“Paris camaatının meyxana məktəbinə ehtiyacı var” - MÜSAHİBƏ
Ramid İbrahimov: “Son zamanlar Ermənistanda kanalizasiya sahəsinin məhsuldarlığı aşağı düşüb”
18 Sentyabr 2013 15:52 MüsahibəBu tip müsahib və jurnalistlərlə mətbuatda tez-tez rastlaşırıq: verilən qarmaqarışıq suallar və alınan dəxlisiz cavablar. Bir sözlə kimə nə sərf edir elə cavab verir, jurnalist isə ona lazım olanı yazır. Sonda isə müsahib və jurnalist arasında vəziyyət saçyolduyadək gedib çıxır, məzhəb itir, din qarışır, aləm dəyir biri-birinə. Yumurtanın sarısı isə qeyri-peşəkarlıqdır. "Bizim Yol" qəzetinin əməkdaşı Ramid İbrahimovla qərar verdik ki, problemi bir az fərqli, bəlkə də komik formada oxuyucuların diqqətinə çatdıraq.
- "Facebook"un "Hamam Tayms" səhifəsində meyxanaçı Bayram Kürdəxanlının Fransa universitetlərində tələbələr qarşısında mühazirə deyəcəyi barədə yayılan məlumatlara münasibətiniz...
- Mən Cibuti xalq hərəkatında canımdan keçdim, təklif olunan vəzifələrdən imtina elədim, ancaq mənə qiymət verilmədi. Haqqım tapdalandığı üçün xeyir görmədi Banqladeş. Kürdəxanlı Bayram şahiddir ki, nələr etdik o vaxtları. Günümüzü ac-susuz meyxana ilə keçirirdik. Bayram orda məktəb açdı, əslində buna ehtiyac yox idi. Paris camaatının meyxana məktəbinə ehtiyacı var. Fransada meyxana kurslarının açılması da yaxşı olardı. Həmin kurslara Əhmədlidən peşəkar meyxana müəllimlərini cəlb etmək olar. Hamamda çimməyi bizdən öyrəndilər bədənləri təmiz oldu, meyxananı da bizdən öyrənərlər, qəlbləri təmiz olar. Buna görə də sizin vasitənizlə Parisin paytaxtı olan Fransaya bir kisə salamlar göndərirəm. Görəsən, fransızlarda seyid var, onlara niyə cədd verilməyib?
- Masazırda təsbeh zavodunun fəaliyyətə başlamasından sonra tinçiliyin inkişafına "Nyu-York modeli"ni tətbiq etmək olarmı?
- Hesab edirəm ki, tinçiliyin inkişafı üçün Mozambik modelinin tətbiq olunması daha məqsədəuyğundur. Bu modelin özü Nyu-Yorkda tətbiq edilir. Hər iki ölkə arasında münasibətlər inkişaf etdirilməlidir. İngilis və ruslardan bizə xeyir gəlməz, onlar həmişə arxadan vurmağı seviblər. Nə görsələr deyirlər ki: "Buu maaa neçəyə verərsən, ha neçəyə verərsən?!"
- İrəvanda "Cibutidə kanalizasiya sistemlərinin yenilənməsi və Edvard Nalbandyan" adlı beynəlxalq elmi konfrans işə başladı. Ermənistanda bu sahənin inkişaf perspektivlərini yetərli saymaq olarmı?
- Bildiyiniz ki, Ermənistan kasıb ölkədir, insanlar səfalət içində yaşayırlar. Məmurların maaş hesabına yaşaması mümkün deyil. Bu ölkədə yalnız bir biznes sahəsi var, onu da Nalbandyan monopoliyaya alıb. Söhbət Ermənistanın sərvəti kanalizasiyadan gedir. Son zamanlarda bu ölkədə kanalizasiya sahəsinin məhsuldarlığı da aşağı düşüb. Ermənistanın iqtisadi gəlirinin 50 faizdən artığı kanalizasion məhsullardan asılıdır. Biz dəfələrlə onlarla təklif etmişik ki, torpaqlarımızı qaytarın, sizə bu sahədə kömək edərik, iqtisadiyyat böhrandan çıxar. Böhrandadısa, əladır. Əla! Əla! Əla! Bunu yazmazsınız; ermənilər çox axmaq millətdir, keçən dəfə ayağa qalxıb deyirlər ki, Ermənistanda niyə gəmi yoxdur. Adama deyən lazımdır ki, gəmidə üzmək istəyirsənsə, dəniz olmalıdır da!
Ömər Zamin
P.S. "Etməli olduğunuz iki şey var: birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək" _Albert Eynşteyn