“Xalqa sözü olmayan, özünün platforması, baxışları ilə seçilməyən namizədlər...” - MÜSAHİBƏ
Mütəllim Rəhimli: “Milli-mənəvi, əxlaqi dəyərlərimizə zidd olan addımlar atmağa məhkumdurlar”
26 Sentyabr 2013 15:03 Müsahibə"Prezident seçkilərində dəfələrlə iştirak edən və heç bir müvəffəqiyyət qazanmayan qüvvələr nüfuzlarını bir qədər də itirəcək"
Artıq prezident seçkilərinin təbliğat-təşviqat mərhələsinin bir hissəsi arxada qalıb. Ötən müddət ərzində namizədlər üçün ayrılmış pulsuz efir vaxtında bəzi namizədlər öz platformaları barədə cəmiyyətə məlumat versələr də, digərləri daha çox opponentlərini əsassız yerə tənqid və təhqir etməyə, televiziya debatlarında gərginlik yaratmağa çalışırlar. Heç şübhəsiz ki, bu kimi mənfi hallar Azərbaycan seçicisi tərəfindən də müsbət qarşılanmır. Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-ın suallarını cavablandırarkən sözügedən məsələlərə toxunub. O, bildirib ki, Azərbaycan seçicisi tərəfindən bu kimi hallar xoş qarşılanmır. Mütəllim Rəhimli seçki öncəsi mövcud ictimai-siyasi vəziyyət barədə də danışıb.
-Mütəllim bəy, prezident seçkilərinin təbliğat-təşviqat dövrünə bir müddət əvvəl başlanılsa da, lakin namizədlərin reklam lövhələrində fotoları və ya hansısa təbliğedici materiallarına az rast gəlinir. Bunu Ədalət Partiyasının namizədinə də şamil etmək olar. Sizcə səbəb nədir?
-Hesab edirəm ki, namizədlərin şəkil-plakatlarının divarlara yapışdırılması köhnə üsuldur və təcrübə də göstərdi ki, bununla nəyisə dəyişdirmək mümkün deyil. Həm də indi əvvəlki seçkilərdən fərqli olaraq şəhərdə hara gəldi plakatların yapışdırılması mümkün deyil və bu qadağan olunub. Biz bunu düzgün addım hesab edirik. Çünki milyonlarla xərc çəkilərək təmir işləri aparılıb. İndi onun üzərində plakatların yapışdırılması səhv olardı və həm də hara gəldi şəkil yapışdırılması mədəniyyətsizlikdir. Bu namizədə də hörmət qazandırmaz. Hazırda təbliğat kampaniyasının daha müasir variantlarından istifadə edilir. Bu televiziya, radio, internet portalları, sosial şəbəkələr və digər vasitələrdir ki, bu vasitələrdən istifadə ictimai rəyə ciddi təsir etmək imkanı verir. Müşahidələr göstərir ki, prezidentliyə namizədlər bu vasitələrdən maksimum bəhrələnməyə çalışırlar.
-Bir qayda olaraq prezidentliyə namizədlərin bir çoxu televiziya debatlarında öz platformasını açıqlamaqdan daha çox qarşılıqlı tənqid və ya təhqirlərə yol verirlər. Bu nə dərəcədə normal, sağlam mübarizə üsuludur?
-Əvvəla onu qeyd etmək istərdim ki, seçki təbliğatı prosesi olduqca mürəkkəb bir işdir. Burada əsas məqsəd seçicilərin ilk növbədə diqqət mərkəzinə düşmək və bundan sonra onlarla ünsiyyət qurmaqdır. Təbii ki, çoxsaylı namizədlər arasında platformanın izahı ilə seçicilərin foksuna düşmək çətindir. Xüsusilə də Azərbaycan seçicisinin. Ona görə də namizədlər digər opponentlərindən önə keçmək üçün müxtəlif üsullardan istifadə etmək məcburiyyətindədirlər. Bu da onlar arasında bəzən gərginlik yaradır. Bura üstəlik seçki prosesinin gərginliklərini də əlavə etsək baş verənləri başa düşmək olar. Həm də nəzərə almaq lazımdır ki, seçici səsi uğrunda mübarizə gedir, rəqibin zəif tərəflərin ictimaiyyətə açıqlanmasına pis baxılmamalıdır. İnkişaf etmiş ölkələrdə də belə praktika mövcuddur. Ancaq heç bir hal kiminsə təhqir edilməsinə əsas verə bilməz.
-Sizcə, bu kimi mənfi hallar Azərbaycan seçicisində namizədlərə qarşı nə dərəcədə mənfi rəy yaradır?
-Həqiqət fikir dartışmaları nəticəsində ortaya çıxır. Mübahisələr olduqca vacibdir və namizədlərin potensialının üzə çıxarılmasına kömək edir. Təbii ki, xalqa sözü olmayan, özünün platforması, baxışları ilə seçilməyən namizədlər milli-mənəvi, əxlaqi dəyərlərimizə zidd olan addımlar atmağa məhkumdurlar. Bu isə onlara hörmət gətirə bilməz. Əksinə onlar səslərini itirirlər. Çünki Azərbaycan xalqı kiminsə təhqir olunmasından zövq ala bilmir.
-Namizədlərin əksəriyyəti hesab edir ki, bu seçkinin də favoriti İlham Əliyevdir. Bu baxımdan seçkidə İlham Əliyevin qələbəsi qaçılmaz görünür. Əgər bu baş verərsə cəmiyyətin müxalifətə olan inamı, ona bəslənəın ümid tamamilə qırılmayacaq ki?
-Əgər prezident seçkiləri demokratik şəraitdə keçiriləcəksə bütün tərəflər onun nəticələrini qəbul edəcəklər. İndi əsas məsələ kimin seçilməsi yox, maksimum demokratik mühitin formalaşdırılması, namizədlər üçün bərabər təbliğat-təşviqat imkanlarının yaradılmasıdır.
-Ümumiyyətlə, seçkinin nəticələri Azərbaycan müxalifətinin gələcək fəaliyyətinə necə təsir edəcək?
-Bizdə parlamentli respublika olmadığından uduzan tərəfin siyasi səhnəni tərk eməsi real görünmür. Amma bununla yanaşı, prezident seçkilərində dəfələrlə iştirak edən və heç bir müvəffəqiyyət qazanmayan qüvvələr nüfuzlarını bir qədər də itirəcək.
Süleyman İsmayılbəyli