“Radikal xətt bizim xəttimiz deyil” - MÜSAHİBƏ

Əli Əliyev: "Necə ki, bu günə qədər bizim mövqeyimiz inqilabi təlatümlər deyil, təkamül xətti olub, bundan sonra da həmin xəttimizi davam etdirmək niyyətindəyik"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "OLAYLAR"-a müsahibəsi

-Əli bəy, Vətəndaş və İnkişaf Partiyası olaraq prezident seçkilərindən sonrakı dövr üçün əsas fəaliyyət istiqamətləriniz və qarşınıza qoyduğunuz hədəfləri müəyyənləşdirmisiniz?

-Bir qayda olaraq hər seçki bitdikdən sonra növbəti dönəmin hədəfləri müəyyənləşir və həmin istiqamətdə fəaliyyət başlayır. Hazırda seçki sonrası mühiti dəyərləndirmək üçün taktiki seçimimiz var. Müzakirəmizdə gələcək fəaliyyətimizi hansı formada davam etdirmək üçün bir neçə variant mövcuddur. Onların içərisində bir neçə siyasi partiya ilə fərqli variantlarda əməkdaşlıq planlarımız var. Hazırda onu müzakirə edib, dəyərləndiririk. Eyni zamanda seçkidən sonrakı dönəmdə partiyanın yerli strukturlarındakı vəziyyəti analiz edirik. Düzdür, seçkiyə  qatılmaq imkanı əlimizdən alınsa da, imzatoplama kampaniyasının gedişində yerli strukturlarımızın vəziyyəti haqqında təsəvvürlər əldə etmişik. Məlumatların ümumiləşdirilib təşkilatlarda konkret hansı işlərin görülməsi barədə planlar hazırlanır. Qeyd etmək istərdim ki, partiyanın daxilində bir sıra işlərin görülməsinə ehtiyac var. O cümlədən Məclisin çağırılması, qurultayın vaxtı barədə fikir mübadiləsinin aparılması gündəlikdədir. Onu da deyim ki, bizim seçkidən kənarda saxlanılmağımız partiyamız üçün yeni siyasi mənzərəni formalaşdırdı. Bu baxımdan partiya üçün yeni bir mərhələ başlayıb. Onu da qeyd edim ki, geopolitik məsələlər də bizim seçimimizə təsir göstərəcək. Çünki çox ciddi, gərgin, qarışıq geopolitik proseslər içərisindəyik. Bunun təzahürü görünməsə də, ancaq siyasətlə məşğul olanlar dəqiq bilirlər ki, Azərbaycan çox vacib siyasi tarixi dönəmə qədəm qoyub. Yaxın 5-10 ildə yaşadığmız siyasi coğrafiyanın mənzərəsi çox ciddi şəkildə dəyişə bilər. Bu baxımdan Vilnüs sammitində GUAM-a daxil olan ölkələrdən hansılarının Avropa Birliyinə yaxınlaşması, bu istiqamətdə addımlarını qətiləşdirməsi məsələsinə aydınlıq gələcək.  Məlumat üçün deyim ki, Ukrayna bu istiqamətdəki addımında tərəddüd olduğunu nümayiş etdirdi. Moldova fikrini qətiləşdirib. Prezident seçkilərindən sonra Gürcüstanın yeni siyasi rəhbərliyi kursun NATO və Avropa Birliyinə doğru istiqamətləndiyi barədə qəti bəyanat verib. GUAM-a daxil olan yalnız Azərbaycan qeyri-müəyyənlik içərisində qalmaqdadır. Hesab edirəm ki,  ölkə başçısının Türkiyə Cümhuriyyətinə səfərindən sonra Azərbaycanın da siyasətində bir aydınlıq formalaşacaq. Düşünürəm ki, bu səfəri ən vacib edən amillərdən biri də məhz geopolitik məsələlərdə Türkiyə ilə işbirliyinə nail olunması idi. Bu belə də olmalıdır. Məhz Vilnüs sammitindən sonra Azərbaycan hakimiyyətinin hansı siyasəti qətiləşdirməsi barədə təəssüratımız olacaq. Təbii ki, bütün bu sadaladığım amillər bizim seçimimizə, atacağımız addımlar və qəbul edəcəyimiz qərarlara təsir göstərəcək.

-Bəs şimal qonşumuzun Azərbaycana təsirləri arta bilərmi?

-İstisna etmirəm ki, son bir ildə olduğu kimi Rusiya keçmiş SSRİ respublikalarına qarşı təzyiqlərini davam etdirəcək və bu sırada Azərbaycana qarşı da təzyiqlər artacaq. Mətbuatda səsləndirilən, sonradan isə təkzib olunan Milli Şura təmsilçisinin Abbas Abbasovla görüşü barədə məsələlər də siyasi mənzərəni bir qədər mürəkkəbləşdirir. Bütün bunlar bizim partiyanın qəbul edəcəyi qərarlar və atacağı addımlara həm siyasi, həm təşkilati, həm də digər istiqamətlər üzrə təsir göstərəcək. Ona görə də fikrimiz var ki, dekabr ayının sonuna qədər bütün məsələləri analiz edək və bundan sonrakı fəaliyyət istiqamətlərimizi müəyyənləşdirək. Yeni ildən biz aydın bir siyasi mənzərə, siyasi platforma ilə yolumuzu davam etdirmək niyyətindəyik

-Partiyalarla əməkdaşlıq yeni formatda yaradılacaq təşkilat və qurumlar çərçivəsində olacaq?

-Yeni əməkdaşlıq formaları ətrafında danışıqlar gedir və bir neçə variantımız var. Ən azı 3 konfiqurasiyada iştirak etmək təklifi almışıq. Həmçinin yeni versiyalar da var və bunları dəyərləndirməklə məşğuluq. Qeyd etdiyim kimi siyasi müstəvidə siyasi baxımdan yeni mənzərə yaranıb. O da aydındır ki, artıq radikal müxalifət müəyyənləşib, oturuşub. Onun gələcək perspektivinin necə olacağı barədə fikir yürütmək istəməzdim. Ancaq onu qeyd etmək istərdim ki, radikal xətt bizim xəttimiz deyil. Necə ki, bu günə qədər bizim mövqeyimiz inqilabi təlatümlər deyil, təkamül xətti olub, bundan sonra da həmin xəttimizi davam etdirmək niyyətindəyik. Bu arada Yeni Azərbaycan Partiyasının atmış olduğu son addımlar da nəzərdən qaçmamalıdır. Partiyada yeni komissiyaların yaradılması, komissiyalardan birinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdirinin təyin edilməsi, eləcə də həmin komissiyanın adının məhz partiyalararası münasibətlər və dialoq komissiyası adlandırılması da istisna etmir ki, partiyalar arasında yeni siyasi dialoq başlanacaq. Həmçinin partiyalararası münasibətlərin yumşalması da istisna deyil. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası dünyada baş verən prosesləri daha yaxşı bilir və məlumatları daha çoxdur. Ona görə də bizim seçəcəyimiz siyasi taktika da hakimiyyətin atacağı addımlardan asılıdır. Hesab edirik ki, radikal kəsimlə münasibətlərimiz çox sıx olmayacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31