədikləri göz qabağındadır" .
Keçmiş diplomat Ukraynanın qərarında Avropa İttifaqının təsirinin də az olmadığını diqqətə çatdırıb: "Bu məsələdə Avropa İttifaqında da "günahı" az deyil. Çünki Avropa İttifaqı Yuliya Timoşenko məsələsində Ukrayna ilə yersiz dərəcədə "restləşdilər". Onsuzda rus yanlısı olan Viktor Yanukoviç üçün də bu əlavə stimulverici bəhanə oldu. Qeyd etdiyim kimi, Ukrayna Avropa İttifaqına inteqrasiya sahəsində çox iş görüb. Gərək Ukrayna necə deyərlər "pişiyim pişiyim ilə "rus ittifaqından" ayrılardı".Bundan sonra işin hansı istiqamətdə yürüyəcəyini demək olduqca çətindi. Çünki Ukraynada Qərbyönümlü qüvvələr digər post-sovet ölkələri ilə müqayisədə olduqca güclüdür.
Vurğun Həsənli yeni inqilabın baş verə biləcəyini istisna etmir: "Hələlik yeni xalq hərəkatından bəhs etmək absurd olardı. Amma nəticədə Ukraynadan bəhs edirik. Burada artıq bir dəfə inqilab olub. Yeni inqilab hər zaman mümkündü".
Sevda Qurbanqızı