AzTV-nin tanınmış diktoru Sevda Ağazadə: “Siyavuş Məmmədov həyatımı dəyişdi” - MÜSAHİBƏ
“Nizami Xudiyev AzTV-yə sədr gələndən sonra mənə dedilər “ sənin səsin “Xəbərlər”ə yaraşmır”
27 Sentyabr 2013 15:02 MüsahibəModern.az saytı bir zamanlar teleməkanın tanınmış simaları olmuş aparıcılar, diktorlarla müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz AzTV-nin keçmiş diktoru, hazırda bu telekanalın "Telefilm" yaradıcılıq birliyində aparıcı redaktor kimi çalışan Sevda Ağazadədir.
-1958-ci ilin sentyabr ayının 6-da Bakıda anadan olmuşam. 7 yaşıma qədər Balaxanıda yaşamışıq. Sonra təhsilimi Xətai rayonu 56 nömrəli məktəbdə davam etdirmişəm. Orta məktəbi 1975-ci ildə qızıl medalla bitirib indiki Dövlət Neft Akademiyasına daxil olmuşam. Ümumiyyətlə "AZİ" bizim ailə üçün çox müqəddəs yerdir. Anam, dayım, qardaşım, bacım, mən, oğlum oranı bitirmişik. Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi işə götürüldüm. Orda 5 il işlədim. Sonra eşitdim ki, AzTV-də müsabiqə var. Nərgiz Cəlilova ali məktəbdə məndən bir kurs aşağıda oxuyurdu. Gördüm Nərgiz efirdədir, zəngləşdik.
- Onda ailəli idiniz?
- Bəli. 1984-cü il idi, yenicə ailə qurmuşdum, körpə uşağım var idi. Nərgiz dedi ki, "bura çox çətindir, gəlmə". Yoldaşım da dedi ki, "körpə uşaqla işləyə bilməzsən".
- Yəqin ki, bir az da gəncliyinizə, görünüşünüzə güvənirdiniz.
- Məktəbdə həmişə birinci olmuşam, tədbirləri aparırdım. Nəysə, radioda 300 nəfərin iştirakı ilə üç turdan ibarət müsabiqə başladı. Üzümüzü görmədən səsimizi bəyənirdilər. Son tura 7 nəfər qaldıq və onların arasından mən seçildim. İki ay radioda işlədim. Çox xoşuma gəlirdi. Elə bil həyatım idi mənim.
- Deyəsən o vaxt sədr Elşad Quliyev idi...
- Bəli, o, səsimi eşidib mənimlə maraqlanmışdı. Elşad müəllimə də radionun direktoru Zöhrab müəllim demişdi ki, "çox kifir bir qızdır".
- Niyə?
- Məni buraxmaq istəmirdi. Çünki radioda hamısı yaşlılar idi. Elşad müəllimlə tanış olanda Zöhrab müəllimi zəng vurub çağırtdırdı. Elə ordaca məlum oldu ki, Zöhrab müəllim Elşad Quliyevi "aldadıbmış". Nailə İslamzadə, Nərgiz Cəlilova, Aygül Qaradağlı, Ülkər Quliyeva məndən bir az əvvəl televiziyaya gəlmişdilər. Ondan sonra televiziya fəaliyyətim başladı.
- Bəs uşağa kim baxırdı?
- Onda uşaq artıq böyümüşdü, dayəsi də var idi. 1985-ci ilin mart ayının 10-da Natəvan Hacıyeva məni tamaşaçılara təqdim elədi. O vaxt köhnə diktorlar yeniləri tamaşaçılara təqdim edirdilər. İki cümlə deməliydim. Amma sözlər yadımdan çıxdı. Qarşımdakı vərəqə baxıb vəziyyətdən çıxdım. Rafiq Hüseynov da demişdi ki, həyəcanlanmayan diktordan diktor çıxmayacaq. Bu sözlə özümə toxtaxlıq verirdim.
- Yəqin ki, çox maraqlı illər idi.
- Kollektiv çox gözəl idi. O mehribançılığı sonra heç yerdə görmədim.
- Fəxri ad aldınız?
- Yox.
- Niyə?
- Məndən soruşursunuz?
- Siz daha yaxşı bilərsiniz.
- Bilmirəm. Amma 30 ildir işləyirəm və məncə işimdən razıdırlar. Bu barədə heç vaxt maraqlanmamışam.
- Maraqlı deyil?
- Maraqlıdır, amma maraqlanmamışam. Bu xasiyyətim olmasaydı, yəqin işlərim daha yaxşı olardı. Özümə görə ağız aça bilmirəm.
- Yəqin ki, bəyənənlər, elçi düşənlər də olurdu...
- Elə şeylər çox olub. Zəng edib maraqlanırdılar, yolda tanıyırdılar. Təəcüblüdür ki, neçə ildir efirdə görünməsəm də, yenə tanıyırlar.
- Efirdə olanda özünüzə müəyyən qadağalar qoyurdunuz?
- 15 il xəbərləri oxumuşam. Bu müddət ərzində soyuq, şor, turş yeməmişəm, tum çırtlamamışam. Axşam xəbərlərinə çıxanda bilirdim ki, əhalinin 90 faizi, həmçinin Heydər Əliyev də baxır. Həmişə efirə yarıac çıxmışam.
- Niyə yarıac?
- Axşam saat 6-da işdə olmalıydıq, 8-də "Xəbərlər" başlayırdı. Günorta yeməyinin üstündə efirə çıxırdım. İstəyirdim ki, rahat nəfəs alım. Bəzən efirin gedişatında material gəlirdi, rejissor əli ilə göstərirdi ki, bunu da oxumalısan.
- Diktorları tez-tez çətin vəziyyətlə qarşılaşırlar. Sizdə belə hallar olubmu?
- Neçə dəfə lampa partlayıb üstümüzə. Hətta bir nəfər efirdə qışqırıb ki, "oy qorxdum".
- Kim?
- Yox, onu deyə bilmərəm. Bu gülməli ola bilər, amma kiminsə də qəlbini sındırar.
- Nizami Xudiyev sədr olandan sonra efirdən uzaqlaşdınız sanki...
- Əvvəlcə mənə qarşı münasibəti çox yaxşı idi. Sonra nə baş verdi, bilmədim.
- Deyilənə görə onun sevimli kadrları var idi. Niyə o sevimlilərdən ola bilmədiniz?
- Mütləq olmalıydım? Əslində bilirəm e nə soruşursunuz (gülür). Mən qapı döyməmişəm və bacarmıram da.
- Onda belə soruşum:o sevmlilərin siyahısına düşə bilərdiniz?
- Xudiyev sədr təyin olunandan sonra onunla ilk dəfə qarşılaşmağım çox gözəl yadımdadır. Mən studiyada verilişi təqdim edirdim, o, mənimlə tanış olmağa gəldi. Sədr olsa da, bütün diktorlarla belə tanış olmuşdu. Hətta bir dəfə bayramda otağımıza iri gül çələngi göndərmişdi. Biz də dedik ki, nə yaxşı, diktorlara maraq və hörmət var.
- Və sonra sizi efirdən uzaqlaşdırdılar?
- Məni heç kim efirdən uzaqlaşdırmayıb. Əvvəlcə axşam xəbərlərini mənə vermədilər. Halbuki, 1985-ci ildən 2000-ci ilə qədər əsas xəbərləri oxumuşam. 2000-ci ildə mənə dedilər ki, "Xudiyev deyir sənin səsin xəbərlərə yaraşmır, gündüz xəbərlərinə gəl". Axırda gündüz xəbərləri də məndən alındı. Mənə görə "Həyatı bir anı" verilişi açıldı. Rəhmətlik Əhməd Aşurbəyovdan sonra kino redaksiyasına Roza Tağıyeva rəhbər gəldi.
- İndi köhnə kadrlardan kimlərlə əlaqəniz var?
- Roza Tağıyeva, Ofeliya Sənani, Tamilla Ələkbərova, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə ilə yaxşı münasibətlərimiz var.
- Deyəsən Roza Tağıyeva da AzTV-dən uzaqlaşıb.
- Hərdənbir radioya çağırırlar, gəlir mətn oxuyur. Bizdən sonra gələnlərdən Aynur Əliyeva ilə çox yaxşı münasibətim var. İndi Türkiyədədir.
- Amma ola bilməz ki, bu 30 ildə kollektivdə inciklik olmasın.
- Məndə belə şey olmayıb.
- Deyirlər ki, AzTV çox böyük məktəbdir. Amma hər adam da orda işləyə bilmir.
- Mənə elə gəlir ki, başqa yerdə işləyə bilmərəm. Hətta dəvətlər də olub. Orda öz işimi bilirəm, insanları tanıyıram, görürsən ki, sənə münasibət yaxşıdır. Digər telekanallardakı vəziyyəti eşidirəm də.
- AzTV-də məvaciblər yenə aşağıdır?
- Mən 10 il Xudiyevin vaxtında həmişə aşağı maaş almışam.
- Bəs digərləri?
- Başqalarını bilmirəm, mənim maaşım kəsilib. O gələndə maaşım yaxşı idi.
- Yadınızdadır, 1996-cı ildə nə qədər əməkhaqqı alırdınız?
- Bizdə maaş idi və kim veriliş aparırdısa, qonorarını alırdı. Deyəsən o vaxt 40 "şirvan" alırdım. Düz üç il elə dolanmışam. Oğlum ali məktəbdə oxuyurdu, illik 350 dollar ödəyirdim. Günümə indiki pulla 2 manat 50 qəpik düşürdü. Bu gün bir neçə qəpik qənaət edəndə sevinirdim. Sonra oğlum ilk kursdan işə girdi, tədricən vəziyyətimiz düzəldi.
- Yeri gəlmişkən, oğlunuz hansı sahədə çalışır?
- Neft sahəsində. O tələbə vaxtından işləyib qazanıb.
- İndi vəziyyət necədir?
- Roza xanım çıxandan sonra baş rejissorumuz Siyavuş Məmmədov kino redaksiyasına rəhbər gəldi. Onunla ilk söhbətimizdə məvacibimi soruşdu və dedi ki, bundan bir neçə dəfə yüksək əməkhaqqı alacaqsan. İlk dəfə maaşımı əlimə alanda təəccübləndim. İndiki pulla 180 manat almışdım. Siyavuş müəllim hazırda "Azərbaycantelefilm" yaradıcılıq birliyinin baş direktorudur. Bunu ölənə kimi deyəcəyəm. Ondan sonra ərzaq mağazısına olan borclarımı verdim. Bir sözlə Siyavuş Məmmədov həyatımı dəyişdi.
- Hazırda əməkhaqqınız nə qədərdir?
- Məni qane edir. Bilirsiniz niyə demirəm? Çünki həmişə eyni olmur. Bəzən ayda 1, bəzən 4 veriliş təhvil verirsən. Oğlumla bir yerdə yaşayıram. Nə onlar mənə möhtacdır, nə də mən onlara.
- Bu sual həmişə insanlar üçün maraqlıdır. Nəyə görə həyatı televiziyaya bağlı olan qadınların əksəriyyətinin ailə həyatı uğursuz olur?
- Əvvəldə dediyim kimi, həyat yoldaşım televiziyada işləməyimi istəmirdi. Televiziyaya gəlməzdən öncə bilirdim ki, biz boşanacağıq. Bəziləri deyirdilər ki, televiziyaya gəldi, yoldaşını bəyənmədi. Evin içini bilmirdilər axı. Mənim televiziyaya gəlməyim boşanmağımıza bəhanə oldu. Hətta yoldaşıma görə işdən çıxdım. O şərt qoydu ki, mən işdən çıxım, mən də şərt qoydum ki, hər gün içməyəcəksən. Təsəvvür edin Neft Akademiyasında dərs keçir, hər gün də içki içir. Amma məni incitmirdi. O dərəcədə içirdi ki, uşağı əlindən salırdı, səhər işə gedə bilmirdi.
- Deməli bir dəfə işdən çıxmısınız...
- İlyarım işləyəndən sonra ərizəmi yazdım çıxdım. Elşad müəllim dedi ki, "istəyirsənsə lap gecə növbəsinə çıxma". Dedim ki, "yox e ailəmi işimə qurban verə bilmərəm". Ayyarımdan sonra mənə dedi ki, "sən ora qayıda bilməyəcəksən və mən içməyimə davam edəcəyəm". Ümidsiz şəkildə AzTV-nin o vaxtki direktor müavini Fuad Vəlixanova zəng vurdum, qayıtmaq istədiyimi dedim. Dedi ki, "qoy Elşad müəllimlə danışım". Zəng vurdu ki, "indi gələ bilərsən?". Qulağıma inanmırdım. Getdik Elşad müəllimin yanına, durdu ayağa mənimlə görüşdü. Heç elə bil o ərizəni yazan mən deyildim. Məhz o günü televiziyaya gəldiyim gün hesab edirəm. Onların mənə o cür qiymət verməyi hec yadımdan çıxmır.
- Necə oldu ki, boşandınız?
- O boşanmağımıza hər cür mane olurdu. 1986-cı ildən 1990-cı ilədək - boşandığımıza qədər bir evdə yad insanlar kimi yaşayırdıq.
- Sizcə indiki teleaparıcılarda nə çatışmır?
- Bəzilərində tələffüz, bəzilərində görünüş çatışmır. Səmimi olmaq istəyirlər, amma bilinir ki, sünidirlər.
- Məsələn?
- Yadımda qalmırlar. Aparıcı zəng vurur ki, mənimlə məşğul ola bilərsiniz? Yadıma sala bilmirəm.
- Kimi bəyənirsiniz?
- Səxavət Nuru. O bizim aparıcılardan fərqlənir. Efirə çıxanda hiss edirsən ki, fikri özündə deyil. Aparıcılar efirə çıxanda düşünür ki, necə edim, necə görünürəm. Tərəf müqabili ilə çox səmimidir. Səxavət mənə Rusiya və Türkiyə aparıcılarını xatırladır, səmimiyyətini bəyənirəm Bu hər adamda yoxdur. Məsələn, Nəsimi Nəbizadə anadangəlmə diktordur. O özünə aparıcı kimi də arxayındır yaxşı mənada. Nəsimi vergidir də. Səs tonu, tərz, özünəarxayınlıq.
- Mənə elə gəlir ki, AzTV-nin xəbərləri əvvəlki kimi maraqlı deyil.
- İstəyirsiniz ki, digər telekanallarda olduğu kimi kriminal göstərilsin? Filan qonşu filan qonşunu öldürdü...
- Amma Azərbaycanın hər yeri asfalt və yaşıllıqlardan ibarət deyil.
- Buna xarici səfirliklər də baxır. Axırıncı dəfə nə vaxt baxmısınız ki, asfalt yoldan danışılır?
- Son dəfə hansı sosial problemi qabardıblar?
- Hər kəsin öz fikri var.
- AzTV-ni obyektiv saymaq olmaz.
- Mən xəbərlər oxusaydım, sizə cavab verərdim. Mən öz işimlə məşğulam, kino xadimlərindən verilişlər hazırlayıram.
- Son dəfə hansı kino xadimi haqda veriliş, yaxud film çəkmisiniz?
- Siyavuş Aslan haqda. Rafiq Əzimov haqda da olacaq.
- Nə qədər də tənqid etsək də, AzTV dilimizi qoruyan yeganə telekanaldır. Amma bəzən Azərbaycanı Amerika kim təqdim edirsiniz....
- Bununla da biz fəxr edirik. O sizin fikrinizdir. Mən verilişi hazırlayanda nəzərə alıram ki, bu verilişə həm də xaricilər baxacaq.
- Teleməkanda bəyəndiyiniz veriliş var?
- Başqa kanallara baxmağa vaxtım yoxdur. Amma "Səni axtarıram" verilişi çox böyük iş görür. Digər telekanallarda çox savadsız titrlər gedir. Ona görə kanalı çevirirəm.
- Amma bilirsinizmi "İdman Azərbaycan" kanalında da şərhçilər çox savadsız danışırlar.
- Baxmıram, amma bundan sonra baxacağam.