“Azərbaycan müxalifətinin bu günkü durumunun bir səbəbi var” - MÜSAHİBƏ
Taliyət Əliyev: “Bu səbəb də, müxalifət düşərgəsində olan liderlərin bir-birlərinə olan münasibət problemidir”
13 Noyabr 2013 13:44 Müsahibə"Bu münasibətlər sağlam müstəviyə keçməsə pozitiv dəyişikliklər də olmayacaq"
Prezident seçkilərindən bir xeyli müddət keçsə də, hələlik ölkə müxalifəti düşmüş olduğu böhranlı vəziyyətdən çıxa bilmir. Hazırda passiv fəaliyyəti ilə diqqət çəkən müxalifət düşərgəsi qarşıdakı hədəfləri də müəyyənləşdirməkdə çətinlik çəkir. Bunun səbəblərinə aydınlıq gətirən Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev yaranmış vəziyyətdən çıxış yolları barədə danışıb. "OLAYLAR"-a verdiyi müsahibədə ADP rəsmisi partiya sədri Sərdar Cəlaloğlunun istefasının hansı səbəbdən qəbul edilmədiyini də açıqlayıb.
-Taliyət bəy, məlum olduğu kimi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğölunun istefası partiyanın İdarə Heyəti tərəfindən qəbul edilmədi və məsələnin növbəti müzakirəsi qurultaya qaldı. Bu onu deməyə əsas verirmi ki, ADP-nin bir partiya kimi hələ də Sərdar Cəlaloğluna ehtiyacı var?
-Nəinki, Azərbaycan Demokrat Partiyası, ümumilikdə Azərbaycanın demokratik düşərgəsi və Azərbaycan siyasətinin Sərdar Cəlaloğluna böyük ehtiyacı var. Çünki, Sərdar Cəlaloğlu siyasətçi və siyasi lider olaraq böyük potensiala malikdir. O, çağdaş dünya siyasətini dərindən bilmək, ensiklopedik biliyə, güclü məntiqə və siyasi iradəyə və s. malik olmaq kimi keyfiyyətləri özündə birləşdirən liderdir. Bu potensial onun ömrünün sonuna qədər siyasətdə qalmağına yetər. Ona görə də ADP-nin İdarə Heyəti onun istefasını qəbul etmədi.
-Belə qənaətə gəlmək olarmı ki, Azərbaycan Demokrat Partiyasında Sərdar Cəlaloğlunu əvəz etmək gücündə olan siyasilər yetişməyib?
-Azərbaycan Demokrat Partiyasında Sərdar Cəlaloğlunu əvəz etmək gücündə olan siyasilərin yetişib-yetişməməsi məsələsinə gəlincə, hesab edirəm ki, onu əvəz edəcək siyasilər olmasa da, ADP-yə rəhbərlik etməyi bacaran siyasilər yetişib.
- Şəxsən sizin ADP-nin sədr müavini olaraq şəxsi mövqeyiniz nədən ibarətdir, Sərdar Cəlaloğlunun istefasını təqdir edirsinizmi?
-Əgər ölkədə azad, ədalətli, bərabər və demokratik qaydada keçirilən seçkilərin nəticələrinə görə Sərdar Cəlaloğlu sonuncu yerdə olsaydı və bundan dolayı istefa versəydi, onun bu addımını siyasi mədəniyyət nümunəsi kimi təqdir edərdim. Amma, oktyabrın 9-da keçirilən seçkinin nəticələrinə görə Sərdar Cəlaloğlunun istefa verməsini təqdir etmirəm.
-Seçkilərdən sonra ümumilikdə Azərbaycan müxalifəti tamamilə passiv vəziyyətdə görünür. Nəzərə alaq ki, əvvəlki seçkilərdən bir müddət sonra, ən azı 3-4 ay müxalifətin etiraz aksiyaları keçirilirdi. Sizcə bu passivlik müxalifətin məğlubiyyətlə barışmağının göstəricisidirmi?
-Hesab edirəm ki, siyasi həyatdakı siyasi passivlik müvəqqəti xarakter daşıyır. Yaxın perspektivdə siyasi aktivliyin dinamikası artan xətt üzrə inkişaf edəcək.
-Azərbaycan Demokrat Partiyasının qarşıdakı müddətdə hədəfləri nədən ibarətdir? Partiya olaraq bələdiyyə və parlament seçkilərində iştirak barədə düşünürsünüzmü?
-Bizim yaxın perspektivdə planlarımız Azərbaycan Demokrat Partiyasının Qurultayını keçirmək və rəhbər orqanlarını yenidən formalaşdırmaqdır. Qarşıdan gələn 2014-cü il bələdiyyə və 2015-ci il parlament seçkilərində də iştirakla bağlı müzakirələr başlanıb. Əsas hədəf sözsüz ki, 2015-ci il parlament seçkiləridir. Bu seçkilərdə iştirakla bağlı digər müttəfiq və dost partiyalarla da müzakirələrin aparılması planlaşdırılıb.
-Görünən odur ki, Milli Şura da artıq özünü doğrultmadı və sanki İctimai Palatanın taleyini yaşayir. Sizcə Milli Şuranın buraxılmasının zamanı yetişibmi?
-Milli Şuranın yaradılması ideyası bir ideya kimi çox yaxşı ideya idi. Amma, çox təəssüflər olsun ki, onun yaradılmasında çox ciddi səhvlər buraxıldı. Bu gün həmin qurumda baş verənlər yol verilən həmin səhvlərin nəticəsidir. Hesab etmirəm ki, Milli Şuranın buraxılmasının zamanı yetişib. Amma bu qurumun yenidən sağlam qüvvələrdən səfərbər olunmasına ciddi ehtiyac var.
-Azərbaycan Demokrat Partiyası indiki vəziyyətdə müxalifətin düşmüş olduğu vəziyyətdən çıxış yolunu nədə görür?
-Azərbaycan Demokrat Partiyası olaraq biz vəziyyətdən çıxış yolunu müxalifətin 2015-ci il parlament seçkilərində eyni platformada iştirak etməsi üçün təxirəsalınmaz işlərin həyata keçirilməsində görürük. Ancaq, şəxsən mənim subyektiv fikrim ondan ibarətdir ki, Azərbaycan müxalifətinin bu günkü durumunun bir səbəbi var. Bu səbəb də, müxalifət düşərgəsində olan liderlərin bir-birlərinə olan münasibət problemidir. Bu münasibətlər sağlam müstəviyə keçməyəcəksə, yeni sivil siyasi münasibətlər yaranmayacaqsa, o halda pozitiv dəyişikliklər də olmayacaq...
Süleyman İsmayılbəyli