“Azərbaycanda “müxalifətçilik fəlsəfəsi” hələ aydın dərk edilmir” - MÜSAHİBƏ
Mayis Güləliyev: “Hakimiyyəti sadəcə tənqid etmək hələ müxalifətçilik deyil”
2 Sentyabr 2013 15:23 Müsahibə"Müxalifətin ən böyük bəlası odur ki, siyasi səmimilikdən və reallığı etiraf etmək bacarığından məhrumdur"
Oktyabrda keçiriləcək prezident seçkilərində "Vətən" siyasi blokunun namizədi, Ədalət Partiyasının sədri İlyas İsmayılov da mübarizə aparmaq niyyətindədir. Artıq Mərkəzi Seçki Komissiyasına müraciət edən partiya sədrinin imzatoplama kampaniyası həyata keçirilir. Ədalət Partiyası ilə eyni blokda təmsil olunan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev "OLAYLAR"-a verdiyi müsahibədə seçki ərəfəsində ölkədə mövcud olan siyasi vəziyyət, eləcə də müxalifətin prezident seçkilərindən gözləntilərindən danışıb.
-Mayis bəy, "Vətən" Siyasi Blokunun prezidentliyə namizədi İlyas İsmayılovun imzatoplama kampaniyası necə gedir və proses yekunlaşırmı?
-Əvvəla onu qeyd edim ki, mən Milli Məclisin üzvü və prezidentliyə namizəd İlyas İsmayılovun seçki qərargahının rəhbəriyəm. Son həftə ərzində 125 dairənin ən azı yüzündə imzatoplama prosesi müvəffəqiyyətlə gedir. Sentyabrın 1-nə olan məlumatlara görə artıq 40 min imza toplanıb və imza vərəqələrinin səlahiyyətli nümayəndələr tərəfindən yoxlanması yekunlaşır. Biz əminik ki, sentyabrın 5-də imzatoplama prosesi tamamlanacaq və toplanmış 45 min imza Mərkəzi Seçki Komissiyasına təhvil veriləcək.
-"Vətən" blokunun namizədi seçki prosesində sona qədər mübarizə aparacaqmı, yoxsa müxalifət düşərgəsində olduğunuzu nəzərə alaraq müxalifət namizədlərindən birinə güzəştə gedə bilərsiniz?
-İlyas İsmayılovun prezidentliyə namizədliyi rəsmi olaraq Ədalət Partiyasından irəli sürülsə də o, həm də "Vətən" Blokunun vahid namizədidir. Onun namizədliyinin irəli sürülməsi "Vətən" blokunun siyasi platformasına və siyasi strategiyasına uyğun olaraq həyata keçirilib. Başqa sözlə desək, bu addım gündəmdə qalmaq xatirinə atılmayıb. Odur ki, seçki prosesində nəinki sona qədər mübarizə aparmaq, hətta "Vətən" blokunun strategiyasına uyğun olaraq nəzərdə tutulan siyasi proqramların hamısına nail olmaq məqsədimiz var. Digər tərəfdən, xahiş edirik, özünü müxalifət adlandıran namizədlər arasında siyasi bacarığı, dövlətçilik təcrübəsi, idarəetmə biliyi, siyasi etikası və digər göstəriciləri İlyas İsmayılovdan üstün olan hər hansı bir nəfəri göstərin və biz onun xeyrinə öz namizədliyimizdən imtina edək. Varmı beləsi? Əlbəttə yoxdur! Müxalifətin ən böyük bəlası odur ki, siyasi səmimilikdən və reallığı etiraf etmək bacarığından məhrumdur.
-Yaşıllar Partiyası kifayət qədər xarici əlaqələrə malikdir. Bu aspektdən çıxış edərək seçkinin təbliğat kampaniyası çərçivəsində əməkdaşlıq etdiyiniz tərəflərin seçki təcrübəsindən istifadə edəcəksinizmi?
-Belə təcrübədən nəinki istifadə edəcəyik, hətta son 7 ildə artıq istifadə edirik. Elə bunun nəticəsidir ki, Yaşıllar Partiyası Ədalət partiyası ilə "Vətən" siyasi blokunu formalaşdırdı. Məqsədi, məramı, hədəfi bizimlə yaxın olan siyasi təşkilatları da bu birliyə cəlb etməyə çalışırıq. Ümidvaram ki, "Vətən" siyasi bloku getdikcə genişlənəcək və yaxın illərdə ciddi siyasi qüvvəyə çevrilicək. Bu blok siyasi mahiyyətinə görə Azərbaycan ictimai-siyasi arenasında "Üçüncü qüvvə" rolunu oynayacaq. Mən buna tamamilə əminəm.
-Müxalifət düşərgəsindən çoxsaylı namizədin seçki prosesinə qoşulması nəticənin müxalifətin ziyanına olacağından xəbər vermirmi?
-Bu o deməkdir ki, Azərbaycanda "müxalifətçilik fəlsəfəsi" hələ aydın dərk edilmir. Hakimiyyəti sadəcə tənqid etmək hələ müxalifətçilik deyil. Müxalifət partiyasının hakimiyyətə müxalifətçiliyi daha konseptual məsələlərdə, məsələn, ideoloji məsələlərdə olmalıdır. Ən azı iqtisadi, siyasi, sosial və sair sahələrdə malik olduqları proqramlara uyğun olaraq onlar müxalifətçiliyə nail olmalıdırlar. Azərbaycanda isə özünü müxalifət adlandıran partiyaların əksəriyyəti yalnız hakimiyyət davası etdiyindən müxalifətçilik ideyası öz mahiyyətini kəskin dəyişib. Elə onun nəticəsidir ki, prezident seçkilərində iştirak edərək əksər partiyalar müxalifət elektoratı özünə tərəf çəkmək istəyir. Müxalifət elektoratı isə konkret və real proqram görmədiyindən siyasi proseslərə qoşulmaq istəmir. Son 23 ildə hər dəfə aldanan elektorat sonra müxalifət adından çəkinməyə başlayıb.
-"Vətən" bloku sırf seçki dövrü üçün yaranıb, yoxsa seçkidən sonra da blok öz tərkibini genişləndirib fəaliyyət göstərəcək?
-"Vətən" siyasi bloku seçki bloku deyil və prezident seçkilərinə görə yaradılmayıb. Bu siyasi ittifaq ən azı 10 illik proqrama malikdir. Qlobal problemlər, o cümlədən Böyük Yaxın Şərqə aid problemlər kontekstində lokal problemlərin öyrənilməsi və siyasi müstəvidə həll edilməsi bizim əsas siyasi metodologiyamızdır.
Süleyman İsmayılbəyli