Aytən Oqtayqızı: Keçmişin səsi, gələcəyin nəfəsi incəsənətdə birləşir – MÜSAHİBƏ

"Sənət yalnız estetika deyil, həm də güclü diplomatiyadır".

Sənət insanın ruhunu saflaşdıran, cəmiyyətin isə kimliyini qoruyan güclü bir dəyərdir. Zaman dəyişsə də, texnologiyalar sürətlə inkişaf etsə də, incəsənətin əsl mahiyyəti dəyişmir - o, insanı düşünməyə, hiss etməyə və dəyərləri daha dərindən anlamağa sövq edir. Azərbaycan mədəniyyəti də bu baxımdan zəngin bir xəzinədir: muğamdan aşıq sənətinə, təsviri sənətdən teatr səhnələrinə qədər hər qatında tarix, yaddaş və ruh yaşayır. Bu irsin qorunması, gələcək nəsillərə ötürülməsi və dünyaya tanıdılması isə sənət adamlarının üzərinə düşən ən mühüm missiyalardandır.

Mövzu ilə bağlı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtayqızı suallarımızı cavablandırıb.

-Aytən xanım, bugünkü incəsənətdə milli ənənələrimizi qorumaqla yanaşı, müasir tendensiyalara uyğunlaşmaq necə mümkündür? Hansı nümunələri uğurlu hesab edirsiniz?
 
-Milli ənənələri qorumaqla müasir tendensiyalara uyğunlaşmaq incəsənətdə keçmiş, bu gün və gələcək arasında bir növ körpü qurmaq deməkdir. Bu, həm keçmişə hörmət və ehtiram, həm də gələcəyə yeni baxış tələb edir. Əsas prinsip - forma ilə məzmun arasında tarazlıq yaratmaqdır: forma müasir ola bilər, amma məzmun milli dəyərlərə söykənməlidir. Yaxud klassik janrlara yeni nəfəs verməkdir.
Uğurlu nümunə kimi Alim Qasımovun ifasında muğamın caz improvizasiyaları ilə sintezini, yaxud Vaqif Mustafazadənin yaradıcılığında muğam və cazın vəhdətini göstərə bilərik. Belə nümunələr dövrümüzdə az deyil. Bu cür layihələr milli ruhu qoruyaraq onu yeni auditoriyaya təqdim edir.
 
-Gənclərin incəsənətə marağı hansı formada formalaşır və onları milli mədəniyyətə cəlb etmək üçün hansı addımlar atılmalıdır?
 
-Gənclərin incəsənətə marağı ilk növbədə ailə və məktəb mühitindən, həmçinin ərtafında olan cəmiyyətdən formalaşır. Onlara mədəni dəyərləri sırf "tədris obyekti" kimi deyil, gündəlik həyatın ayrılmaz hissəsi kimi təqdim etmək lazımdır. Təəssüf ki, opera və baletə, teatr tamaşalarına, simfonik konsertlərə gənclər çox az maraq göstərir, həmin tədbirlərə də adətən musiqiçilər təşrif buyurur. Lakin rəqəmsal texnologiyaların üstünlük təşkil etdiyi bu dövrdə interaktiv yanaşmalar - virtual muzey turları, sosial media vasitəsilə təqdim olunan mini-konsertlər və ya milli motivli oyunlar gənclərin diqqətini çəkə bilər.
Milli mədəniyyətə cəlb üçün isə onları yaradıcılıq prosesinə daxil etmək vacibdir. Məsələn, məktəblilər üçün muğam və xalq musiqisi üzrə "viktorina-yarışları", milli rəqslərin yeni formatda təqdimatı və ya folklor mövzusunda slaydların hazırlanması həm əyləncəli, həm də maarifləndirici ola bilər.
 
-Sizcə, incəsənət və mədəniyyət diplomatiyanın bir hissəsi kimi hansı gücə malikdir? Azərbaycanın mədəniyyətini beynəlxalq aləmdə təqdim etmək üçün hansı layihələr daha effektli ola bilər?
 
-İncəsənət və mədəniyyət diplomatiyanın "yumşaq, incə güc" alətidir. Bu sahə vasitəsilə bir ölkənin mədəni kimliyi, tarixi və dəyərləri digərlərinə tanıdılır, qarşılıqlı anlayış və hörmət formalaşır. Hər bir dövlət öz mədəniyyətini layiqincə təqdim etməlidir. Çünki hər birinin özünəməxsus xüsusiyyətləri, zənginliyi var. İncəsənətin əsrarəngiz gözəlliyi önə çəkilsə, qəlblər zərifləşər, duyğular incələr, və bəlkə də dünyada bu qədər qan axıdılmazdı. 
Azərbaycanın mədəniyyətini dünyaya təqdim etmək üçün beynəlxalq festivallar, müsabiqələr və konsert turları olduqca effektivdir. Məsələn, Qəbələ Musiqi Festivalı, UNESCO ilə birgə layihələr və ya Avropa şəhərlərində keçirilən Azərbaycan mədəniyyət günləri həm tanıtım, həm də diplomatik dialoq baxımından əhəmiyyətlidir.
Bundan əlavə, milli musiqi alətləri üzrə ustad dərslərinin keçirilməsi, Azərbaycan muğamının və aşıq sənətinin beynəlxalq təhsil ocaqlarında tədrisi də uzunmüddətli və effektiv mədəniyyət diplomatiyası nümunələrindəndir.
 
-Qloballaşma fonunda Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqla yanaşı, onun orijinallığını qorumaq üçün hansı strategiyalar vacibdir?
 
-Qloballaşma həm imkanlar, həm də təhlükələr yaradır. Azərbaycan mədəniyyətinin orijinallığını qorumaq üçün əsas strategiyalar kimi bu amilləri nəzərinizə çatdıra bilərəm: Təhsil sistemində milli mədəniyyətin möhkəm təmsil olunması - məktəb və ali təhsil pillələrində milli musiqi, incəsənət və folklorun, yəni xalq musiqisinin sistemli tədrisi; Milli irsə dair rəqəmsal arxivlərin yaradılması - muğam, aşıq sənəti, xalq oyunları və digər qeyri-maddi irsin qorunub saxlanılması; Müasir incəsənətdə milli motivlərin təşviqi - Müasir rəssamlar, bəstəkarlar, musiqiçilər və rejissorlar üçün müsabiqələr və müxtəlif layihələri vasitəsilə milli dəyərlərin yaradıcı formada yenidən təqdimatı; Beynəlxalq standartlara uyğunlaşdırma ilə paralel öz dəyərlərimizə sadiqlik - bu, yalnız forma cəhətdən deyil, məzmunun da qorunmasını əhatə edir.
 
-İncəsənət yalnız estetik dəyər yox, həm də iqtisadi potensiala malikdir. Azərbaycanda mədəniyyət sahəsinin iqtisadi imkanları necə dəyərləndirilir?
 
-Bəli, incəsənət həm də ciddi iqtisadi resurs mənbəyidir - bu, "yaradıcılıq sənayesi" adlanır və bir çox ölkədə əhəmiyyət təşkil edir. Azərbaycanda da bu potensial dəyərləndirilməyə başlayıb.
Son illərdə film sənayesi, musiqi festivalları, muzeylərin kommersiyalaşdırılması (turizm daxilində), həmçinin rəqəmsal platformalar vasitəsilə gəlir əldə etmək sahəsində müəyyən addımlar atılıb. Ancaq bu sahənin tam potensialı hələlik istifadə olunmayıb. Daha sistemli vergi güzəştləri, yaradıcı sahibkarlığın təşviqi və regional mədəniyyət obyektlərinin biznes modelinə keçirilməsi bu prosesi sürətləndirə bilər.
 
-Sizin şəxsi yaradıcılıq yolunuzda ən yaddaqalan hadisə və ya çətinlik hansı olub? Bu təcrübələrdən hansı dərsləri çıxarmısınız?
 
-Mənim yaradıcılıq yolumda əlamətdar və eyni zamanda çətin məqamlardan biri ötən il ilk dəfə təşkil edilən ardıcıl iki müəllif konsertlərim oldu. Bu konsertlərdə həmkarım Nuranə Zeynalova ilə birgə öz əsərlərimizi nümayiş etdirdik. Əsərlərimin səhnədə səslənməsi, tamaşaçılar qarşısında ifa olunması və tanınmış musiqiçilər tərəfindən təqdim edilməsi mənim üçün hər zaman xüsusi bir həyəcan doğurur. Həmin an yaşadığım hisslər - həm böyük məsuliyyət, həm də dərin sevinc - mənim üçün unudulmaz idi.
Musiqişünas olaraq ölkə daxilində və beynəlxalq miqyasda keçirilən elmi konfranslarda iştirak da olduqca məsuliyyətli və eyni zamanda önəmli bir fəaliyyətdir. Bu kimi tədbirlər peşəkar inkişaf baxımından mühüm təcrübə qazandırır.
Yaradıcılıq və elmi fəaliyyətimdə mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edən bir sıra şəxsiyyətlərlə əməkdaşlıq və ünsiyyət imkanım olub. Dünya şöhrətli bəstəkar, Xalq artisti Arif Məlikovla yaradıcı təmasım, eləcə də hörmətli müəllimim, Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira xanım Qafarova ilə elmi işim və kitabım üzərində apardığım tədqiqat prosesi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, görkəmli musiqişünas-alim Tərlan Seyidovla əməkdaşlığım mənim peşəkar inkişafımda mühüm rol oynamış və dəyərli təcrübə qazandırmışdır.
Təbii ki, elmi və yaradıcı fəaliyyəti paralel şəkildə həyata keçirmək böyük əmək və zaman tələb edir. Ən ciddi çətinliklərdən biri həm elmi araşdırmalar, həm də bəstəkarlıq prosesini uzlaşdırmaq idi. Hər iki sahə dərin konsentrasiya, davamlılıq və yüksək enerji tələb edirdi. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmaq da mənə zövq verir. 
Bu təcrübə mənə öyrətdi ki, istedadın inkişafı üçün yalnız yaradıcılıq qabiliyyəti kifayət etmir; eyni zamanda dözüm, inadkarlıq və özünə inam da vacib amillərdir. Lakin ən başlıcası - sənətə sadiq və dürüst qalmaq prinsipidir. Bunları da ustadlarımdan öyrəndim...

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31