“Hollandiyanın hər bir yerindən diasporumuzun səsi gəlməlidir”

İradə Uluxanlı: “Cəmiyyətlər ayrı-ayrılıqda fəaliyyət göstərsələr nəticə daha effektiv olar”

"Çünki diaspor cəmiyyətlərimizin çoxluğu belə özü-özlüyündə bir təbliğatdır"

Azərbaycan diasporunun aktiv olduğu ölkələrdən biri Niderland Krallığıdır ki, burada onlarla Azərbaycan diaspor təşkilatı, dərnək və ya cəmiyyətlər fəaliyyət göstərir. Niderlanddakı aktiv diaspor təşkilatlarımızdan biri də "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətidir ki, adı çəkilən qurum 2005-ci ilin aprelindən fəaliyyət göstərir. Azərbaycanı Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına çatdırmaq kimi başlıca vəzifələri qarşısına məqsəd qoyan cəmiyyət ötən müddət ərzində qeyd edilən istiqamətlərdə bir sıra tədbirlər, layihələr həyata keçirib. Cəmiyyətin gördüyü faydalı işlərdən biri də Azərbaycanla bağlı sənədlərin Hollandiya kitabxanalarına verilməsi, buradakı kitabxanalarda "Azərbaycan guşə"lərinin yaradılmasıdır. "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətinin sədri İradə Uluxanlı "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun qarşısında duran yeni vəzifələr və yaxın vaxtlarda görüləcək işlər barədə danışıb.

-İradə xanım, rəhbərlik etdiyiniz "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti nə zamandan fəaliyyət göstərir və cəmiyyətinizin əsas fəaliyyət istiqamətləri hansılardır?

-Rəhbərlik etdiyim "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti 2005-ci ilin aprel ayindan rəsmi şəkildə fəaliyyət göstərir. Cəmiyyətin təsis edilməsində məqsəd Azərbaycan Respublikasının mədəni-mənəvi sərvətlərinin dünya ölkələrində, əsasən də Niderland dövlətində tanınmasına yardım göstərməkdir. Cəmiyyətin fəaliyyət istiqaməti müxtəlifdir. "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə qarşı aparılan haqsız təxribatlara qarşı müxtəlif aksiyalar həyata keçirib və keçirməkdə davam edir. Dövlətçiliyimiz haqqında həqiqətləri üzə çixaran ədəbiyyat nümunələrinin Niderland və Belçika dövlətlərində yayımının təşkilini bu aksiyalardan biri kimi qeyd edə bilərik. Hazırda Maastrixt şəhərində yerləşən və kolleksiyasında 60.000-ə yaxın kitab ehtiyatı olan Maastrixt Dövlət Kitabxanasında Azərbaycan dövlətçiliyi və tarixi haqqında dəyərli informasiyanı özündə əks etdirən kitabların fonda salınması və oxucuların istifadəsinə verilməsi buna digər bir nümunədir.

-Cəmiyyət rəhbəri olaraq hazırda Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan diasporunun durumuna gəlincə onu qeyd edə bilərəm ki, Hollandiyada müxtəlif tipli diaspor cəmiyyətləri fəaliyyət gostərir: Bəziləri sərbəst şəkildə fəaliyyətə üstünlük verir, digərləri isə fəaliyyət dairəsi geniş olan hər hansı bir cəmiyyətin tərkibinə daxil olaraq birgə fəaliyyət göstərir və sair. Koordinasiyaya gəldikdə bu funksiya çox zaman sosial şəbəkələr vasitəsilə baş verir.

-Azərbaycan diasporunun uğurlu fəaliyyət göstərdiyi ölkələrdən biri də Niderland Krallığı sayılır. Bu fəaliyyət Niderlanddakı erməni diasporunun narahatçılığına səbəb olmurmu və Sizə qarşı hansısa təxribatçı addımlar atılırmı?

-Erməni diasporunun bizim fəaliyyətimizə münasibəti birmənalidir. Dünyanin digər ölkələrində oldugu kimi biz də burada, Niderlandda onlardan həmin münasibəti görürük Amma əsas odur ki, biz onlara fikir vermirik. Çunki onların mənasiz təbligatının hər dəfə nəticəsiz qalması bizə kifayət edir.

-Cəmiyyət olaraq Niderlanddakı digər diaspor təşkilatları ilə əlaqələriniz hansı səviyyədədir. Ümumiyyətlə, demək olarmı ki, Niderlanadda Azərbaycan diasporu vahid mövqedən çıxış edir?

Mənim bu barədə fikrim belədir ki, cəmiyyətlər ayrı-ayrılıqda fəaliyyət göstərsələr nəticə daha effektiv olar. Çünki diaspor cəmiyyətlərimizin çoxluğu belə özü-özlüyündə bir təbliğatdır. Hollandiyanın hər bir yerindən diasporumuzun səsi gəlməlidir. Birləşməyə sadəcə mənəvi cəhətdən ehtiyac var. Əgər hər hansı bir yardıma ehtiyac duyularsa, o zaman hamı bir-birinə kömək etməlidir. Bizim hər bir nailiyyətimiz özümüzdən, özümüzü, xalqımızı, tariximizi yerli əhaliyə necə çatdırmağımızdan asılıdır. Bu proses uğurlu getsə digər məsələlər də uğurla həll olunar.

-Azərbaycan diasporu Niderland cəmiyyətini öz problemləri, Dağlıq Qarabağ münaqişəsi barədə tam məlumatlandıra bilibmi?

-Bəli, Bunun üçün burada həm şərait, həm də kifayət qədər material mövcuddur. Təşkil etdiyimiz hər bir tədbir təbligat xarakteri daşıyır və yerli əhalinin obyektiv olaraq məlumatlandırılması mövqeyindən çixış edir. Onu da qeyd edim ki, bura gəldiyimiz ilk illərdə yerli əhalidə ölkəmiz haqqında demək olar məlumat yox idi. Və ya ürəkaçan heç bir məlumat yox idi desəm daha düzgün olardı. Ölkəmiz ya keçmiş sovet ölkəsi kimi, ya da işğalçı dövlət kimi tanınırdı. Müstəqilliyimiz haqqında yerli əhalidə heç bir məlumat yox idi. Uzun illər bu fikirlərə qarşı mubarizə aparmaq bizə çox çətin idi. Çox zaman bu istiqamətdə apardığımız işdə bizə dəstək verən olmurdu və nəticədə tək mübarizə aparmalı olurduq. Amma indi şükürlər olsun ki, istədiyimiz nəticələri əldə edirik. Bu sahədə ən böyük nailiyyətimiz isə Qarabağ müharibəsi haqqında həqiqətləri üzə çıxarmaq imkanını əldə etməyimizdir. Keçirdiyimiz hər bir tədbirdə ilk yeri bu məsələyə veririk, bütün qüvvəmizi buna yönəldirik.

-Niderlandda yaşayan soydaşlarımızın başlıca problemləri nələrdir və cəmiyyət olaraq soydaşlarımızın problemlərinin həllinə necə yardımçı olursunuz?

-Əlbəttə ki, Niderlandda yaşayan soydaşlarımız diaspor fəaliyyətində müəyyən problemlərlə üzləşirlər və həmin problemlər müxtəlif mənşəlidir. Bu problemlərdən ən əsası hər hansı bir tədbirin təşkilində səfərbərlik problemidir. Bildiyiniz kimi həmvətənlərimiz Niderlandın müxtəlif bölgələrində yaşayır. Hər hansı bir tədbirin təşkili zamanı onları bir yerə yıgmaq bəzən çətin olur. Vaxt baxımından, məsafə uzaqlığından və digər problemlər səbəbindən tədbirlərdə iştirak edə bilmirlər. Bu zaman sadəcə bir-birimizə yardım etməyə və ya bir-birimizi anlamaga calışırıq.

-Niderlandda təhsil alan gənclərimiz diaspor işində nə dərəcədə aktivdirlər?

-Diaspor fəaliyyətindən bəhs edərkən gənclərimizin fəaliyyətini xüsusən qeyd etmək istərdim. Niderlandda yaşayan, təhsil alan gənclərimiz çox aktivdirlər. Onların fəaliyyəti o dərəcədə ürəkaçıcı və sevindiricidir ki, bəzən biz onlardan nümunə götürürük. Səmimi olaraq qeyd edim ki, bu gənclərdən danışanda mən fərəh hissi keçirirəm və onlarla qürur duyuram.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31