Müdafiə nazirinin cəbhə bölgəsinə səfərləri Ermənistanı narahat edir
Üzeyir Cəfərov: “Onlar ənənəvi olaraq yenə də, qarışqadan fil düzəltmək üçün hərəkətə keçiblər”
15 Noyabr 2013 13:30 MüsahibəPrezident İlham Əliyevin müvafiq sərəncamı ilə müdafiə naziri təyin olunmuş Zakir Həsənov nazirlik sistemində kadr islahatları aparmaqla yanaşı, hərbi birləşmələr və hissələrə də şəxsən gedərək oradakı vəziyyətlə yaxından tanış olur. Qısa müddətdə nazirin cəbhə xəttindəki bir neçə hərbi birləşməyə baş çəkməsi bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılmasına ümid yaradıb. Onu da qeyd edək ki, nazir Zakir Həsənovun son günlər cəbhə xəttindəki hərbi birləşmələrə baş çəkməsi işğalçı Ermənistanda ciddi narahatçılıq yaradıb. Buna adekvat olaraq isə ermənilər cəbhə xəttində yerləşən, hazırda isə işğal altında olan rayonlarda hərbi təlimlərə başlayıblar. Hərbi ekspert Üzeyir Cəfərov "OLAYLAR"-a verdiyi müsahibədə Ermənistanın narahatçılığının başadüşülən olduğunu bildirib və qeyd edib ki, işğalçı ölkə yeni müdafiə nazirinin atmış olduğu addımlardan ehtiyat edir. O, müdafiə naziri Zakir Həsənovun həyata keçirdiyi kadr islahatları və bu sahədə atılması olan digər vacib addımlar barədə də danışıb.
-Üzeyir bəy, müdafiə nazirinin son günlər cəbhə xəttindəki hərbi hissələrə səfərlərini necə dəyərləndirirsiniz və bu səfərlər hərbi hissələrdəki vəziyyəti müsbət istiqamətə dəyişəcəkmi?
-Artıq bir aya yaxındır ki, Azərbaycanın yeni müdafiə naziri general-pokovnik Zakir Həsənov öz vəzifələrinin icrasına baslayıb. Noyabrin 22-də onun nazir postunda olmasinin bir ayı tamam olacaq. Aydın məsələdir ki, bu şəxs ona həvalə edilmiş nazirliyin real vəziiyyəti ilə tanış olmaq üçün hərbi hissə və birləşmələri şəxsən gəzməli, dolanmalı, yerlərdəki vəziyyətlə yaxından tanış olmalıdır. Bundan əlavə o, yerlərdəki zabit və gizirlərlə, eləcə də ön xəttə xidmət keçən əsgərlərlə tanış olmalıdır. Elə bu məqsədlə də nazir son bir neçə gündə Naxçıvan, Şəmkir və Bərdədəki hərbi birləşmələrə, onların tabeliyində olan hərbi hissələrə baş çəkib. İndi də nazir növbəti bir birləşməyə - Beyləqan Hərbi Birləşməsinə səfərə çıxıb. Bütün bu səfərlər tanışlıq məqsədi ilə həyata keçirilir və burada hansısa qeyri-adi bir şey axtarmağa dəyməz. Dostlarımızın bəziləri bunu elə bir şəkildə təqdim edirlər ki, sanki hansısa fövqəladə hadisə baş verib. Şəxsən mən bu səfərlərə adi səfər kimi baxıram və heç təəccüblənmirəm. Elə də olmalıdır. Yeni bir şəxsə ölkənin təhlükəsizliyi və müdafiəsi kimi ən çətin bir iş tapşırılıb. Ona görə də, o vaxtaşırı birləşmələrə gedib vəziyyətlə tanış olur.
-Bu ərəfədə Ermənistanın işğal altında olan ərazilərdə hərbi təlimlər keçirməsi sizcə nədən xəbər verir? Bu Ermənistanın hərbi güc nümayişi sayıla bilərmi?
- Müdafiə nazirinin cəbhə bölgəsinə səfərləri sözsüz ki, Ermənistanı da narahat edir və onlar ənənəvi olaraq yenə də, qarışqadan fil düzəltmək üçün hərəkətə keçiblər. İşğalçı ölkə həmişə olduğu kimi keçirdikləri təlimlərdən birini keçirir və bunu da erməni təbliğat maşınının köməyi ilə elə bir pafosla, təntənə ilə təqdim edirlər ki, guya hansısa NATO ölkəsi hərbi manevrlər həyata keçirir. Ona görə də, mən o qədər də bu təlimlərə əhəmiyyət verilməsinin tərəfdarı deyiləm. Ermənistanın bizə guya güc nümayiş etdirməsi kimi bu təlimlərə yanaşmaq da mənim fikrimcə düzgün olmazdı. Ermənistanın faktiki olaraq nə iqtisadi resurslar, nə də insan potensialı o gücdə deyildir ki, Azərbaycana qarşı dura bilsin. Onlar sadəcə Rusiya tərəfinin əlində bir oyuncaq olaraq rusların dedikləri ilə oturub-duran, guya müstəqil dövlət adını daşıyan bir RF-nın əyaləti təsiri bağışlayır. Məhz Rusiyanın Dağlıq Qarabaq münaqişəsində tutduğu qeyri-səmimi rolu və işğalçıya havadarlığı, bu günə kimi işğalçılıq siyasətinin davam etməsinə səbəb olub.
-Müharibə şəraitində olan ölkənin Müdafiə Nazirliyində geniş kadr dəyişikliklərinin həyata keçirilməsi sizcə doğrudurmu və yeni kadrlar nə dərəcədə bu vəzifələrin öhdəsindən gələ biləcəklər?
-Müdafiə nazirinin bu müddət ərzində apardığı kadr dəyişiklikləri ilə bağlı fikirlərimi mən inşallah nazirin vəzifədə olmasının bir ayı tamam olduqdan sonra ətraflı açıqlamağı düşünürəm. Hələliksə, qısaca onu deyə bilərəm ki, bu günə kimi atılan addımlar içərisində uğurlulari da var, son dərəcə uğursuzları da. Mən artıq bir neçə dəfə bu məsələyə toxunmuşam deyə, istəmirəm təkrarçılıq olsun. Yaxın günlərdə, biz öz fikrimizi bu haqda bildirəcəyik. Yeganə istəyim odur ki, cəmiyyətimizin Müdafiə Nazirliyi ilə bağlı olan gözləntilərinin özünü doğrultması üçün hələ xeyli əsaslı işlər görülməli, vətəndaşlarla nazirlik arasında olan soyuq münasibətə müsbət, pozitiv çalar verən rəng qatılmalıdır. Hələliksə, dəyərli dostlarımızdan xahişimiz budur ki, bir az da səbr etsinlər və yaxın zamanlara ən böyük güc strukturu olan Müdafiə Nazirliyi ilə bağlı düşüncələrimizi, arzu və istəklərimizi ictimailəşdirəcəyik. Zakir Həsənovun ilk günlər vəzifəsinin icrasına başladığı vaxt səsləndirdiyim fikirlərin üstündə durduğumu bir daha bəyan edirəm və hesab edirəm ki, onun normal fəaliyyət göstərməsi üçün çox ciddi kadr islahatları həyata keçirilməlidir. Ən əsası da onun yaxın ətrafında qərarlaşmış, ordunun nüfuzuna xələl gətirən şəxslərdən nazirlik azad olmalıdır. Əgər söylədiklərim edilməzsə, şəxsən yeni müdafiə naziri üçün son dərəcə çətin olacaq.
Süleyman İsmayılbəyli