Azərbaycanın belə konfranslarda iştirakı ölkəmizin artan nüfuzunu göstərir-Tural İsmayılov-ÖZƏL

"Münxen Təhlükəsizlik Konfransı hər il keçirilən dünyanın ən önəmli beynəlxalq siyasi konfranslarından biridir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Burada daim Azərbaycan Prezidenti İlham Əliyevə böyük diqqət və maraq olur. Çünki, cənab Prezident bu konfransın ən önəmli iştirakçılarından biri hesab edilir. Prezident İlham Əliyevin bundan əvvəlki dövrlərdə Münxen Təhlükəsizlik Konfransında səsləndirdiyi iddialar və fikirlər həmişə müzakirəyə səbəb olur, dünya siyasi polemikalarında geniş təhlil edilir. Bu baxımdan Azərbaycan Prezidentinə bu il də Münxen Təhlükəsizlik Konfransında böyük diqqət və maraq olacaq. Özəlliklə, cənab Prezidentin növbədənkənar prezident seçkilərində böyük etimad qazanması, onun arxasınca andiçmə mərasimində verdiyi mesajlar Azərbaycanın etnik separatçılıq problemini bölgədə birdəfəlik həll edib tarixin kandarına atmağı və bütün bu məsələlərə görə İlham Əliyev önəmli hərbi və siyasi qərarlar verən lider kimi xarakterizə edilir. Hesab edirəm ki, Azərbaycanın belə önəmli beynəlxalq siyasi konfranslarda iştirak etməsi ölkəmizin həm də artan nüfuzunu və reytinqini göstərir. Azərbaycan beynəlxalq münasibətlər sisteminin aparıcı və əsas dövlətlərindən biri kimi qlobal səviyyəli konfransların tədbirlərində əsas diqqət göstərilən mərkəz ölkələrindən biri qismində iştirak edir. Bu baxımdan Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın qlobal siyasi konyukturanın gələcəyi ilə bağlı mövqeyi ciddi marağa səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31