“Əli Kərimli “Yeni Müsavat”-a 40 qəpiyini belə vermək istəmir” - Niyaməddin Orduxanlı - MÜSAHİBƏ
“Bu birbaşa patoloji nifrətdən irəli gəlir”
19 Noyabr 2013 16:29 MüsahibəBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının "OLAYLAR"-a müsahibəsi
-Niyaməddin bəy, artıq cari il də başa çatır. Sizcə, bu il Azərbaycan müxalifəti üçün nə ilə yadda qaldı? Xüsusilə, radikal müxalifət üçün bu il də uğursuzluqla başa çatmadımı?
-Bu il radikal müxalifət ən böyük itkilərini vermiş oldu. 22 ildir müxalifətdə qalıb heç bir uğura imza ata bilməyənlərin böyük ümüdləri var idi. Onlar seçki ili olduğundan inamları çox idi. Rüstəm İbrahimbəyovun ilin əvvəlindən Rusiya layihəsini işə salması bunlara çox böyük stimul vermişdi. Düşünürdülər ki, nəhayət uzun illərdən sonra hakmiyyətə gələcəklər. Təsəvvür edin ki, 1998-ci ildə prezident seçkilərində prezident olmaq arzusu ilə alışıb yanan İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədiyi halda, öz prezidentlik arzusunu Rüstəm İbrahimbəyova güzəşt etdi. İsa Qəmbər 22 ildə heç bir uğur qazana bilməməsinin fərqində olub prezidentlikdən aşağı vəzifəyə də gəlməyə razılıq vermişdi. Bunun səbəbi də nəyin bahasına olur olsun, hansı vəzifə olur, olsun, hakimiyyətə gəlmək eşqi idi. Bu baxımdan radikal müxalifət üçün bu il çox agır il oldu. Normal ölkələrdə uzun illərdən sonra qalib gəlməyən siyasi lider istefa verir.
-Hazırda bu düşərgədə mövcud olan vəziyyəti necə dəyərləndirirsiniz? Müşahidə edilən passivlik artıq radikal müxalifətin ciddi elektorat qıtlığından əziyyət çəkdiyinindən xəbər vermirmi?
-Cənab prezident İlham Əliyevin çox asan qələbəsi və bu qələbənin Ağ Ev rəhbəri Barak Obamadan tutmuş Rusiya prezidenti Putinə qədər qəbul etməsi və 20 yaxın ölkə başcısının təbrik göndərməsi bu qüvvələri boks dili ilə desək, nokauta salmış oldu. Onlar hələ də bu sarsıntıdan özlərinə gələ bilməyiblər. Seçkidən sonra bu qüvvələri xeyli sayda insan tərk etmiş oldu. Partiya sədrləri, Əli Kərimlinin müavini və tanınmış şəxslər istefa verib bu qurumu tərk etdilər. Əslində bu gözlənilən idi. İndi vəziyyətləri o həddə çatıb ki, "Milli Şura"nın ölü bir qurum olduğunu başa düşürlər. İsa Qəmbər partiyasının rəhbər şəxsi olan Arzu Səmədbəyli tərəfindən Rüstəm İbrahimbəyova "çıx get və istefa ver" mesajını verib. Ancaq İbrahimbəyov Milli Şuradan əl çəkənə oxşamır.Çünki Rüstəm İbrahimbəyovla Eldar Namazov yenidən ortalığa çıxıb. Halbuki onlar Cəmil Həsənlinin seçki kampaniyasında ümumiyyətlə yox idilər. Eldar Namazov heç bir tədbirdə görünmürdü. Rüstəm İbrahimbəyov isə jurnalistlərə müsahibə vermək istəmirdi. Görünür indi bunların hər ikisi hakimiyyətə növbəti dəstəyini nümayiş etdirmək istəyirlər. Bu qurumu belə bir vəziyyətdə saxlamaqla onlar hakmiyyətin könlünü almağa çalışırlar. Bir sözlə İbrahimbəyov Milli Şuradan getmək istəmir.
-Sizcə, AXCP və Müsavata yaxın olan mətbu orqanlar ətrafında baş verən proseslər diqqəti əsas mətləbdən, yəni bu partiyalar daxilində baş verən ziddiyyətlərdən uzaqlaşdırmağa xidmət etmirmi? Çünki hər dəfə sözügedən partiyalar daxilində ziddiyyət yarananda mətbu orqanların maddi problem yaşadığı ortaya çıxır.
- Son 3 ildə hakimiyyət Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə "Azadlıq" qəzetinə 250 000 manatdan çox pul və iki ev verib. Bunun qarşılığında bəs nə üçün 30 000 manat borcu ödəməyiblər? Görürsünüz ki, hətta konstruktiv mətbuat orqanına olunan dəstəkdən 2-3 dəfə artıq bu qəzetlərə dövlət tərəfindən maliyyə vəsaiti ayrılır. Niyə vaxtında borclu olduğunuz təşkilatlara ödəniş etmirsiniz? Son ildə verilən vəsaiti hara xərcləmisiniz? Hanı o pullar? Ödəyin də borcunuzu. Sadəcə ucuz şou yaratmaq istəyirlər. Əli Kərimli hər zaman, hətta Əbülfəz Elçibəyin vaxtından siyasi proseslərdə şou göstərməyi ustalıqla bacarıb. Yenə də o, öz ampulasındadır. Düşünürlər ki, bunlar radikal müxalifətin mətbuat orqanidırsa, istədiklərini edə bilərlər. 20 ildir ki, Əli Kərimli Müsavata və "Yeni Müsavat" qəzetinə nifrət edir. Bu yaxınlarda Rauf Arifoğlu qəzetlə bağlı abunə kampaniyası keçirdi. Əli Kərimlidən başqa radikal müxalifətin demək olar ki, hamısı həmin tədbirdə iştirak etdi, Əli Kərimli "Yeni Müsavat" qəzetinə 40 qəpiyini belə vermək istəmir. Bu birbaşa patoloji nifrətdən irəli gəlir.
-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qarşıdakı hədəfləri və fəaliyyət istiqaməti nəyə hesablanıb? Partiyada bələdiyyə və parlament seçkilərində iştirak etmək istiqamətində hazırlıqlara start veriləcəkmi?
-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkilərindən dərhal sonra bələdiyyə və parlament seçkilərinə start verib. Pariyanın rəhbər orqanlarnda bununla bağlı müzakirələr aparılıb. Partiyanın lideri Qüdrət Həsənquliyevin 2014-cü il bələdiyyə və 201ci il parlament seçkilərinə ciddi hazırlaşaçağımızla bağlı tövsiyyələri olub. Nəzərinizə çatdırıram ki, son bələdiyyə seçkilərinə 2009-cu ildə BAXCP 3-cü yeri tutmuşdu. Partiyanın hazırda onlarla bələdiyyələrdə təmsilçiləri var. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 56 rayon şöbəsi fəaliyyət göstərir. Bütün rayon şöbələrində bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlıq işləri aparılacaq. 2015-ci il parlament seçkilərinə gəldikdə isə, BAXCP-nin bu seçkilərdən gözləntiləri çoxdur. İnanıram ki, biz parlament seçkilərində böyük uğura imza ata biləcəyik. Son prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin cəmiyyətə təqdim etdiyi- parlamentli respublika şüarı böyük dəstək qazanmış olacaq və BAXCP 2015-ci il parlamentdə 1 nəfərlə deyil, kifayət qədər nümayəndəsi ilə təmsil oluna biləcək.
Süleyman İsmayılbəyli