“Müxalifətin taktikası yalnışdır” - Sərdar Cəlaloğlu - MÜSAHİBƏ

“Əgər müxalifət prezident seçkilərinə çoxlu namizədlə gedəcəksə, onda kifayət qədər gücü olmayan müxalifətin elektoratı bir qədər parçalanacaq”

"Çalışmalıyıq ki, vahid namizəd, vahid komanda və vahid platforma ilə çıxış edək"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "OLAYLAR"-a müsahibəsi

-Sərdar bəy, hazırda müxalifətdaxili vəziyyəti necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan müxalifəti daxilində həddən artıq ziddiyətlər var. Həmrəylik meyilləri, müxalifətin gücünün bir araya gətirilməsi ilə bağlı ciddi səylər yoxdur və lazım olan axtarışlar aparılmır. Birmənalı şəkildə deyərdim ki, Azərbaycan müxalifəti bu gün tənəzzül dövrünü yaşayır.

-Azərbaycan müxalifətinin prezident seçkilərinə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

-Azərbaycan müxalifətinin prezident seçkilərinə hazırlıq taktikası yalnışdır. Müxalifət prezident seçkilərinə dağınıq şəkildə getməli deyil. Çalışmalıyıq ki, vahid namizəd, vahid komanda və vahid platforma ilə çıxış edək və prezident seçkilərində Azərbaycan seçicisi iki güc, iqtidar və müxalifət təmsilçisi seçimi qarşısında qalsın. Yox əgər müxalifət prezident seçkilərinə çoxlu namizədlə gedəcəksə, onda kifayət qədər gücü olmayan müxalifətin elektoratı bir qədər parçalanacaq. Sonda isə heç bir nəticə olmayacaq. Ümumiyyətlə, demokratikləşmənin özü tələb edir ki, ayrılmış qüvvələr yenidən bir araya gəlsin. Bir yerdə ki, çoxlu sayda partiya yaradılıb və həmin partiyalar yenidən bir araya gələ bilmir, deməli o partiyalarda idarəçilik, yürüdülən siyasət qüsurludur. Bu baxımdan bu gün kim özünü demokrat kimi göstərmək istəyirsə inteqrasiyanın tərəfdarı olmalı, müxalifətin birgə mübarizəsinə maraq göstərməlidir.

-Ancaq görünən odur ki, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası vahid namizəd məsələsini qətiyyətlə yaxına buraxmır. Sizcə, həmin partiyaların belə bir mövqedən çıxış etməsi nə ilə bağlıdır?

-Səbəblərdən biri odur ki, həmin şəxslər vahid namizəd məsələsində başqasının namizədliyini müdafiə etməyi ağıllarına belə gətirmirlər. Ona görə də onlar vahid namizəd ideyasından kənara qaçırlar. Digər tərəfdən vahid namizəd ideyasından ona görə imtina edirlər ki, həmin ideyanın reallaşmasında özlərinin bilavasitə maraqlarının təmin olunmasını gözləyirlər. Bir qədər də dəqiqləşdirsək onlar vahid namizəd məsələsindən qrup və fərdi maraqlara görə imtina edirlər. Həmçinin özlərini vahid namizəd kimi görməmək narahatçılığı var ki, bu da vahid namizəd məsələsinin reallaşmasına mane olan amillərdəndir. Bu və ya digər amillərdən dolayı həmin partiyalar müxalifətin ayrı-ayrılıqda prezident seçkilərinə qatılmasında maraqlı görünürlər. Ümumiyyətlə, demokratiya dedikdə tələblə yanaşı imtinaya da diqqət yetirmək lazımdır. Normal cəmiyyətlərdə insanlar vəzifələr, özlərinin iqtisadi maraqları, ambisiyalarından imtina etdikləri təqdirdə cəmiyyət demokratikləşməyə başlayır. Bizdə isə imtina ən lazımsız, dəyərsiz bir söz kimi dəyərləndirilir. Halbuki demokratikləşmə üçün mütləq imtinalar olmalıdır. Canımızdan imtina edib xalqımızı qorumağı, ambisiyalarımızdan imtina edib müxalifətin birliyinə nail olmalı, qrup maraqlarından imtina edib ictimai maraqlara xidmət etməliyik. Əgər bizdə imtina mədəniyyəti, düşüncəsi yoxdursa bizim demokratiyaya ciddi xeyir verməyimiz də mümkün deyil.

-Müxalifət vahid namzəd müəyyən edə bilməyəcəyi təqdirdə Azərbaycan Demokrat Partiyası seçkilərdə hansı mövqedən çıxış edəcək?

-Hələlik düşünmürəm ki, vahid namizəd məsələsi münkün deyil, qeyri-real bir ideyadır. Sadəcə olaraq indiki halda seçkilərə bir qədər müəyyən məsafə var. Həmçinin bəzi qüvvələrin müəyyən ümidləri var. Ona görə də hesab edirəm ki,  situasiya vahid namizəd ideyasını aktuallaşdıracağı təqdirdə heç kim onun əleyhinə çıxa bilməyəcək. Ona görə də hələlik bu ideyanı bir kənara qoymağı düzgün hesab etmirəm.

-Azərbaycan Demokrat Partiyasını ardınca bu günlərdə Vətəndaş və İnkişaf Partiyası da konstruktiv mövqe nümayiş etdirərək bundan sonra barış partiyası kimi fəaliyyət göstərəcəyini bəyan etdi. Sizcə digər müxalifət partiyaları da öz siyasətlərində müəyyən korrektələr etməlidirlərmi?

-Müxalifət bu məsələdə iqtidardan daha çox irəlidədir. Hətta ən radikal meyilli qurum hesab edilən İctimai Palata da bir müddət əvvəl "Yol xəritəsi" adlı sənəd hazırlayaraq hakimiyyətə göndərdi. Bunun özü də siyasi dialoqa meyillilikdir. Ümumiyyətlə, müxalifət bu məsələdə həmişə hazırdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31