Şüuraltının kilidi: Həyatınızı dəyişdirəcək gizli qanunlar – MÜSAHİBƏ

Düşünün ki, həyatınızın sükanı arxasında olduğunuzu zənn etdiyiniz halda, əslində görünməz bir qüvvə - şüuraltı bütün istiqamətləri müəyyən edir. Niyə bəzən ən çox arzuladığınız uğur qapısından dönürsünüz? Niyə əlaqələrinizdə eyni ssenariləri təkrar yaşayırsınız? Cavab, zehninizin 90%-ni təşkil edən və uşaqlıq təcrübələri ilə kodlaşdırılmış o dərin qatda gizlənir.



Biz, Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin (PRİM) direktoru, psixoloq M. Almara Ağaqızı ilə insanın daxili aləminin ən sirli tərəfini araşdırdıq. Bu müsahibə, sadəcə psixologiya haqqında deyil, eyni zamanda sizi idarə edən və sizi öz potensialınızdan uzaqlaşdıran köklü inam və qorxuları necə tanıyıb yenidən proqramlaşdırmağın yol xəritəsidir.

-Almara xanım, insan şüuraltında ən çox hansı qorxular və inamlar gizlənir və bu inamlar gündəlik həyatımıza necə təsir göstərir?

-İnsan beyninin böyük hissəsi, təxminən 90%-i şüuraltı səviyyədə fəaliyyət göstərir. Burada emosional yaddaş, instinktiv qorunma mexanizmləri və formalaşmış inanclar yerləşir. Şüuraltının əsas qorxuları arasında tərk edilmə qorxusu, dəyərsizlik hissi, rədd edilmə, sevilməmə və nəzarəti itirmə qorxuları xüsusi yer tutur.
Bu inanclar uşaq yaşlarında ailə münasibətlərində, valideyn davranışlarında və sosial təcrübələrdə formalaşır. Məsələn, uşaq daim tənqid olunan bir mühitdə böyüyübsə, onda "mən yetərli deyiləm" inancı formalaşır. Yetkinlikdə bu inanc insanı risk almaqdan çəkindirir, uğur və münasibətlərdə özünü sabotaj etməyə gətirib çıxarır.

-Bir çox insan problemlərinin "uşaqlıq travmasından qaynaqlandığını" düşünür. Amma bəzən biz o travmanı xatırlamırıq. Belə hallarda terapevt bu blokları necə aşkarlayır?

Beyin travmatik hadisələri qoruyucu mexanizm kimi bəzən şüurdan silir - bu, dissosiasiya adlanır. Terapevt bu blokları birbaşa "xatırlatmaqla" deyil, dolayı yollarla bədən reaksiyaları, emosional təkrarlanmalar, düşüncə sxemləri və davranış nümunələri vasitəsilə aşkarlayır.
Məsələn, projeksiya testləri, metaforik assosiativ kartlar, bədən duyğularına fokuslanan texnikalar (somatik terapiya) və reframing üsulları terapevtə bu dərin yaddaş qatlarına çatmağa imkan verir. Travma unudulsa da, onun izi emosional reaksiya və davranış formalarında özünü göstərir.

-Şüuraltına yönəlmiş terapiya insanın həyatını doğrudan da dəyişə bilərmi, yoxsa bu sadəcə müvəqqəti rahatlama effekti verir?

Elmi araşdırmalar (xüsusilə kognitiv-bihevioral terapiya, hipnoterapiya, EMDR və dərin koqnitiv restrukturizasiya) göstərir ki, şüuraltı ilə işləmək sadəcə müvəqqəti rahatlama deyil, beyin neyron yollarını yenidən proqramlaşdırma prosesidir.
Neyroplastiklik prinsipi sübut edir ki, beynin əlaqələri dəyişdirilə bilər. Şüuraltı terapiya insanın özünü dərkini, emosional tənzimləməsini və davranış reaksiyalarını köklü şəkildə dəyişdirə bilir. Lakin bunun üçün bir neçə seanslıq deyil, ardıcıl və sistemli iş tələb olunur.

-Sizcə, insanlar ən çox hansı düşüncə və inam tipləri ilə öz uğurlarını və sağlamlıqlarını sabotaj edirlər?

Ən tipik sabotajedici inanclar bunlardır: "Mən buna layiq deyiləm"; "Uğur üçün çox gecdir"; "Əgər xoşbəxt olsam, nəsə pis bir şey baş verəcək"; "Hər şeyi tək etməliyəm"; "Mən kiminsə rifahına zərər verə bilərəm".
Bu düşüncə formaları özünə inamın azalmasına, emosional yorğunluğa, somatik simptomlara (baş ağrısı, mədə spazmları, ürək döyüntüləri) gətirib çıxarır. İnsan məqsədinə doğru addımlamaq istəsə də, şüuraltı "təhlükə siqnalı" kimi bu inamları aktivləşdirir və onu dayandırır.

-Şüuraltını təmizləmək və proqramlaşdırmaq barədə internetdə yayılan "sürətli metodlar" və "enerji təmizləmələri" real nəticə verirmi?

Bu sahədəki trendlərin çoxu elmi əsaslara söykənmir. Qısa müddətli rahatlama effekti verən metodlar (sözlərlə proqramlaşdırma, enerji videoları, musiqi ilə təmizləmə və s.) bəzi hallarda emosional boşalmanı təmin edir, lakin travmanın kök səbəbini aradan qaldırmır.
Şüuraltı ilə effektiv iş yalnız peşəkar terapevtin müşahidəsi və sistemli yanaşması ilə mümkündür. Elmi əsaslı metodlar - CBT, Gestalt terapiya, EMDR, Regressiya terapiyası - həm emosional, həm də kognitiv səviyyədə davamlı dəyişiklik yaradır.

-Bir peşəkar kimi, siz öz şüuraltınızla necə işləyirsiniz? Öz üzərinizdə praktik təcrübənizdən maraqlı bir nümunə paylaşa bilərsinizmi? 

Bir psixoloq olaraq mən şüuraltını sadəcə pasiyentlərdə deyil, öz üzərimdə də müşahidə və tənzimləmə obyekti kimi görürəm. Hər bir terapevt öz daxili proseslərinə baxmadıqda, pasiyentin emosiyalarını daşımaqda çətinlik çəkə bilər.
Məsələn, uzun illər əvvəl ilk sranslarımdan birində seans zamanı pasiyentin tərk edilmə qorxusu mənim içimdəki "məsuliyyət hissini" çox güclü şəkildə aktivləşdirmişdi. Bu məqamda dayandım və öz şüuraltımdakı "hər kəsi xilas etməliyəm" inancını analiz etdim. Daha sonra bu inanc üzərində işlədim və bu, həm mənim işimi yüngülləşdirdi, həm də pasiyentlə daha az müdaxiləçi, daha empatik ünsiyyət qurmağımı təmin etdi.
Şüuraltı ilə işləmək sadəcə bir "psixoloji dəb" deyil, insanın öz daxili sistemini yenidən tənzimləmək prosesidir. Bu, həm elmi, həm də dərin mənəvi bir səyahətdir. Dəyişikliyin açarı isə yalnız bir texnikada deyil, şüurun, bədənin və emosiyanın inteqrasiyasında gizlidir.

SEVDA DƏNİZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31