Cənab Prezidentin çıxışından verilən mesajlar biz cəmiyyət üçün tam aydındır-Vüqar Əhmədov-ÖZƏL
16 Fevral 2024 19:19 Müsahibə"Cənab Prezident İlham Əliyev andiçmə mərasimində çox önəmli məqamlara toxundu, çox önəmli mesajlar verdi. Ölkənin həm daxili, həm də xarici siyasəti ilə bağlı mühüm fikirlər səsləndirdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Ölkənin daxilində bütün təhlükələrin aradan qaldırıldığını, məhz bu təhlükəsizliyin qorunub saxlanması üçün sərhədlərin bağlı olmasının məhz buna xidmət etdiyini vurğuladı. Lakin ölkə xaricindən təhlükələrin olduğunu qeyd etdi. Bunun həm fiziki, həm də ideoloji təhlükələr olduğunu bildirdi. Məhz bu məqsədlə ordunun gücləndirilməsi və müasirləşdirilməsini vurğuladı. Təsadüfi deyildir ki, cənab Prezident oğlu Heydər Əliyevlə birlikdə məhz seçkilərdən sonra Azərbaycan tərəfindən yaradılan müasir hərbi komplekslə tanış olmaq üçün "Akıncı"nı izlədilər. Türkiyə və Azərbaycan bu sahədə demək olar ki, eyni yolu tutmuşdur. Vaxtı ilə Türkiyə hərbi kompleksi xarici ölkələrdən aslı idi, indi qardaş ölkənin hərbi kompleksi yetərincə gəlişmiş və xarici ölkələrdən asılı vəziyyətdə deyil. 44 günlük vətən müharibəsindən sonra eyni strategiya ilə hərəkət edən Azərbaycan öz hərbi kompleksini inkişaf etdirir və qarşıdakı dövrdə xaricdən gələn təhdidləri nəzərə alaraq bu əsas prioritet hesab olunur. Uzun zamandan sonra Azərbaycan regionda böyük dönüş nöqtəsi yarada bildi, torpaqları işğaldan azad etdi. Belə bir hərbi uğura sahib olan ölkənin əlbəttə ki, hərbi kompleksi daim inkişaf etməli və müasirləşməli və müasir standartlara uyğun ordu quruculuğu davam etməlidir. Böyük hərbi uğura imza atan ölkənin dostu çox olsa da, düşməni, onu sevməyən qüvvələr də çoxalır, ona görə Cənab Prezidentin vurğuladığı kimi güclü ordu bir nömrəli məsələ və vəzifə kimi durmalıdır.
Son təcrübə və qonşu ölkələrlə yaşananlar göstərdi ki, Azərbaycana yaxın və uzaq regiondan təhdidlər mövcud olmuşdur. Xüsusən zərərli radikal dini cərəyanların geniş yayıldığı indiki dönəmdə və bu dini ideologiyadan ayrı-ayrı dövlətlərin daxilimizə nüfuz etmək üçün alət olduğu bir zamanda ölkənin sərhədləri məsələsi prioritet təşkil etməli və bu zərərli ideologiyanın qarşısı zamanında alınmalıdır. Məhz bu məqsədlə Cənab Prezident andiçmə mərasimində etdiyi çıxışda ölkə daxilində sabitliyin qorunduğunu və həmrəyliyin ən yüksək səviyyədə olduğunu, əsas təhlükələrin isə xaricdən gəldiyini vurğuladı. Xaricdən gələn zərərli ideoloji cərəyanların qarşısının alınması və gənclərin bu yad təsirlərə düşməməsi üçün gənclərin, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması və xüsusən ailələrdə buna diqqətin yetiriıməsi çox önəmlidir. Hər bir şey ailədən və məktəblərdən başlayır, ona görə gələcəyimiz olan gənclərin zərərli ideologiyanın təsirindən uzaq saxlanması və vətənpərvərlik ruhunda tərbiyə olunması üçün həm dövlət, həm vəzifəli şəxslər, həm də cəmiyyət birgə iş aparmalıdır.
Beləliklə Cənab Prezidentin inaqurasiya mərasimində olan çıxışını təhlil etsək belə qənaətə gəlmək olar ki,
qarşıdakı dövrdə həm fiziki, həm də xarici ideoloji təhdidlər artmaqda davam edə bilər, məhz bu məqsədlə dövlət və cəmiyyət buna hazır olmalı və təhlükələrin qarşısını almaq üçün səfərbər olunmalıdır. Bunun üçün isə dövlətin və cəmiyyətin vahid ideya ətrafında səfərbər olması və xalqımızın milli adət-ənələrinə söykənərək çıxış etməlidir. Düşünürəm ki, belə olan halda biz xaricdən gələn bütün təhdidlərin və təhlükələrin qarşısını ala bilərik. Bu gün Qərbdən feminizm, LGBT və digər zəzərli cərəyanlar təbliğ olunur, fərqli dini mövzuların dərsliyə salınması təklif olunur. Azərbaycan dövləti haqlı olaraq bu məsələlərin ölkənin milli təhlükəsizliyinə təhdid olduğuna görə hər zaman buna qarşı çıxmışdır.
Hesab edirəm ki, Cənab Prezidentin çıxışından verilən mesajlar biz cəmiyyət üçün tam aydındır və bunlara əmək etmək bizim bir dövlət və cəmiyyət olaraq sabit yaşamağımızı şərtləndirən əsas amildir. Bir gənc kimi mən də sona qədər bu yolda Cənab Prezidentin yanındayam və onun bu siyasətini dəstəkləyirəm".