“Bütün namizədlər üçün bərabər hüquqlar, şərait yaradılır” - MÜSAHİBƏ

Rauf Zeyni: “Azərbaycan beynəlxalq miqyasda bir daha təsdiq edəcək ki, Azərbaycan xalqı azad və demokratik şəkildə öz hüquqlarını ifadə edə bilir”

Milli Qeyri-Hökumət Təşkilatları Forumu "MQF Seçki Koalisiyası" "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsini icra edir.  Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən görüşlər və regionlarda seçkilərə hazırlıq istiqamətində görülən işlərlə bağlı  Milli QHT Forumunun prezidenti Rauf Zeyni "OLAYLAR"-ın suallarını cavablandırıb.

-Rauf müəllim, Milli Qeyri-Hökumət Təşkilatları Forumu Seçki Koalisiyası olaraq regionlarda seçicilərin maarifləndirilməsi istiqamətində silsilə tədbirlər keçirirsiniz. Keçirilən görüşlər və aparılan müşahidələrin nəticəsi olaraq regionlarda seçici fəallığını necə qiymətləndirirsiniz?

-Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq avqustun 28-dən etibarən Mingəçevir şəhərində tədbirlərin keçirilməsinə başlamışıq. Mingəçevir, Ağdaş, Zərdab, Ucar, Balakən, Zaqatalada bu kimi tədbirlər keçirmişik. Keçirilən görüşlərin nəticəsi olaraq artıq ilkin rəy söyləmək imkanımız var ki, əvvəlki illərə nisbətən regionlarda həqiqətən də seçici fəallığı var. Həmçinin seçicilərin seçki prosesi barədə məlumatlı olması, gənclərin seçki fəallığı hiss edilməkdədir. Gənclər, əhali seçki prosesi ilə maraqlanır, bu istiqamətdə keçirilən tədbirlərdə aktiv iştirak edirlər. Eyni zamanda vətəndaşlar onları narahat edən məsələlər, seçkilər və vətəndaş cəmiyyəti ilə bağlı suallarla müraciət edirlər. Bütün bunları biz görür və müsbət qiymətləndiririk. Bir sözlə regionlarda əhali arasında seçki fəallığı var. Təbii ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumu Seçki Koalisiyası biz yenə də seçici maarifləndilməsi işini davam etdiririk. Xüsusilə çalışırıq ki, 18-23 yaş arasında olan gənclər seçki prosesində daha çox fəallıq göstərsinlər. Bu arada bir məqamı qeyd etmək istərdim ki, Ucar rayonunun 82 min əhalisinin 46 min nəfəri seçicidir ki, onlardan 5 min nəfərə yaxını ilk dəfədir ki, prezident seçkilərində səs verəcək. Bu çox maraqlı göstəricidir. Ona görə də hesab edirik ki, həmin insanlarla bu kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.

-Bəs  regionlarda namizədlər üçün bərabər şərait yaradılırmı və seçkilərə hazırlıq prosesi yerli icra orqanları tərəfindən necə həyata keçirilir?

-Regionlarda keçirdiyimiz görüşlər zamanı yerlərdə seçki ilə bağlı yaradılan şəraitlə də tanış oluruq. Qax və Şəkidə keçirdiyimiz görüşlərin nəticəsi olaraq da belə deməyə əsas var ki, qanunvericilikdə nəzərdə tutulduğu kimi bütün namizədlər üçün bərabər hüquqlar, şərait yaradılır. Eyni zamanda seçkilərin azad, demokratik şəraitdə keçirilməsi üçün müvafiq addımlar atılır. Artıq ictimai şüurda da fəallıq özünü göstərir.

-İlkin müşahidələr və əldə edilən nəticə onu deməyə əsas verirmi ki, seçkinin növbəti mərhələsi də uğurla və demokratik qaydada gedəcək?

-Təbii ki, qeyri hökumət təşkilatları olaraq seçki prosesinin qanunların aliliyi, demokratik dəyərlərə yüksək hörmət, azad və ədalətli şəkildə keçirilməsini istəyirik. Bunun üçün də gərək bütün müvafiq qurumlar, Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları, həmçinin aidiyyatı qurumlar qanunların aliliyi prinsipindən irəli gələrək öz üzərilərinə düşən vəzifələri yerinə yetirsinlər. Nəticə etibarilə oktyabrın 9-da Azərbaycanda çox yüksək səviyyədə seçki keçirilsin, Azərbaycan xalqı azad, müstəqil şəkildə öz fikrini ifadə etsin. Bununla da Azərbaycan beynəlxalq miqyasda bir daha özünü təsdiq edəcək ki, demokratik, azad, müstəqil bir dövlətdir. Azərbaycan xalqı azad və demokratik şəkildə öz hüquqlarını ifadə edə bilir.

-Bəs seçki günü seçki prosesinin müşahidəsini də aparmağı düşünürsünüzmü?

-Biz Milli Qeyri-Hökumət Təşkilatları Forumu Seçki Koalisiyası olaraq əsasən seçici maarifçiliyi işləri ilə məşğul oluruq. Ancaq foruma üzv olan və ya üzv olmayan qeyri-hökumət təşkilatları isə seçkilərin monitorinqini və "exit-poll" həyata keçirəcəklər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31