“Moldovalı Ombudsmanı yalnız Azərbaycanın haqq səsini dediynə görə müdafə etmirik”

İlham İsmayılov: “Biz ümumilikdə Ombudsman İnstitunun prinsiplərinə və beynəlxalq qanunlara uyğun olaraq, ombudsmanın insan hüquqlarının qorunmasındakı fəaliyyətinə müxtəlif üsullarla göstərilən təzyiqlərə qarşı mübarizə aparırıq”

Bir müddət əvvəl Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistanda etdiyi məlum çıxışdan sonra ona qarşı artan təzyiqlər xanım Qriqoriunun müdafiəsini də qaçılmaz etdi. İstər Azərbaycanda, istərsə də ondan kənarda fəaliyyət göstərən müxtəlif təşkilat və qurumlar, ayrı-ayrı vətənpərvər insanlar moldovalı ombudsmanın müdafiəsinə qalxdı. Belə təşkilatlardan biri də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi idi. Adı çəkilən təşkilat da moldovalı ombudsmanın müdafiəsinə qalxaraq ona dəstək məktubu göndərib. Sevindirici haldır ki, xanım Qriqoriu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəstək məktubuna cavab verib və bu təşkilatla əməkdaşlığa maraqlı olduğunu vurğulayıb. İctimai Birliyin sədri İlham İsmayılovla müsahibədə də moldovalı ombudsman ətrafında baş verən proseslər və ATXƏM-lə xanım Qriqoriunun mümkün əməkdaşlığından danışıb.

-İlham müəllim, bu günlərdə moldovalı ombudsmana göndərdiyiniz müraciətə cavab gəldi. Bunu necə dəyərləndirirsiniz?

-Əvvəla onu qeyd edim ki, Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsi barədə Moldova Ombudsmanı xanım Aureliya Qriqoriunun çıxışı Azərbaycanda böyük rəğbətlə qarşılandı. İstər tədbirdən sonra Ermənistanda, istərsədə ötən iki ay müddətində Ombudsmana qarşı ermənilərin təzyiqləri davam etdi. Təbii olaraq, Azərbaycanda ictimai təşkilatlar, media orqanları ombudsmanın müdafiəsinə qalxdılar. Bizim ombudsmana müraciətimiz avqustun 15-də oldu. Biz sadəcə prosesləri müşahidə edirdik ki, ombudsman ona qarşı olan təzyiqlər fonunda hansı addımları atacaqdır. Məktubumuzda bildirirdik ki,  moldovalı ombudsmanın tutduğu mövqe Ombudsman İnstitunun əsas prinsiplərinin siyasi maraqlardan üstün tutulduğu məqamdır. Hansı ki, dünyanın insan hüquqları ilə məşğul olan təşkilatları, Xocalıda və ümumilikdə Dağlıq Qarabağda baş verən hadisələrə fəaliyyət göstərdikləri ölkələrin siyasi maraqları çərçivəsində və ya erməni lobbisinin təsirləri altında yanaşıblar. Bu isə öz-özlüyündə bizdə insan hüquqları təşkilatlarına daima inamsızlıq yaradıb. Lakin moldovalı ombudsmanın çıxışı dünyada xiristian amilindən yararlanmağa cəhd edən Ermənistan və erməni lobbisinə qarşı olan loyal münasibəti və "toxunulmazlığı" zəiflətmiş oldu. İnanıram ki, bundan sonra nüfuzlu insan hüquqları təşkilatları da ombudsmanın bu çıxışından örnək götürərək, həqiqəti deməkdən çəkinməyəcəklər. Bilirsiniz ki, təşkilatımız  bütün dünyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları ilə əməkdaşlıq edərək, Xocalı soyqırımının tanıdılması və Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyət göstərən bir təşkilatdır. Mərkəzimiz hər il Avropanın siyasi mərkəzi olan Strasburq şəhərində Xocalı soyqırımı ilə bağlı davamlı olaraq mitinqlər təşkil edir, bu soyqırımın tanınması üçün İnsan hüquqları təşkilatları ilə müxtəlif görüşlər keçirir. Biz Moldovalı ombudsmana müraciət edərək, onunla bu sahədə əməkdaşlıq etmək istədiyimizi bildirdik. Ombudsman bizə cavab məktubunda qeyd edib ki, təşkilatınızın fəaliyyəti ilə tanış olmuşam və bütün sahələrdə əməkdaşlıq etməyə hazıram. Təbii ki, biz Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ probleminin həllində maraqlı olan bir təşkilat kimi moldovalı ombudsmanla bu sahədə əməkdaşlığa böyük önəm veririk və yaxın vaxtlarda əməkdaşlığımızda praktik addımların atılmasına çalışacayıq.

-Bu öz-özlüyündə onu deməyə əsas verirmi ki, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin fəaliyyəti barədə Azərbaycandan kənarda da kifayət qədər məlumat var?

-Bilirsiniz ki, təşkilatımız hər il Strasburq şəhərində Xocalı mitinqinin təşkil olunmasında Strasburq "Azərbaycan Evi" ilə birgə əməkdaşlıq edir. Brüsseldə Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq konfrans təşkil etmişik və konfrans Avropa mətbuatında da geniş işıqlandırılıb. Ona görə də Avropanın bu problemə hansı formada yanaşması da bizə məlumdur. Avropada keçirdiyimiz görüşlərdən belə nəticə çıxarmışıq ki, keçmiş postsovet məkanı ölkələri bu problemləri daha yaxşı qavraya bilir və bunun region üçün nə qədər ağır nəticələr verdiyini dəqiqliklə hesablaya bilirlər. Təbii ki, moldovalı ombudsman da Dağlıq Qarabağda nə baş verdiyini çox gözəl bilir. Çünki Moldova özü də Dnestryanı bölgədə oxşar problemləri yaşayır. Biz Ombudsmana müraciətimizdə vurğulayırdıq ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi,  Gürcüstanın Abxaziya və Osetiya, eləcə də Moldovanın Dnestryanı bölgəsi eyni münaqişə mərkəzlərindən yaradılan və idarə olunan konflikt bölgələridir. Bütün bu bölgələrin bizə verdiyi "töhvə" isə yalnız xalqlarımızın əziyyət çəkməsi və ölkələrimizin azad bir şəkildə inkişafına mane olan əsas məsələdir. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin məktubuna ombudsmanın pozitiv yanaşması bizim üçün gözlənilən idi. Çünki təşkilatımız fəaliyyət göstərdiyi müddətdə beynəlxalq layihələrə daha çox üstünlük verib. Demək olar ki, müxtəlif ölkələrdə onlarla sanballı beynəlxalq layihələr həyata keçirmişik.

-Sizcə, moldovalı ombudsmanın Ermənistanda məlum açıqlama ilə çıxış etməsi ondan xəbər vermirmi ki, artıq dünya Azərbaycanın haqq səsini eşitməkdədir

-Bilirsiniz ki, ermənilər bütün dünyada təbliğat apararaq, soyqırıma məruz qaldıqlarını iddia etməkdədirlər. Bu soyqırım iddiası ermənilərin həm milli ideologiyasına, həm də həyati yaşam qaynağına çevrilib. Ermənistan rəhbərliyi hər zaman bu məsələni gündəmdə saxlamaqla erməni lobbisinin maliyyə dəstəyini almaqdadır. Doğrudur, dünyanın bir çox aparıcı dövlətləri bu soyqırım iddialarından həm də Türk dünyasına təzyiq etmək üçün istifadə etməkdədirlər. Üstəlik, ermənilər soyqırım iddialarını ortaya atanda xristian amilindən də yararlanmağa çalışırlar. Amma artıq dünyada yeni regional güc mərkəzləri yaranmağa başlayıb. Azərbaycanın son bir neçə il ərzindəki iqtisadi inkişafı, hərbi qüdrətinin günü-gündən artması ölkəmizi Cənubi Qafqazın əsas söz sahibi ölkəsinə çevirib. Üstəlik bu gün dünyada əsas iri transmilli layihələrdə, Azərbaycan ya əsas müəllif ölkədir, ya da ki, iri layihələr Azərbaycanın iştirakı ilə reallaşmaqdadır. Belə olan təqdirdə təbii ki, dünya dövlətləri əməkdaşlıq edəcəkləri ölkələrin içərisində Azərbaycana xüsusi maraq göstərirlər. Bununla yanaşı, erməni yalanlarının ifşa olunmasında, ölkəmizin xarici siyasətində aparılan çevik siyasi kursu da qiymətləndirməliyik. Bu gün dünyada fəaliyyət göstərən Azərbaycan və türk diasporalarının birgə fəaliyyəti nəticəsində erməni təbliğat maşını artıq aciz görünür. Təbii ki, bütün bu proseslərin fonunda erməni yalanları artıq dünya ictimayyətinin gözlərini bağlaya bilmir. Moldovalı ombudsmanın Ermənistandakı çıxışı da bütün bunlara bariz nümunədir ki, artıq Ermənistanın bölgədə yaratdığı  regional təhlükəyə dünyanın tərəqqipərvər insanları susmaq istəmir, hər şeyi öz adı ilə çağırmağa başlayıblar. 

-Moldovalı ombudsmana qarşı olan təzyiqlər müqabilində Azərbaycanın müvafiq qurum və təşkilatları, xüsusilə diasporumuzun fəaliyyəti yetərli oldumu və diasporumuz moldovalı ombudsmanı yetərincə müdafiəyə qalxdımı?

-Moldovalı Ombudsmana qarşı təzyiqlərə Azərbaycanın ictimai təşkilatları, media qurumları, eləcə də bütün dünyada fəaliyyət göstərən diaspora təşkilatları çox həssas yanaşdılar və demək olar ki, bütün sosial şəbəkələrdə səfərbər olunub onun müdafiəsinə qalxdılar. Təbii ki, bizim haqq sesimizi deyən hər kəsi müdafiə etməliyik. Müdafiə etməsək bizi kim müdafiə edər. Lakin biz moldovalı ombudsmanı yalnız Azərbaycanın haqq səsini dediynə görə müdafə etmirik. Biz bir təşkilat olaraq həm də, ümumilikdə Ombudsman İnstitunun prinsiplərinə və beynəlxalq qanunlara uyğun olaraq, ombudsmanın insan hüquqlarının qorunmasındakı fəaliyyətinə müxtəlif üsullarla göstərilən təzyiqlərə qarşı mübarizə aparırıq. Yaxın vaxtlarda Moldovada yeni ombudsman seçimləri olacaq. Ola bilsin ki, xanım Aureliya yenidən ombudsman ola bilməsin. Amma bundan sonra da xanım Aureliya harada fəaliyyət göstərməsindən asılı olmayaraq, təbii ki erməni diasporası ona qarşı təzyiqlərini davam etdirəcək. Lakin biz onu hər zaman müdafiə etməyə hazırıq və inanıram ki, bütün diaspora təşkilatlarımız onun müdafiəsində sonadək iştirak edəcəklər. Bilirsiniz ki, xanım Aureliya təşkilatımızın əməkdaşlıq təklifini yüksək qiymətləndirib və bizimlə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib. Biz yaxın günlərdə xanım Aureliyaya rəsmi müracət edərək, onu Azərbaycana dəvət edəcəyik. Ümidvaram ki, moldovalı Ombudsman Azərbaycanda olduğu müddətdə Dağlıq Qarabağ problemindən əziyyət çəkən insanlarla daha yaxından tanış olacaq və Xocalı soyqırımı şahidlərinin dilindən o dəhşətli qətlamları eşidə biləcəkdir. 
Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31