“Uğura aparan yollar tikanlı olur” - MÜSAHİBƏ
Ramilya Əliyeva: “Qadın olmaq və arzulara doğru addımlamaq asan deyil, amma çətinliklər insanı daha mətin edir”
9 Oktyabr 2013 17:12 MüsahibəGürcüstan Ombudsman Aparatının Milli Azlıqlar Şurasının üzvü, Gürcüstan İctimai Televizyasında yayımlanan "Moambe" ("Xəbərlər") proqramının Azərbaycan redaksiyasının diktoru Ramilya Əliyevanın "OLAYLAR" İA-ya müsahibəsini təqdim edirik.
- Bir neçə aydır ki, Azərbaycan mətbuatının gündəmində olan Ramilya Əliyevanı tanıyaq?
- Sadəcə, Azərbaycandan kənarda yaşayan, xalqını və vətənini sevən adi bir azərbaycanlı xanımam.
- Gürcüstandakı iş fəaliyyətinə başlamağınız barəsində danışardınız.
- Qardabani rayonunda Azərbaycandilli məktəbi bitirmişəm, sonra İlia Çavçavadze adına Dövlət Universitetinin filalogiya fakültəsinin bakalavr və magistr pilləsində təhsil almışam. Universitet illərindən jurnalistikaya böyük həvəsim olduğundan bu sahədə müəyyən addımlar atmağa cəhd etmişəm, bir çox qəzetlər üçün məqalələr yazmışam, daha sonra gürcüdilli "İnformator", Azərbaycan-gürcü dillərində nəşr olunan "Timer" qəzetinin baş redaktoru olmuşam. Bir neçə il ərzində Gürcüstanın İctimai Televiziyasında müxbir, daha sonra aparıcı vəzifəsində işləmişəm. Jurnalistika ilə yanaşı hüquq sahəsində də özümü sınamağa xüsusi həvəsim olub. İnsan hüquqlarına dair müəyyən təhsil proqramlarını keçmişəm, Gürcüstanın polis Akademiyasında insan hüquqları üzrə dərs demişəm. Hazırda bu ölkənin Ombudsman Aparatının Milli Azlıqlar Şurasının üzvüyəm. Eyni zamanda Qara Dəniz Universitetinin (İBSU) doktorantura pilləsinin beynəlxalq əlaqələr fakültəsində təhsilimi davam etdirirəm.
- Milliyyətcə Azərbaycan türküsünüz. Ramilya xanım, Gürcüstan kimi millətçi ənənələrinə üstünlük verən ölkədə çalışmaq sizin üçün çətin deyil ki?
- Şərəflidir. Azərbaycandan kənarda öz milli təfəkkürünü qoruyub saxlamaq çətin ola bilər, lakin bu böyük şərəfdir. Gürcüstan dövlətinin tam hüquqlu vətandaşıyam, bu ölkənin qayda-qanunlarına riayət edirəm, dövlət dili olan gürcü dilini, bir çox etnik gürcüdən daha yaxşı bilirəm. Ancaq bütün bunların əsasında mənim milli təfəkkürüm - azərbaycançılığım durur.
- Bir neçə ay bundan qabaq baş nazir Bidzina İvanişvilinin sizi Gürcüstanın Energetika naziri təyin edəcəyi barədə məlumatlar yayıldı. Son olaraq da məsələyə iyul ayının 5-də aydınlıq gətiriləcəyi deyilirdi. Məsələ necə oldu?
- Adımın hələ gənc yaşımda belə bir vəzifəyə təyin ediləcəyimlə bağlı hallanması mənimçün artıq böyük cavabdehlik və uğurdur. Baş nazir İvanişvili ağıllı və uzaqgörən insandır. Onun hər hansı kəs haqqında belə fikirdə olması və söz deməsi həqiqətən də fəxr ediləsidir. Düşünürəm ki, hər şeyin öz zamanı var və təyin olunan vaxtda hər şey öz yoluna düşür. Ölkəyə xidmət məsələsinə gəldikdə isə, vəzifədən aslı olmayaraq həmişə bu xidməti fərəhlə yerinə yetirməliyik.
- Təzəlikcə Gürcüstan İctimai Televiziyasında yayımlanan "Moambe" ("Xəbərlər") proqramının Azərbaycan redaksiyasına diktor vəzifəsinə təyin olundunuz. Yeni işinizdən razısınızmı?
- Yeni işimdən razıyam. Hər bir işdə pozitiv axtarmaq lazımdır. Düşünürəm ki, insan daim dayanmadan öz arzu və istəklərinə doğru addımlamalıdır. Uğura doğru aparan həyat yolları həmişə tikanlı olur. Lakin qorxan gözə çöp düşər deyib atalar. Hər çətin anımda, "Küləkdən sovrulmuşlar"ın son səhnəsi yadıma düşür... Qadın olmaq və arzulara doğru addımlamaq asan deyil, amma çətinliklər insanı daha mətin edir.
- "Facebook"da "Qarabağ" Futbol Klubunun forması ilə şəkilləriniz yayıldı. Qeyd edək ki, "Gefle" ilə oyunqabağı bu jestiniz Azərbaycanda böyük rəğbətlə qarşılandı. Ondan sonra belə təsəvvür yarandı ki, azarkeşi olduğunu komanda "Qarabağ"dır.
- Doğru təxmin edilib, həqiqətən də "Qarabağ" FK-nın azarkeşiyəm. Bu klubun koordinatoru Emin Abbasov Gürcüstana səfəri zamanı mənə klub adından komandanın formasını hədiyyə etdi. Bu komandanın bütün oyunlarını izləyirəm və həmin vaxt mütləq əynimdə bu komandanın ağ-qara forması olur. "Qarabağ" adi futbol komandası deyil. O, özündə milli təfəkkürümüzü, ağrımızı, mənliyimizi daşıyan birlikdir. Bu klubun oyunçusu və azarkeşi olmaq şərəflidir. Arzu edərdim ki, "Qarabağ" FK-nın, ümumiyyətlə Azərbaycan futbolunun qələbə sədası ən möhtəşəm arenalardan gəlsin.
- Gürcüstan doğulduğunuz yer, Azərbaycan milliyyətinizin bağlı olduğu ölkə - bu adlar sizə nə deyir?
- Bu haqda düşünəndə Səməd Vurğunun bir misrası yadıma düşür: "Ayrılarmı könül candan?!". Gürcüstan böyüdüyüm, suyunu içdiyim, çörəyini yediyim məkandır. Azərbaycan canımın, varlığımın, mənliyimin əsası, başlanğıcıdır, Gürcüstan vətənimdir, Azərbaycan - başımın tacı, biri könlüm, digəri canımdır. Bu anlamlar isə bir-birindən ayrılmaz.
- Həyatınızda ən maraqlı an hansı olub?
- Həyatımın özü bütövlükdə maraqlı bir andır. Çox maraqlı, ağrılı, acılı anlarla dolu bir həyat yaşamışam... Elə vaxt olub ki, ətrafım istəklərimə, arzularıma qarşı olub. Amma mübarizədən bir an da olsun geri çəkilməmişəm. Həyat hər bir halda davam edir. Sadəcə onun necə olacağını əvvəlcədən təyin etməyi bacarmalıyıq. Həyatımızın ssenari müəllifi, rejissoru da özümüz olmalıyıq.
Ömər Zamin