.İfaçının kimliyi ifasında görünür: Ofelya Şabanovanın yaradıcılıq baxışı

Pis mahnı yoxdur, pis ifaçı var

Musiqi sahəsində fəaliyyət göstərən ifaçıların sənətə yanaşması, mahnı seçimi və səhnə davranışı onların peşəkar portretini formalaşdıran ən əsas məqamlardandır. Bu amillər həm ifaçının yaradıcılıq dünyasını açır, həm də onun sənətə münasibətini göstərir. Məhz buna görə də hər bir müğənninin özünüifadə tərzi, yaradıcılıq prinsipləri və musiqiyə verdiyi dəyər dinləyicilər üçün hər zaman xüsusi maraq doğurur. Müğənni Ofelya Şabanova da öz fərdi yanaşması, sənətə səmimi münasibəti və illər ərzində formalaşdırdığı ifa üslubu ilə seçilən gənc ifaçılar sırasında yer alır. O, musiqiyə gəliş hekayəsi, səhnəyə çıxarkən rəhbər tutduğu sənət prinsipləri, mahnı seçimindəki yanaşması və gələcək yaradıcılıq planları ilə həm sənət aləminin, həm də dinləyicilərin diqqətini çəkməyi bacarır. Bu mövzu ətrafında biz də müğənni Ofelya Şabanova ilə söhbət etdik. O, sənətə gəlişindən tutmuş ifa prosesinin incəliklərinə, səhnə davranışından gələcək hədəflərinə qədər bir çox məsələyə aydınlıq gətirdi. Onun səmimi və açıq fikirləri həm yaradıcı prosesin arxa planını göstərir, həm də bir ifaçı olaraq öz mövqeyini daha dolğun şəkildə anlamağa imkan yaradır:
- Ofelya xanım, musiqi və sənət sizin üçün nə ifadə edir? Musiqiyə olan marağınız necə yarandı? Sizdə bu sahəyə yönəlməyi müəyyən edən xüsusi bir an, xatirə və ya ilham mənbəyi olubmu?
- Mənim üçün musiqi ilk növbədə insanın dünyaya baxışını, həyata olan sevgisini və içində gəzdirdiyi ideal yaşama arzusunu ifadə edən ən güclü vasitədir. Sənət mənə həm ruh verən, həm də ruhumu sakitləşdirən bir qüvvədir. Musiqiyə marağım isə uşaq yaşlarımdan formalaşıb. Evimizdə hər zaman musiqi səslənirdi- atamın və anamın çox gözəl səsi var idi və onların ifaları mənim üçün ilk sənət məktəbi oldu. Sonralar həyat yoldaşımın dəstəyi bu sevgimi daha da möhkəmləndirdi. O, hər zaman arxamda dayanıb, məni ruhlandırıb, sənətə yönəlməyimdə böyük rol oynayıb. Amma bir şeyi də xüsusi vurğulamaq istəyirəm: sənətlə məşğul olmaq üçün gərək insan dünyaya sənət hissi ilə gəlsin. Bu, sonradan qazanılan yox, içində olan bir duyğudur. Onu da qeyd edim ki, tək ifaçıyam ki,15 yaşımda Balakən şəhərində solo konsert vermişəm.
-Sizin üçün bir mahnını dəyərli edən nədir- melodiyası, mətnin fəlsəfəsi, yoxsa ifa zamanı yaratdığı hiss?
-Mənim üçün bir mahnının dəyəri ilk növbədə onun ifa zamanı məndə yaratdığı hissdir. Oxuduğum mahnının içindəki obrazı yaşamasam, həmin əsəri tamaşaçıya da doğru çatdıra bilmərəm. Bu baxımdan mən hesab edirəm ki, bir mahnının sevilməsinin əsas səbəbi sözlər və ya musiqi deyil- ifanın özüdür.
-Səhnəyə çıxarkən özünüzlə hansı emosiyanı aparırsınız və bu emosiya ifanızın ritmini, nəfəsini necə formalaşdırır?
-Təbii ki, ifaçı səhnəyə çıxırsa, bütün neqativ hissləri kənara qoymalıdır. Diqqəti yalnız və yalnız mahnıda və göstərəcəyi performansda olmalıdır Səhnə yeridir ki, orada yalnız pozitiv enerji və diqqət olmalıdır. Mən də hər dəfə səhnəyə çıxanda bütün fikrimi mahnıya və göstərəcəyim performansa yönəldirəm. O an başqa heç nə düşünmürəm. 
-Azərbaycan musiqisinin klassik xətti ilə müasir trendlər arasında necə bir balans qurursunuz? Bu iki xətt sizin sənət dünyanızda bir-birinə təsir edirmi?
-Qətiyyən təsir etmir. Necə ki, hər gülün öz ətri var, hər mahnının da öz dinləyicisi var. İnsanlar hansı janrı seçirlərsə, bu, onların düşüncəsi, zövqü və daxili hissiyyatı ilə bağlıdır. Hər kəsin öz düşüncə səviyyəsinə uyğun ən sevimli janrı və mahnısı olur. 
Mən bəlkə də nadir ifaçılardanam ki, demək olar bütün janrlarda oxuyuram. Lazım olsa, meyxana janrında da ifa edə bilərəm. Mənim üçün sərhəd yoxdur, əsas odur ki, mahnı doğru ifa olunsun. Çünki mən belə düşünürəm: pis mahnı yoxdur, pis ifaçı var. 
-Yeni mahnı seçərkən və ya məşhur bir mahnını ifa edərkən öz nəfəsinizi, öz kimliyinizi ona necə əlavə edirsiniz? Bunun üçün xüsusi bir yanaşmanız varmı?
- Bəli, əlbəttə ki, mənim öz yanaşmam var. Mən ifa olunmuş mahnıları studiyada lentə aldırmıram və bunu digər ifaçılara da məsləhət görmürəm. Çünki sonradan müxtəlif hüquqi və texniki problemlər yarana bilir. Ona görə də məşhur və ya sevilən mahnıları adətən canlı şəkildə, ekspromt formada ifa edirəm. Bu, həm mahnıya təzə nəfəs verir, həm də onun enerjisini daha təbii şəkildə ortaya çıxarır.
Ən vacib məqam isə budur: əgər mən mahnını yaşamıramsa, ona öz əlavələrimi etməsəm, ifama öz ruhumu qatmasam, o əsəri insanlara sevdirə bilmərəm. Hər mahnıya öz kimliyimi bu şəkildə əlavə edirəm.
-Bir çox əsərlərinizlə dinləyicilərin sevimlisinə çevrilmisiniz. Bu sevgini və gözləntiləri nəzərə alaraq, gələcək yaradıcılıq planlarınızda hansı yenilikləri görəcəyik?
-İnşallah, gələcək üçün planlarım çoxdur. Mənim əsas məqsədim daha yüksək zirvələri fəth etmək, sənətimi təkcə ölkə daxilində deyil, dünya arenasında da nümayiş etdirməkdir. Artıq xarici ölkələrdən müəyyən təkliflər almışam və hazırda onların arasında seçim etmək mərhələsindəyik. Ümid edirəm ki, bu proses uğurlu nəticə verəcək və dinləyicilərim yaxın zamanda məndən yeni və maraqlı yeniliklər görəcəklər.
Müasir dövrdə ifaçıların sənətə münasibəti, özünüifadə tərzi və peşəkar davranışı təkcə musiqi mühitinin deyil, ümumən cəmiyyətin estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Bu baxımdan hər bir sənət adamının şəxsi prinsipləri, yaratdığı üslub və səhnədə nümayiş etdirdiyi mövqe onun sənət portretinin əsas xəttini müəyyənləşdirir. Bu gün auditoriya yalnız yaxşı ifa deyil, dürüst baxış, aydın mövqe və sənətə məsuliyyətli yanaşma gözləyir. Fərdi yaradıcılıq yolu, seçilən mahnılar, səhnə davranışı və peşəyə münasibət artıq bir ifaçının kimliyi qədər, onun insan olaraq dəyərlərini də əks etdirir. Hər bir sənətçinin qarşısında duran əsas məsələ sənətə öz baxışını qoruyaraq davam etdirməkdir. Ofelya Şabanovanın fikirləri göstərir ki, onun sənət yolunda əsas meyar səmimiyyət, emosional dürüstlük və ifanın mahiyyətinə bağlılıqdır. O, mahnının populyarlığından deyil, yaratdığı hissdən güc alır və hər dəfə səhnəyə çıxarkən ifasına öz ruhunu qatmağı prioritet seçir. Müğənninin həm janr müxtəlifliyinə açıq olması, həm də canlı ifaya üstünlük verməsi onun sənətə yanaşmasının fərqli cizgilərini ortaya qoyur. Gələcək planları isə Ofelya Şabanovanın təkcə yerli səhnə ilə kifayətlənmədiyini, daha geniş auditoriyaya çıxmaq niyyətində olduğunu göstərir. Bu baxış, onun yaradıcılıq istiqamətini və sənətə yanaşmasını daha aydın şəkildə müəyyənləşdirir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31