“Qurban ət yemək bayramı deyil” - MÜSAHİBƏ
Kənan Rövşənoğlu: “Bayramda süfrə açmaq, maddi imkanın varsa ehtiyacı olan kasıb insanların evində süfrə açılmasına yardım etmək savabdır”
17 Oktyabr 2013 11:35 MüsahibəMüsahibimiz dini-ekspert Kənan Rövşənoğludur.
- Son dövrlərdə Qurban bayramı ilə əlaqədar müxtəlif fikirlər səsləndirirlər. Xristian dairələrinin təsirinə düşmüş bəzi adamlar bu bayramı aşağılayır, bunu "heyvanların kütləvi soyqırımı günü" adlandırırlar. Kənan bəy, bunu nə dərəcədə düzgün hesab edirsiniz, ümumiyyətlə, qurban kəsmək vacibdirmi?
- Qurban bayramını heyvan soyqırımı adlandırılması İslamın mahiyyətindən xəbərdar olmayan adamların və daha çox İslamı gözdən salmaq məqsədinə xidmət edir. Qurban sözü "qurbə", "yaxın olmaq" sözündən götürülüb. Yəni qurban kəsən insan bununla Allaha yaxın olmağa cəhd edir. Qurani Kərimin Həcc surəsinin 37-ci ayəsində buyurulur: "Onların (yəni kəsilən heyvanların. K) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!". Dini rəvayətlərə əsasən, İbrahim peyğəmbər Allahdan gələn hökmü icra etmək üçün oğlu İslamyılı Mina dağına aparıb qurban kəsmək istəyir. Ancaq Allah İbrahimə oğlunu deyil, bir qoç qurban kəsməyi əmr edir. Bu hadisə qədim dövrlərdə bəzi xalqlarda olan insan qurban etmə əməlini qadağan edilməsi, Allaha sonsuz itaətin simvolu kimi dəyərləndirilir. Ancaq Qurban kəsmənin ən mühüm tərəflərindən biri yardımlaşmadır. Yəni qurban (qoyun, inak və ya dəvə) kəsən insanın əsas məqsədi bu əti yemək və ya məhv etmək deyil, bu əti ehtiyacı olan insanlara bağışlamaq, onların doyurmaqdır. Təbii ki, ət kəsilməsi yuxarıda qeyd etdiyim tarixi-dini hadisə ilə əlaqədar Qurban bayramının bir əməlidir. Ancaq Qurban bayramında yerinə yetirilən başqa əməllər də var. Müsəlmanlar onu hər bayram icra edirlər. bunlar: namaz qılmaq, dua etmək, ehtiyacı olan insanlara yardım etmək, xəstə və qohumların ziyarəti kimi müxtəlif əməllərdir ki, dində tövsiyə olunur. Qurbanda məqsəd hansısa heyvanı mütləq öldürmək deyil, ehtiyacı olan insanlara yardım etməkdir. Qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacib (həzrət İbrahimin yerinə yetirdiyi əməli xatırlayın), həccdə olmayanlar üçünsə müstəhəb, yəni bəyənilən əməldir. Yuxarıda qeyd etdiyimiz kimi, ehtiyaclı insanlara yardım etmək mənasında.
- Heyvan kəsməyib onun dəyəri müqabilində uşaq evlərinə, qocalar evlərinə kömək etmək daha düzgün olmazdımı?
- Yəni ət kəsmək sadəcə həcdə olanlar üçün vacibdir, qalanları üçün müsbtəhəb əməldir. Əlbəttə, Qurbanın əsl hədəfi ehtiyaclılara yardım etməklə Allaha yaxın olmaq, Onun razılığın qazanmaqdır. Bu niyyətlə edilən bütün əməllər (hər kəsin gücü yetdiyi qədər) savabdır və təqdir olunur. O cümlədən kasıblara, ehtiyaclı insanlara, xəstə və uşaq evlərinə.
- Bəzi möhtəkirlər, işadamları Qurban bayramında ətin qiymətini qaldırırlar. Sizcə bu nə dərəcədə doğrudur?
- "Qurani-Kərim"də buyurulur: Vəylun lil mutaffifin, yəni vay olsun çəkidə aldadanlara. İstənilən halda möhtəkirlik, çəkidə aldatma günah əməldir. Xüsusən də insanların yardım etmək, xeyirxahlıq niyyətlərindən sui-istifadə etmək günahdır.
- Belə bir səhv inanc var ki: "Bu bayramda hər bir müsəlman mütləq qurban əti yeməlidir". Kənan bəy, bunda həqiqət varmı, varsa necə izah edərdiniz?
- Bayramda süfrə açmaq, maddi imkanın varsa ehtiyacı olan kasıb insanların evində süfrə açılmasına yardım etmək savabdır. Çünki bu bir bayramdır və hər kəsin bu bayramda ac qalmaması, ailəsində süfrə açması tövsiyə olunur. bu baxımdan müsəlmanların ən böyük dini bayramı olan Qurban bayramı günü süfrə açmalarında qəbahətli nəsə görmək doğru deyil. hər bir mədəniyyətdə, hər bir xalqda bayram günü zəngin süfrə açmaq, bol çeşidli yeməklər, şirniyyatlar hazırlaması adəti var. Bunu müsəlmana qadağan etmənin məntiqi və ya izah yoxdur.
Ömər Zamin