Gürcüstandakı seçkilərdə Qərb, yoxsa Rusiya qalib gəldi? - MÜSAHİBƏ
Elman Nəsirov: “Seçkilərin nəticələrinə qiymət versək, burada şahmatdakı pat vəziyyətinin olduğunu görərik”
28 Oktyabr 2013 15:02 MüsahibəAzərbaycandan sonra Cənubi Qafqaz regionunun daha bir ölkəsi olan Gürcüstanda prezident seçkiləri keçirildi. Artıq seçkinin nəticələri də bəllidir. Səsvermənin nəticələrinə görə, seçkilərdə baş nazir İvanaşvilinin rəhbərlik etdiyi "Gürcüstanın Arzusu" Koalisiyasının namizədi, Gürcüstanın təhsil naziri və baş nazirin müavini Georgi Marqvelaşvili qələbə qazanıb. Bəzi analitiklər seçkinin nəticələrini Rusiyanın, digər bir qismi isə Qərbin qələbəsi kimi dəyərləndirsələr də, tamam fərqli mövqedən çıxış edənlər də var. Bəs görəsən, reallıqda Gürcüstandakı seçkinin nəticələri hansı xarici dairələr üçün əlverişlidir? Yaxud bundan sonra rəsmi Tbilisinin xarici siyasətində, xüsusilə Azərbaycanla olan əməkdaşlıqda hansısa dəyişikliklər baş verəcəkmi? Bu və ya digər suallara politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun direktoru, politoloq Elman Nəsirov aydınlıq gətirib. Elman Nəsirov "OLAYLAR"-a verdiyi müsahibədə yeni Gürcüstan prezidentinin həyata keçirəcəyi xarici siyasət kursu, onun Azərbaycana olan mövqeyi barədə də danışıb. Bildirib ki, Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycana münasibət mənfi istiqamətdə dəyişməyəcək.
-Elman müəllim, Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini necə dəyərləndirirsiniz? Seçkilərdə Rusiya, yoxsa Qərb uğur qazandı?
-İndiki halda seçkilərin nəticələrinə qiymət versək burada şahmatdakı pat vəziyyətinin olduğunu görərik. Desək ki, seçkilərdə Rusiya qalib gəlib və Qərbin mövqeləri tamamilə sarsılıb, düzgün olmaz. Çünki Qərb heç bir halda öz mövqelərini rahatlıqla Rusiyaya verməz. Digər tərəfdən İvanaşvili və onu dəstəkləyən qüvvələrin mövqeyi belədir ki, heç bir halda MDB-yə daxil olmaqdan söhbət gedə bilməz. Yəni, Gürcüstan bir daha MDB-yə qayıtmayacaq. Bu son dərəcə vacib bir mövqedir. Qərb qətiyyətlə istəyir ki, Gürcüstan tərəfindən MDB-yə qayıdış olmasın. Bunu da Gürcüstan bəyan edib. Onu da nəzərə almaq lazımdır ki, Qərbin Rusiya ilə çox ciddi problemləri var. Eyni zamanda Mixail Saakaşvili və onun tərəfdarları Rusiya ilə münasibətləri daha da gərginləşdirirdilər. Heç şübhəsiz ki, bu da Qərbin mənafeyinə uyğun deyildi. Məhz bu nöqteyi nəzərdən Rusiya ilə münasibətləri tənzimləyə biləcək qüvvələrin hakimiyyətə gəlməsi Qərb üçün maraqlı idi və Qərb buna etiraz etmirdi. Ancaq bir şərtlə ki, "qırmızı xətt" keçilməsin. Yəni, Rusiya Ermənistanda olduğu kimi Gürcüstanda da hərbi baza yerləşdirmək planları barədə düşünməsin. Bu zaman "qırmızı xətt"i keçmək anlamına gəlmiş olar. Sadəcə, elə bir hakimiyyət olsun ki, o, Rusiya ilə normal münasibətlər qursun, tərəfdaşlıq münasibətləri formalaşdırsın. Necə ki, NATO ölkəsi olan Türkiyənin Rusiya ilə çox ciddi ticari, iqtisadi əlaqələri var, eyni hakimiyyəti də Qərb Gürcüstanda görmək istəyir. Bu baxımdan seçkiləri Qərbin uğuru kimi qiymətləndirmək olar. Rusiyanın uğuru isə ondan ibarətdir ki, indiki hakimiyyətin yeridəcəyi siyasət Saakaşvili hakimiyyətinin siyasətindən fərqli olacaq. Heç kimə sirr deyil ki, Saakaşvilinin zamanında Rusiya-Gürcüstan münasibətləri hətta düşmənçilik səviyyəsinə qalxmışdı. Ancaq indiki halda fərqli yanaşma özünü göstərəcək. Bütün bunları nəzərə alaraq proseslərə qalib və ya məğlub anlamında yanaşmaq düzgün olmazdı. Məsələyə geniş geopolitik baxımından yanaşdıqda burada hər iki tərəf qalib qismində görünür. Bu vəziyyət həm Qərb, həm də Rusiyaya sərf edir.
-Bəs Azərbaycanla münasibətlərdə hansı yeniliklər və ya dəyişikliklər ola bilər? Çünki İvanaşvili baş nazir seçildikdən sonra Azərbaycanla bağlı heç də xoş olmayan fikirlər, bəyanatlar səsləndirdi.
-Gürcüstanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu yükü öz çiyninə götürdükdən sonra real siyasət başlayır. Seçkiqabağı kampaniyası zamanı çox şey demək olar. Ancaq hakimiyyəti öz üzərinə götürdükdən sonra praqmatizm, məsuliyyət hissi daha çox artır. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, istənilən hakimiyyət Gürcüstanın bu günkü mövcudluğu, inkişafında Azərbaycan amilinin çox mühüm, böyük rol oynadığının fərqindədir. Çünki Gürcüstanın da iştirak etdiyi çox geostrateji əhəmiyyəti olan mühüm layihələrdən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrinin müəllifi, təşəbbüskarı Azərbaycandır. Gürcüstan Azərbaycanın hesabına bu layihələrdən çox böyük maliyyə qazancı əldə edir. Nəzərə alaq ki, Gürcüstanın təbii ehtiyatları yoxdur və belə bir layihələr Tbilisi üçün hava-su kimi lazımdır. Gürcüstanın enerji təminatında Azərbaycan mühüm rola və potensiala malikdir. Eyni zamanda bu ölkədə bizim 500 mindən artıq soydaşımız yaşayır. Ona görə də hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olması iqtidarın xeyrinədir və onun mənafeyinə xidmət edir. Ona görə də demək olar ki, Gürcüstanda hakimiyyətə yeni qüvvələr gəlsə belə Azərbaycanla münasibətlər qorunub-saxlanılacaq, daha isti məcrada inkişaf etdirləcək. Çünki istənilən qüvvə bu xəttə sadiq olmağa məcbur və məhkumdur.
Süleyman İsmayılbəyli