İlham Əliyev seçki marafonunun favoritidir - MÜSAHİBƏ

Rauf Qurbanov: “Opponentlərinin heç biri ona güc göstərmək müqabilində deyil”

Müsahibimiz  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovdur.

- Rauf müəllim, prezident seçkilərinə  hazırlıq mərhələsini  necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, seçkilərin bugünki durumu AR Seçki  Məcəlləsinin  müvafiq maddəsinin  tələblərinə və beynəlxalq standartlara tam cavab verir. Namizədlikləri qeydə alınmış yoldaşlar üçün ayrılmış, qanunda nəzərdə tutulan, İctimai Televiziyada ödənişsiz efir vaxtının verilməsi, onların təbliğat və təşviqat materiallarını sərbəst yayması üçün şəraitin yaradılması, məhz 09 oktyabr 2013-cü ildə baş tutacaq prezident seçkilərinin azad, ədalətli və demokratik keçirilməsinə  zəmin yaradır. 

- Seçkilərdə müxalifətin şansını necə qiymətləndirirsiniz?

- Etiraf etmək lazımdır ki, burada seçicilərin dəstəyi baxımından qüvvələr balansı xeyli fərqlidir. Apardığım təhlil və düşüncələrim mənə deməyə əsas verir ki, müxalifətdən yalnız MŞ-nın vahid namizədinin narazı elektoratın müəyyən qədər səsini toplamaq imkanı var. Bu da hardasa seçkinin yekun nəticələrinin cəmi 6-8  faizi civarında ola bilər. Prezdentliyə digər  namizədlərin isə, üst-üstə götürsək heç 2-3 faiz səs toplamaq şansları belə yoxdur. 

- Bəzi beynəlxalq təşkilatlar, xüsusən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hesabatında seçkilərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır. Beynəlxalq təşkilatlar nədən Azərbaycana qarşı qərəzli mövqe tutur?

- Bilirsinizmi, adını çəkdiyiniz beynəlxalq təşkilatlarda təmsil olunan şəxslər hərəsi bir dövlətin nümayəndələridirlər və  onların mövqeləri də məhz vətəndaşı olduqları ölkələrin maraqlarından irəli gəlir. Fikirləşirsiniz ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ya digər beynəlxalq təşkilatlar Azərbaycanda hər hansı seçkinin demokratik  keçirilməsində və ya Azərbaycan vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında maraqlıdırlar..? Əsla yox. Onlar üçün  öz dövlətlərinin və mənsub olduqları xalqların mənafeləri daha vacibdir. Həmin təşkilatların  hər seçki öncəsi bu cür mövqe nümayiş etdirmələri mövcud iqtidarı, müxalif qüvvələrin təzyiqi ilə öz dövlətlərinin iqtisadi mənafeləri xatirinə müəyyən güzəştlərə getməyə məcbur etməkdir. Hakimiyyətdə olanları hakimiyyətdən gedəcəkləri ilə qorxudub, müxalifətə isə hakimiyyətə gəlmələrinə dəstək verəcəkləri ilə şirnikləndirərək öz məqsədlərinə nail olurlar. Belə münasibətin,  gənc bir  dövlətə qarşı iqtisadi cəhətdən zəngin olan dövlətlər tərəfindən göstərilməsi çox  böyük ədalətsizlikdir. Bu cür münasibətdən onlar yenə nə isə qazanırlar, itirən isə Azərbaycan xalqı və bütövlükdə Azərbaycan dövləti olur.

Mən çox istərdim ki, biz qərb dövlətlərinin bu hiyləgərliklərini anlayıb milli birlik nümayiş etdirək, ABŞ, Almaniya, İngiltərə, Fransa və digər inkişaf etmiş Avropa dövlətləri kimi iqtidarlı, müxalifətli, öz xalqımızın mənafeyi, onun maddi sosial durumunun  yaxşılaşdırılması, Azərbaycan adında bir dövlətin maraqlarının qorunması, ərazi bütövlüyünün təmin olunması, onun istər iqtisadi - siyasi,  istərsə də mənəvi-  intellektual cəhətdən qüdrətlənməsi üçün çalışaq. Buna bizim insani və iqtisadi resurslarımız imkan verir. Sadəcə olaraq iqtidar-müxalifət arasında ortaq məxrəc tapılmalı və qarşılıqlı anlaşma yaranmalıdır.

-  Hazırki şəraitdə müxalifətin qarşılıqlı ittihamları haradan qaynaqlanır?

- Ölkədə  ictimai - siyasi  vəziyyəti gərginləşdirməyə çalışan, Azərbaycanda iqtisadi maraqları olan, onun enerji resurslarından bu gün də  bəhrələnən,  Azərbaycana üzdə dost, əslində isə ona düşmən mövqeyi sərgiləyən, onun  iqtisadi cəhətdən çökməsini  istəyən dövlətlər var...Sizi maraqlandıran  motivləri orada axtarmaq lazımdır. Bu gün Suriyada baş verən iqtidar-müxalifət qarşıdurmasından nəticə çıxarmaq gərəkdir. Orada da hadisələr ilk öncə qarşılıqlı ittihamlarla başladı. Sonra isə hadisələrin miqyası genişlənərək vətəndaş müharibəsinə çevrildi. Hazırda isə Suryada hökumət qüvvələri ilə Suriya müxalifətinin adından döyüşən, dünyanın müxtəlif ölkələrindən cəlb olunmuş muzdlularadır, hətta aralarında azərbaycanlılar da var. Artıq yaranmış münaqişəni dayandırmaq nə iqtidarın, nə də müxalifətin iradəsindən asılı deyil. Məsələnin həlli daha dərinliklərdədir.

- Prezidentliyə namizəd İlham Əliyevin şansını necə qiymətləndirisiniz?

- Mən müxalifətdə olan bir partiyanın sədri kimi ədalət naminə qeyd  etmək istəyirəm ki, bu seçkilərdə İlham Əliyev seçki marafonunun  favoritidir. Seçkilər ədalətli, təmiz, demokratik, şəffav və xarici müdaxilə olmadan keçirilərsə,  opponentlərinin heç biri ona güc göstərmək müqabilində deyil.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31