“AMİP də daxil olmaqla müxalifət 2015-ə indidən hazırlaşmalıdır” - MÜSAHİBƏ

Əli Oruclu: “Onsuz da müxalifət seçkiyə qalib gəlmək üçün getmirdi”

"Dava ikincilik davasıdır"

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclunun "OLAYLAR"-a müsahibəsi

-Əli bəy, Azərbaycan Milli İstiqlal Partiyası hər zaman bildirib ki, ölkədə fəaliyyət göstərən istənilən siyasi partiya bu və ya digər seçkidə iştirak etməlidir. Ancaq bu il prezident seçkilərində iştirak etməmək qərarı verildi. Sizcə, bu iki məqam arasında ziddiyət yoxdurmu?

-Partiyalar yaranarkan əsas məqsədlərdən biri də hakimiyyətə gəlmək olur. Hər zaman "ilk"lərə imza atan Azərbaycan Milli İstiqlal Partiyası da yarandığı gündən demokratik yolla hakimiyyətə gəlmək niyyətini açıq şəkildə bəyan edib. Bu yolun isə yalnız seçkilərdən keçdiyini hamı bilir. Bu baxımdan da partiyamız ölkədə keçirilən bütün səviyyəli seçkilərdə fəal iştirak edib və yüsək nəticələr qazanıb. Seçkilərdə iştirakımızla partiya olaraq böyük təcrübə qazanmaqla yanaşı, həm də bizim güc olduğumuzu dəfələrlə isbatlamışıq. Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə də partiyada hazırlıq işlərinə start verilmişdi və təşkilatın bütün strukturları seçkilərə hazır vəziyyətə gətirilmişdi. Bununla yanaşı əməkdaşlıq iştiqamətində müxalif partiyalarla təmaslar da artırılmış, əlaqələrin daha da genişləndirilməsi, eləcə də birlik istiqamətində göstərilən fəaliyyət intensiv xarakter almışdı. Lakin ölkədəki mövcud situasiya, siyasi proseslərin axarı, müxalifətdaxili münasibətlər, seçki mühiti, cəmiyyətin hər şeyə biganəliyindən doğan passivlik və digər hallar AMİP-in verəcəyi qərara təsir göstərrməyə bilməzdi. Ən əsası da liderimiz, təcrübəli siyasətçi Etibar Məmmədovun namizəd olmaq istəməməsi patiyanın belə bir qərar verməsi ilə nəticələndi. Azərbaycan Milli İstiqlal Partiyası seçkilərə başqalarından fərqli olaraq oyun, tamaşa kimi deyil, ciddi hadisə kimi yanaşır. Ona görə də partiya seçkilərdə ancaq qalib gəlmək, öz prinsiplərini, proqram və məramnaməsini həyata keçirmək, bir vasitə əldə etmək üçün gedir. Seçki xatirinə seçkilərdə iştirak etmək nə partiyaya, nə ölkəyə, nə də cəmiyyətə heç bir fayda vermir. Əksinə belə hallar seçkilərin və seçkili qurumların əhəmiyyətinə xələl gətirir. Əhalinin 90 faizi seçkilərlə maraqlanmır, maraqlananlar da prosesə ya şou kimi, ya da pul kisəsi kimi baxır. Mən hesab edirəm ki, AMİP-in builki seçkilərdə iştirak etməməklə bağlı attdığı addım düzgün addım idi. Burada da heç bir ziddiyyət görmürəm.

-Sizcə prezident seçkilərində iştirak 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq baxımından AMİP üçün əlverişli deyildimi?

-Bu ilki seçkiləri 2015-ci il parlament seçkilərinə tramplin kimi nəzərdə tutursunuzsa bu belə deyil. Əvvəla qeyd edim ki, AMİP-in bütün mərkəzi və yerli strukturaları daim işlək vəziyyətdə olur. Partiya ən ağır və ən çətin işlərin qısa zaman ərzində öhdəsindən keyfiyyətlə gəlmək iqtidarındadır. Bu baxımdan heç bir problem yoxdur. İkincisi də, o vaxta qədər ölkədə və dünyada çox şeylər dəyişə bilər. Daxili siyasi proseslərin təlabatı, yönü, istiqaməti indikindən fərqlənə bilər. Bəzən proseslər elə sürətlə və gözlənilməz halda baş verir ki, belə hadisələrin olacağını heç ağlının ucundan belə keçirmirsən. Digər tərəfdən bu seçkilərdən sonra yəqin siyasi səhnəyə yeni fiqurlar, yeni ab-hava, və yeni yanaşmalar gələ bilər ki, bunun da sayəsinidə praqmatik siyasət yürütmək imkanları genişlənə bilər. Mənim fikrimcə AMİP-də daxil olmaqla müxalifət 2015-ə indidən hazırlaşmalıdır. Bu seçkiləri artıq bitmiş saymaq olar.

-AMİP-lə bərabər AXCP və Müsavat Partiyası da seçkidə öz namizədi ilə iştirak etmir. Bu onu deməyə əsas verirmi ki, artıq ənənəvi müxalifət, daha dəqiqi desək, 20 ilə yaxın heç bir uğur qazana bilməyən siyasi dairələr tədricən sıradan çıxır? 

- Patiyaların uzun ömürlü olmasını, yaşamasını şərtləndirən əsas amillərdən biri  məhz seçkilərdir. Partiyaların yaşamasını şərtləndirən amillərdən biri də maliyyələşmədir. Doğrudur, "Siyasi partiyalar haqqında" yeni qəbul edilmiş qanunda partiyalarım dövlət büdcəsindən maliyyələşməsi öz əksini tapıb. Amma bu qanunu elə şəkildə qəbul ediblər ki, aparıcı partiyalar maliyyələşmədən kənarda saxlanılıb. Üstəlik də, tərəfdarlarının və ayrı-ayrı vətəndaşların partiyalara ianə vermələrinə, maddi dəstək göstərmələrinə qeyri-rəsmi olaraq qadağalar qoyulub. 13 ildən çoxdur li, ölkənin ilk və ən böyük partiyalarından biri olan AMİP səyyar fəaliyyət göstərməkdədir. Ona görə də, "uğur qazana bilməmək" fikirlərini qəbul etmirəm.

-İndiki şəraitdə hətta müstəqil və müxalifət düşərgəsindən olan namizədlər də etiraf edirlər ki, seçkilərin favoriti İlham Əliyevdir. Bu oktyabrın 9-da keçiriləcək seçkilərdə yenidən İlham Əliyevin qələbəsindən xəbər verirmi? 

-Yuxarıda da vurğuladığım kimi seçkiləri artıq bitmiş saymaq olar. Bunu şərtləndirən bir sıra amillər var. Bunlardan bəzilərinə toxunmaq istərdim. Seçki dövründə müxalifətin, daha doğrusu Milli Şuranın keçirdiyi kütləvi aksiyalar göstərdi ki, narazı elektorat müxalifətin arxasında deyil. Üstəlik də, bu qurumun daxilində ziddiyyətlərin, qarşılıqlı inamsızlığın və şübhələrin qalması, "böyüklük-kiçiklik", hegemonluq iddiası müxalifətə inananların və ona dəstək verənlərin həvəsini öldürür. Doğrudur, Cəmil Həsənli təbliğatında bütün mümkün və qeyri-mümkün vasitələrdən, üsullardan istifadə etməyə çalışır ki, ruh yüksəkliyi və inam yaratsın, ancaq bunlar öz müsbət effektini vermir. Qarşıdakı seçkiyə qalan müddətdə də kəskin dəyişiklıklərin və dönüşün olacağına inanmaq zor görünür. Onunsuz da müxalifət seçkiyə qalib gəlmək üçün getmirdi. Dava ikincilik davasıdır.

-Hər seçkidən sonra yeni müxalifətin, yeni simaların ortaya çıxmasının zəruriliyi vurğulanır. Bu seçkidən sonra da sözügedən təşəbbüslər gözləıniləndirmi? Ümumiyyətlə yeni müxalifətin formalaşıb meydana çıxması prosesi sürətlənə bilərmi? 

- Cəmiyyət həmişə yeniliyə, inkişafa, "sürprizlər"ə can atır və bunlara maraqlı olur. Ona görə də yeni simaların ortaya çıxması təkcə müxalifət düşərgəsi üçün deyil, hakim partiya üçün də aktual olmalıdır. Məncə, cəmiyyət inkişaf edib dəyişdikcə, istər-istəməz bu dəyişikliklər də partiyalardan yan keçməyəcək. Bu seçkilərdə bir acınacaqlı mənzərə də üzə çıxdı. Siz özünüz də fərqində oldunuz ki, əksqüvvələr arasında münasibətlər sivil normalardan tamamilə kənara çıxıb. Düşərgələr arasında kin-küdurət, hörmətsizlik, düşmənçilik, qısasçılıq, nifrət, arqumentsizlik dərinliklərə işləyib. Etik normalar və mənəvi dəyərlər aşınmaya məruz qalıb. O qədər qızışırlar ki, siyasətçi, siyasi qüvvələrin rəhbərləri, namizəd olduqlarını belə unudurlar. Belə yanaşma, belə siyasi münasibət, belə siyasilərlə dövlətin gələcək siyasi sistemini qurmaq və dəyişmək olmaz. Bu ölkəni qarşıdurmaya aparır. Hesab edirəm ki, gənc və yeni qüvvələr daha praqmatik, çevik, məsuliyyətli, açıq təfəkkürlü olar. Bunun üçün də ilk növbədə dövlət hər cür şərait yaratmalıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31