“Oxumaq istəyən qamışlıqda da, fermada da oxuyar” - MÜSAHİBƏ
Orxan Sadıqov: “Bəlkə də dəbdir, amma kitab oxuyan tələbələrin sayı artıb”
9 Oktyabr 2013 16:38 MüsahibəOnu parkda gəzişərkən gördük. "Elmlər Akademiyası parkında" dərsdən sonra istirahət edirdi-kitab oxuyurdu. Yaşının azlığı, skamya üzərində üst-üstə yığdığı dəftərlərdən məlum idi ki tələbədir. İlk tanışlıqdan sonra sual atəşinə tutduq. Tələbə problemləri barədə kiçik müzakirə apardıq. Müsahibimiz Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbəsi Orxan Sadıqovdur.
- Orxan, bu gün mətbuatda tələbələrin problemləri ilə əlaqədar saysız məlumatlar dərc edilir. Məsələn götürək elə səni - bir tələbə olaraq hansı problemlər səni narahat edir?
- Bakıya oxumaq üçün Tovuz rayonunun Qovlar qəsəbəsindən gəlmişəm. Əsas problemim sözssüz ki, kirayə evlərlə bağlıdır. Ucuz olsun deyə tez-tez yer dəyişdirmək məcburiyyətində qalırıq. Təhsilimə görə aldığım 48 manatlıq tələbə maaşı heç kirayə haqqını da ödəmir. Təmirsiz, normal yaşamaq üçün heç bir məişət avadanlığı ilə təmin olunmayan birotaqlı həyət evində qalırıq, 50 manat kirayə pulu ödəyirik. Ev sahibi yatmaq üçün yorğan-döşək də vermir, universitetə qəbul olanda evdən gətirmişik, yuyub təmizləyə də bilmirik. Yaxşı yadımdadır, bir dəfə yorğanı yumaq üçün yununu içərisindən çıxarmamış su ilə doldurduğum ləyənin içərisinə basdım. "Yuma" prosesi başa çatdıqdan sonra məftilin üstünə sərdim, yorğan bir neçə həftəyə zorla qurudu. Quruduqdan sonra heç nəyə yaramırdı, üzlüyün içərisindəki yunlar girdələşib bərkimişdilər. Yayda otaqların bürküsünə, ağcaqanadına, qışda soyuğuna, nəmişliyinə dözmək çətindir. Bunlar o qədər də problem deyil, bəzi şeylər var ki, onlarsız keçinmək mümkündür. Dərslərdə davamiyyəti itirməmək üçün işləyə də bilmirik. Valideynlərimizin göndərdiyi pulu qənaətlə xərcləməyə məcburuq. Çox vaxt da tələbə maaşımızı az-az, ancaq yeməyə xərcləyirik ki, valideynlərimizin üzərinə ağırlıq düşməsin.
- Oxuduğun Bakı Dövlət Universitetində təhsilin səviyyəsi səni qane edirmi?
- Bilirsiniz, oxumaq istəyən qamışlıqda, ya da nə bilim, fermada da oxuyar, təki istək içindən gəlsin. Məsələn, Amerika prezidentlərindən biri Avraam Linkolnun təhsil almaq istəyi çox maraqlı idi. Kasıb ailədə doğulan Linkoln valideynlərinə kömək olmaq üçün dərsdən sonra fermada işləyirdi. O, işləyə-işləyə kitabı əlindən yerə qoymayıb, boş vaxtı olan kimi yeməyə yox, kitaba qaçıb. Sonra isə Linkoln ən yüksək qiymətlərlə hüquq fakültəsinə qəbul oldu, əzm etdi və bacardı. Həmin Avraam Linkoln ömrünün sonrakı illərində ABŞ kimi böyük bir dövlətin prezidenti oldu. Yəni həyatda insan istədikdən sonra bacarmadığı iş yoxdur. Bütün insanlar elmli doğulur, sadəcə onu üzə çıxarmaq üçün beyini maksimum olmasa da minimum dərəcədə işlətmək lazımdır. Universitetdə bizə dərs deyən müəllim heyətinin pedoqoji praktikasından tamamilə razıyıq. Azərbaycanda elm sahəsində öz sözünü demiş professor Niftalı Qocayev kimi pedoqoqlardan təhsil alırıq. Hörmətli rektorumuz Abel Məhərrəmov təhsildə fərqlənən tələbələrə göstərdiyi qayğı isə təqdirəlayiq haldır. Rəhbərliyin müəllim və tələbələr üzərində güclü nəzarət mexnizmi var. Bu isə universitetdə təhsil və nizamın inkişaf etməsinə sistemli şəkildə kömək olur. Bunun sayəsindədir ki, BDU-dan məzun olmuş tələbələrə müxtəlif peşə sahələrində xüsusi yer verilir. Universitetimizin tələbələri təhslini başa vuduqdan sonra asanlıqla istər beynəlxalq, istərsə də dövlət strukturlarında özlərini sübut edə bilirlər. Bu isə BDU-da təhsilin yüksək səviyyəsinin göstəricisidir.
- Kənardan baxanda elə təsəvvür yaranır ki, tələbələr boş vaxtlarını doldurmaq üçün daha kitabxanalara yox, müxtəlif əyləncə yerlərinə qaçırlar. Bu səni narahat edirmi?
- Təbii ki, bu yöndə müəyyən əskikliklər var, amma bununla belə dərsdən sonra gününün əksər hissəsini kitabxanalarda keçirən tələbələr də az deyil. Düzdür, universitetə daxil olandan sonra bədii kitab oxumağa o qədər də vaxtımız olmur. Seminar, imtahan deyərkən heç başımızı qaşımağa da vaxt tapmırıq. Onları cəm halında kitabxanalarda daha çox imtahan ərəfələrində tutmaq mümkündür. Universitetimizdə elə tələbələr var ki, tənəffüs vaxtlarında da əllərində kitab görürsən, oxumağa çox həvəslidirlər. Belə hesab edirəm ki, bəlkə də dəb halına keçib, amma kitab oxuyan tələbələrin sayı qismən də olsa artır. Elə tələbələr var ki, dünən oxuduğu kitab haqqında bu gün həvəslə danışanda başqaları da həvəslənir, gedib həmin kitabdan alır. Jan Jak Russo deyirdi ki: "Kitab insanları yalnız onların başa düşmədikləri şeylər haqqında danışmağı öyrədir". Bütün günü kitab oxumağa qapanmaq da lazım deyil, beyinin və fiziki rahatlığın təmini üçün də normasında istirahət etmək üçün əylənmək lazımdır.
P.S: "Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur. (Albert Eynşteyn)
Ömər Zamin