“Bəzi dairələr Azərbaycanın demokratik və sabit inkişafında maraqlı deyillər” - MÜSAHİBƏ

Seymur Orucov: “Bu bizdə onlara qarşı bir ikrah hissi yaradır”

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovun "OLAYLAR"-a müsahibəsi

-Seymur müəllim, Azərbaycan gəncliyi olaraq İlham Əliyevin prezidentliyinin növbəti beş ilində gözləntiləriniz nədən ibarətdir?

-Azərbaycan prezidenti cənab İlham Əliyevin gözəl idarəetmə qabiliyyəti var. Hər hansı bir mərkəzi icra hakimiyyəti orqanında axsama və ya gözlənilən nəticə olmadığı halda dövlət başçısı dərhal o prosesə müdaxilə edir və həmin məsələlər aradan qaldırılır. Azərbaycan gəncliyi olaraq bir çox gözləntilərimiz var.  Bunlardan biri odur ki, Gənclər Proqramının bundan sonrakı mərhələsinə start veriləcək. Həmçinin ipoteka kreditlərinin verilməsinin sadələşdirilməsi ilə bağlı məsələnin həllini tapacağını gözləyirik. Xüsusilə, regionlarda, kəndlərdə də həmin yerlərə uyğun şəkildə ipotekanın verilməsi gözlənilir.  Azərbaycanda yeni ali təhsil müəssisələri yaradılıb ki, onların da fəaliyyətinin güclənəcəyini düşünürük. Düşünürük ki, gənclərin istər qeyri-hökumət təşkilatları, istərsə də siyasi təşkilatları olsun, gələcəkdə onlar daha da aktivləşəcək, Azərbaycanın ictimai-siyasi proseslərində fəal iştirak edəcəklər. Azərbaycan gəncliyi artıq diaspora fəaliyyətində bir institut kimi formalaşmağa başlayıb və gələcək beş il ərzində cənab prezidentin dəstəyi ilə həmin proses yeni məzmunda və nəticəli, effektiv fəaliyyət göstərməyə başlayacaq.

-Qarşıdan Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü gəlir. Gənclərin hakim partiyanın fəaliyyətindəki rolunu necə dəyərləndirirsiniz?

-Yeni Azərbaycan Partiyasının gənclər qanadı, xüsusilə YAP Gənclər Birliyi çox aktivdir. Xüsusilə sosial şəbəkələrdə bu aktivlik özünü göstərir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində gənclər üçün müxtəlif kurslar təşkil olunur, onlar üçün ideyanı paylaş layihələri həyata keçirilir. Həmçinin hökumət orqanlarının nümayəndələri ilə görüşlər, seminarlar təşkil edilir, gənclər üçün dil, natiqlik kursları keçirilir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən bu cür işlər davam etdirilir. Bir məqamı da qeyd edim ki, seçki prosesində bizim partiyanın gəncləri çox aktiv iştirak etdilər. Hazırda da işlər həmin templə davam edir və gənclər özləri üçün yeni-yeni layihələr reallaşdırmaq istiqamətində çalışırlar. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının keçirdiyi bütün tədbirlərdə gənclər yaxından iştirak edirlər.

-Yeni Azərbaycan Partiyası Gənclər Birliyi yaxın vaxtlarda konkret hansı layihələr həyata keçirməyi düşünür?

-Hazırda bu istiqamətlərdə müzakirələr gedir. Yeni həyata keçiriləcək layihələrlə bağlı gələn həftə müvafiq qərar veriləcək. İndiki mərhələdə rayon təşkilatları, YAP Gənclər Birliyinin ofisi tərəfindən təkliflər hazırlanır. Aparılan müzakirələrdən sonra həyata keçiriləcək yeni layihələr barədə məlumat veriləcək.

-Prezident seçkilərindən xeyli vaxt keçsə də, lakin hələ də bir sıra xarici dairələr Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə kölgə salmağa çalışırlar. Sizcə burada məqsəd nədir və mövqeyiniz nədən ibarətdir?

-Bizim mövqeyimiz birmənalıdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də çox düzgün, yerində məqamında onu məntiqli şəkildə analiz etmişdir. Həqiqətən də Avropanın bəzi qurumları, xüsusilə ATƏT-in İnsan Haqları Komiəsi və ya Birləşmiş Ştatlar özlərini dünyada demokratiyanın daşıyıcısı kimi göztərsələr də, seçki ilə bağlı məsələlərdə demək olar ki, özlərini biabırçı hala saldılar. Çünki onlar özləri də gözəl bilirlər ki, Antimilli Şuranın namizədi Cəmil Həsənli, və ya digər siyasi blokların namizədləri cənab İlham Əliyevə ciddi rəqib ola bilməzdilər. Bu açıq-aşkar ortada olan bir məsələdir. Bunun qarşılığında həmin dairələrin belə bir mövqedən çıxış etmələri onu deməyə əsas verir ki, həmin dairələr Azərbaycanın demokratik və sabit inkişafında maraqlı deyillər. Onlar öz maraqları nöqteyi nəzərindən istəmirlər ki, Azərbaycanın stabil şəkildə inkişafı davam etsin. Ola bilər ki, onlar Azərbaycana hansısa bir təzyiq etməklə regiondakı situasiyanı öz xeyirlərinə dəyişmək, Azərbaycan dövlət başçısının apardığı müstəqil siyasətə bu və ya digər formada müdaxilə etmək istəsinlər. Bir məqamı qeyd edim ki, adını çəkdiyimiz dairələrin seçkilərlə bağlı nümayiş etdirdikləri mövqe Azərbaycan xalqının iradəsinə qarşı olan hörmətsizlikdir. Bu cür qeyri-normal yanaşmanı gözləımirdik. Düzdür, Birləşmiş Ştatlar bizim müttəfiqmiz, dost dövlətimizdir və birgə çalışırıq. Ancaq prezident seçkilərinin nəticələri ilə bağlı Birləşmiş Ştatlardan bu cür bəyanatların verilməsi bizdə onlara qarşı bir ikrah hissi yaradır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31