“Təcavüzkarın qarşısında susanda...” - MÜSAHİBƏ

Elman Nəsirov: “Minsk qrupunun həmsədrləri Ermənistana qarşı ciddi iradlarını bildirməlidirlər”

Noyabrın 4-də regiona səfərləri çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tam tərkibdə Azərbaycana səfər ediblər və ölkə prezidenti İlham Əliyev, eyni zamanda müdafiə naziri Zakir Həsənov ilə görüşüblər. Bunun ardınca onlar Ermənistana səfərə yollanıblar.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri ilə bağlı fikirlərini "OLAYLAR"a bildirib: "Bu səfər haqqında nə demək olar? Hesab edirəm ki, bu səfərin ilk özəlliyi onunla bağlıdır ki, bu səfər Azərbyacanda keçirilən prezident seçkilərindən sonrakı dövrə təsadüf edir. Eyni zamanda bu səfərin digər bir özəlliyi odur ki, həmsədrlərdən biri ABŞ-ın yeni həmsədri bundan əvvəl regiona səfər edib və Londonda görüşlər keçirib".

Elman Nəsirov qeyd edir ki, həmsədrlərin bu səfərində əsas məqsəd Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə nail olmaqdan ibarətdir. Elman Nəsirovun sözlərinə görə, həmsədrlər özləri də istisna etmirlər ki, bu ilin sonuna qədər belə bir görüşün keçiriləcəyinə nail olacaqlar.

Politoloq səfərlə bağlı onu da vurğulayır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yeni təkliflər səsləndirməyiblər, təkliflər köhnə təkliflərdir. Bu  təkliflər 2009-cu ilin dekabr ayında Afinada səsləndirilmiş Madrid prinsiplərindən irəli gələn təkliflərdir.

Gənc professor diqqətə çatdırıb ki, Azərbaycanın da bu məsələ ilə bağlı dəyişməz mövqeyi var.  Onun sözlərinə görə, bu mövqe ondan ibarətdir ki, Azərbaycan tərəfi münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdır, dinc danışıqlar yolu ilə münaqişənin tənzimlənməsi yoluna üstünlük verir.

Elman Nəsirov: "Azərbaycanın danışıqlar naminə danışıqlara getmək niyyəti yoxdur".

Yəni Ermənistan tərəfinin mövqeyində konstruktivlik yoxdursa növbəti görüşlərin keçirilməsinin əhəmiyyəti nədədir?! Artıq bu halda statistika işləmir. 1999-cu ildən bu yana prezidentlər artıq 46 dəfə görüşüblər. Amma ortada bir irəliləyiş yoxdur. Ermənistanın mövqeyində pozitiv bir irəliləyiş varmı? Elman Nəsirov hesab edir ki, yoxdur.

Politoloq Elman Nəsirov Ermənistan prezidenti Serj sarkisyanın AŞPA-nın tribunasından səsləndirdiyi fikirlərə də toxunub: "Ermənistan prezidenti Serj Sarkisyanın oktyabrın 2-də Strasburqda hədələyici bəyanatla çıxış edib və Azərbaycan torpaqlarının 30%-ə qədər işğal etmək niyyətlərinin olduğunu da gizlətməyib. Bu isə danışıqlar prosesinə arxadan vurulmuş çox ciddi bir zərbədir. Həm də həmsdrlərin imicinə və tənzimləmə prosesinə vurulmuş zərbədir. Belə olan vəziyyətdə hesab edirəm ki, həmsədrlər Ermənistan tərəfinə öz ciddi iradlarını bildirməlidirlər".

Politoloq təcavüzkar Ermənistan barədə fikirlərini sərt şəkildə ifadə edib: "Təcavüzkarın qarşısında susanda, ona təzyiq etmədikdə o, şirniklənir. Avropa təcavüzkarın şirnikləndirmə siyasətinin Avropanı II Dünya Müharibəsinə gətirib çıxardığının fərqində olmalıdır. Cinayətkar cəzasız qalanda o yeni cinayətlərə həvəsli olur. Bu reallığı nəzərə alaraq hesab edirəm ki, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı bütün səylərinə baxmayaraq Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyində heç bir irəliləyiş yoxdur".

Elman Nəsirov hesab edir ki, əgər Ermənistan prezidentinin çıxışında hərbi ritorika üstünlük təşkil edirsə, bu o deməkdir ki, Ermənistanda vəziyyət dünənkindən də pisdir. Əgər sabah Ermənistan prezidenti daha kəskin, təhdid dolu bəyanatlarla çıxış edəcəksə bu o deməkdir ki, sabah Ermənistanda vəziyyət bugünkündən də pis olacaq.

Politoloq hesab edir ki, Minsk qrupunun həmsədrlərinin Ermənistan və Azərbaycan prezidentlərini növbəti dəfə görüşdürmək cəhdləri nə qədər müsbət səslənsə də amma onu reallaşdırmaq üçün münbit şərait yarada bilməmək reallığı da etiraf edilməlidir. Elman Nəsirov bir daha qeyd edib ki, nə qədər ki həmsədrlər bu reallığı qəbul etməyəcəklər danışıqlar prosesi beləcə nəticəsiz qalacaq.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31