“Cəmil Həsənlini Milli Şuranın ən uğursuz seçimi hesab edirəm” - MÜSAHİBƏ
Sərdar Cəlaloğlu: “Prezidentliyə namizədliyini irəli sürən adamın özünün mövqeyi, prinsipial yanaşması olmalıdır”
10 Sentyabr 2013 15:51 MüsahibəBu ilin oktyabrında ölkədə keçiriləcək prezident seçkilərində mübarizə aparmaq üçün namizədliyini irəli sürmüş siyasilərdən biri də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. İmzatoplama kampaniyasını başa vurararaq müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edən ADP sədrinin seçkiyə 10 gün qalmış namizədliyini Cəmil Həsənlinin xeyrinə geri götürəcəyi bildirilir. İstər sözügedən məsələ, istərsə də müxalifət daxilində cərəyan edən proseslərlə bağlı ADP sədri Sərdar Cəlaloğluna müraciət etdik.
-Sərdar bəy, prezident seçkilərinə 10 gün qalmış namizədliyinizi Cəmil Həsənlinin xeyrinə geri götürəcəyiniz barədə məlumat yayılıb. Belə bir niyyətiniz varmı?
-Hamıya bəllidir ki, Sərdar Cəlaloğlu xalq qarşısındakı xidmətlərinə görə, Cəmil Həsənlidən qat-qat öndədir. Belə olan halda nə üçün Cəmil Həsənli deyil, mən namizədliyimi geri götürməliyəm?
-Sizcə, belə bir həqiqətəuyğun olmayan informasiya haradan qaynaqlanır?
-İstisna edilmir ki, bu Cəmil Həsənli tərəfdarlarının bizə qarşı apardığı piardır. Mən heç kimə görə namizədliyimi geri götürmək haqqında düşünmürəm. Həmçinin özümü də o qədər qeyri-ciddi adam hesab etmirəm ki, kiminsə vasitəsi olum. Lazım gəlsəydi namizədliyimi irəli sürmədən Cəmil Həsənlini müdafiə edərdim. Mən Cəmil Həsənlini Milli Şuranın ən uğursuz seçimi hesab edirəm. Çünki Milli Şurada İsa Qəmbər və ya Əli Kərimlinin namizədliyi daha ciddi effekt verərdi, nəinki Cəmil Həsənlinin. Burada olan səbəb də çox sadədir. Belə ki, Əli Kərimli ilə İsa Qəmbər bir-birinə güzəştə getmədi və nəticədə Cəmil Həsənlinin namizədliyinin üzərində dayanıldı. Bu da bütünlükdə Cəmil Həsənli faktorunun keçici, əhəmiyyətsiz, neytral bir faktor olması ilə bağlıdır. Prezidentliyə namizədliyini irəli sürən adamın özünün mövqeyi, prinsipial yanaşması olmalıdır. Həmçinin həmin şəxs hansısa qüvvələrin sadəcə olaraq barış elementi olmamalıdır. Eyni zamanda kimlərinsə əlində marienetkaya çevrilməməlidir. Cəmil Həsənli heç özü prezident olmaq istəmir və bunu dəfələrlə bəyan edib. Amma Milli Şura rəhbərlərinin təkidi ilə öz namizədliyini irəli sürdü. Digər tərəfdən demokratiya tələb edir ki, dövlət postunda təmsil olunanlar xalq qarşısındakı xidmətlərinə görə ona layiq görülsünlər. Hesab edirəm ki, bu baxımdan mənim xidmətlərim Cəmil Həsənlinin xidmətlərindən qat-qat artıqdır. İstəyirlər bunu etiraf etsinlər, istəmirlər etiraf etməsinlər. Ona görə də düşünürəm ki, kiminsə namizədliyini geri götürmək məsələsi olanda Milli Şura düzgün seçim edib bu seçkilərdə məni müdafiə etməlidir. Çünki mən kampaniyanı daha yaxşı aparacam və prezidentliyə real namizədə kimi çıxış edəcəm.
-Sizcə bu məsələdə Milli Şurada təmsil olunan partiyaların sizin qarşınızda bir mənəvi borcu varmı? Çünki əvvəlki seçkilərdə ADP daim güzəşt mövqeyindən çıxış edərək digər müxalifət namizədlərini dəstəkləyib.
-Azərbaycanda vəziyyət elə həddə çatıb ki, mənəviyyatdan danışmaq bəzi adamlar üçün gülüncdür. Məsələn bizim partiyanın bir çox üzvləri Milli Şuranın namizədinin imzatoplama kampaniyasında iştirak etdi. Mən seçki prosesinə gec qatıldığım üçün imzatoplama kampaniyasında dəstəyə ehtiyacım vardı. Bununla bağlı müraciət etsəm də, lakin Milli Şura rəhbərliyindən mənfi cavab aldım. Belə olan halda hansı mənəviyyatdan söhbət gedə bilər? Yaxud Klassik Xalq Cəbhəsi Partiyası. Onlar Milli Şuranın üzvü olduqları halda bu qurumun namizədinin imzatoplama kampaniyasında da iştirak etmədi. Həmin partiyanın kifayət qədər iri təşkilat olduğunu nəzərə alıb onlardan da kömək istədik, lakin köməkdən imtina etdilər. Eləcə də digər partiyalardan da tam əks münasibət gördük. Ona görə də Azərbaycanda mənəvi borc, yaxud ideoloji platformadan danışmaq yersizdir. Seçkilərdə iştirak etməyimin əsas məqsədlərindən də biri odur ki, indiki halda mənəvi deqradasiya vəziyyətindən çıxarmağın yollarını göstərim.
Süleyman İsmayılbəyli