Alimentin miqdarını necə azaltmaq olar? - ŞƏRH

Dünyamin Novruzov: “Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin olub- olmamasını müəyyənləşdirməlidir”

Oxucuların suallarını Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov cavablandırır.

- Xarici məhkəmə qətnaməsinin Azərbaycan Respublikasında icrası üçün hansı məhkəməyə müraciət etmək lazımdır?

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 462-ci maddəsinə görə xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. Mülki Prosessual Məcəllənin 464-cü maddəsinə görə xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

-  Məhkəmə qətnaməsi əsasında bir uşağım üçün 4 ildir ki, aliment ödəyirəm. Alimentin məbləğinin azaldılması üçün məhkəməyə müraciət etmək istəyirəm. Məhkəməyə iddiamın əsası kimi hansı sənədləri təqdim etməliyəm?

-  Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə, əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər. Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub- olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər. Məsələn, Siz yeni nikaha daxil olmusunuzsa və bu nikahdan övladınız varsa, onda nikah haqqında şəhadətnaməni və həmin nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin əslini və ya təsdiqlənmiş surətini əlavə etməlisiniz; və ya əmək haqqınızda azalma olmuşdursa, iş yerindən əmək haqqının azalması barədə arayışı təqdim etmək lazımdır. İş yerindən çıxmısınızsa və heç bir yerdə işləmirsinizsə, onda işdən çıxarılma barədə əmrin, əmək kitabçasının və işsizliyə görə qeydiyyata alınma barədə arayışın əslini və ya surətini məhkəməyə vermək lazımdır.

-  Məcburi köçkünəm. Pensiyaya çıxmaq istəyirəm, lakin iş stajımı təsdiq edə bilmirəm. Çünki əmək kitabçam Kəlbəcər rayonunda qalmışdır. Bu halda, iş stajımı məhkəmə müəyyən edə bilərəmmi?

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 21 sentyabr 2010-cu il tarixli 941 nömrəli Əmri ilə təsdiq olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 3.4-cü bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, Siz sosial sığorta stajınızın  müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.

-  Mirasın qəbulu faktının tanınması üçün məhkəməyə hansı sübutlar təqdim edilməlidir?

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə mirasın qəbulu mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu barədə ərizənin verilməsi və ya əmlaka sahiblik edilməyə və ya əmlakın idarə olunmasına faktik başlanılması və bununla da mirasın qəbul edildiyinin şəksiz nümayiş etdirilməsi ilə mümkündür. Qeyd edək ki, notariat kontoruna tələb olunan bütün sənədlər təqdim edilməsinə baxmayaraq o, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişsə, onda maraqlı şəxs mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizə ilə deyil, notariat hərəkətlərinin aparılmasından imtina barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlər üzrə aşağıdakı sübutların təqdim edilməsi zəruridir: notariat orqanının lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən  imtinasını təsdiq edən sübut; əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyə faktiki başlamağı təsdiq edən sübutlar (vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər); miras qoyanın sonuncu yaşayış yeri barədə arayış; miras qoyanın ölümü barədə şəhadətnamənin surəti; vərəsənin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən sənəd.

- Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişəm. Azərbaycan Respublikasının Ali Məhkəməsi işə hansı müddətdə baxacaqdır?

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 414-cü maddəsinə görə qanunda başqa müddət müəyyən edilməyibsə, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına, yaxud inzibati-iqtisadi kollegiyasına işlə birlikdə daxil olmuş kassasiya şikayətinə onun daxil olduğu gündən 2 ay müddətində baxılır.

- Məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnamə icra mərhələsində olarkən borclu vəfat etmişdir. Bu halda nə baş verəcək?

- "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.

- Yol-nəqliyyat hadisəsi nəticəsində mənə maddi zərər dəymişdir. Müvafiq sənədləşmə işləri aparılmış və digər avtomaşının sürücüsünün təqsiri müəyyən olunmuşdur. Mən zərər vurandan çəkdiyim xərclərin əvəzini almaq istəyirəm. Lakin avtomobili etibarnamə əsasında idarə edirəm. Ona görə də bilmək istəyirəm ki, mən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərəm, yoxsa, belə bir tələblə avtomobilin mülkiyyətçisi müraciət etməlidir?

-  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsilçilik nəticəsində bütün hüquq və vəzifələr təmsilçi deyil, təmsil edilən barəsində yaranır. Bundan başqa, avtomobilin mülkiyyətçisi başqa şəxsdir. Qeyd olunanlara əsasən iddia yalnız mülkiyyətçinin adından verilə bilər. Avtomobili idarə etmək, satmaq və s. bu kimi səlahiyyətlər verən etibarnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq tərtib edilmiş etibarnamələrə münasibətdə irəli sürülən tələblərə cavab vermir. Buna görə də, zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək istəyirsinizsə, onda avtomobilin mülkiyyətçisindən müvafiq etibarnamə almalı və onun adından hərəkət etməlisiniz.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31