“Milli Şura özü özünü dəfn etdi” - MİLLƏT VƏKİLİ

Musa Qasımlı: “Azərbaycanla təzyiqlər dilində danışmaq mümkün deyil”

Müsahibimiz millət vəkili, professor Musa Qasımlı "Olaylar"ın suallarını cavablandırıb.

- Musa müəllim, Türk dövlət başçılarının Qəbələdə keçirilən Zirvə görüşünü nələri göstərdi?

- Türk dövlət başçılarının Qəbələdə keçirilən Zirvə görüşü dünyada gedən qloballaşma proseslərinin tərkib hissəsidir. Türk xalqları arasında tarixi, mədəni, dini, coğrafi və başqa oxşarlıqlar var. Onların arasında əlaqələrin inkişaf etməsi heç şübhəsiz xalqlarımızın və ölkələrimizin maraqlarına uyğundur. Bu əməkdaşlıq heç bir digər dövlətə və ya dövlətlər qrupuna, xalqa qarşı yönəlməyib. Qəbələdə sammitin keçirilməsi onu göstərdi ki, artıq Azərbaycanın istənilən bölgəsində yüksək səviyyəli beynəlxalq toplantılar keçirmək olar. Bir neçə il əvvəl bu sammit Naxçıvanda keçirilmişdir. İndi isə Qəbələdə keçirilməsi Azərbaycan regionlarının inkişaf göstəricilərindən biridir.

-Milli Şuranın mitinqi Milli Şura haqqında nələri dedi?

- Azərbaycanda prezident seçkiləri ərəfəsindəki şəraiti normal demokratik mühitə uyğun hesab edirəm. Hər bir qurumun müəyyən edilmiş yerdə mitinq keçirmək hüququ var. Bu, demokratiyanın göstəricilərindən biridir. Milli Şura da bu hüquqdan yararlandı. Ancaq bu mitinq bir daha təsdiq etdi ki, Milli Şura iflasa uğradı, özü-özünü dəfn etdi. Mitinq onu göstərdi ki, Milli Şuranın heç bir ideyası yoxdur, təşkilati struktur mövcud deyildir, strategiya və taktika hazırlanmayıb, komanda yoxdur, layihələr barədə heç bir təsəvvür yaranmayıb, meydana çıxanlarda mübarizə əzmi sıfra bərabərdir, sosial baza mövcud deyildir. Bütün Milli Şuraya daxil olanların meydana o qədər adam çıxartmaları göstərdi ki, artıq müxalifətin radikal qanadı sosial bazasını tamamilə itirib. Milli Şuranın xaricdən dəstək almaq istəkləri Azərbaycan xalqına həqarətdi. Çünki, Azərbaycan xalqı özü öz rəhbərini seçmək iqtidarındadır və xarici qüvvələrə arxalanaraq Azərbaycanda hakimiyyətə gəlmək yolverilməzdir. Hesab edirəm ki, Milli Şura mitinq keçirməklə demokratik haqlarından nə qədər istifadə etdisə seçkilərin nəticəsində seçkinin də hüququna bir o qədər hörmət edəcək və Milli Şura xalqın seçdiyi dövlət rəhbərini təbrik edəcək.

- Xarici təsirlər Azərbaycanın xarici siyasət kursuna təsir edə bilərmi?

- Bu gün cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan Respublikasının mükəmməl xarici siyasəti formalaşıb, bu gün Azərbaycan dövləti heç bir dövlətin və dövlətlər qrupunun yanında deyildir, yalnız öz maraqlarının yanındadır. Ötən illərin təcrübəsi göstərdi ki, Azərbaycana heç bir təzyiq etməklə yolundan döndərmək mümkün deyildir. Bu da bir sıra amillərlə bağlıdır. Hər şeydən əvvəl prezidentimiz cənab İlham Əliyev təkcə daxili siyasət məsələlərini deyil, beynəlxalq məsələləri də mükəmməl bilir və beynəlxalq məsələləri, həm beynəlxalq münasibətlərin tarixini, həm nəzəriyyəsini, həm də praktikasını ən mükəmməl şəkildə bilir. Azərbaycanla təzyiqlər dilində danışmaq mümkün deyil. Hansı ölkə buna cəhd edəcəksə, belə addımlar onun özünə qarşı yönələcək.  

- Rusiyanın yaratmaq istədiyi Avrasiya ittifaqında Azərbaycanın yeri nə dərəcədə vacibdir?

-  Rusiyanın Avrasiya İttifaqı yaratmaq istəyi yeni bir ideya deyil, Avrasiya İttifaqı Azərbaycansız mümkün olmaz. Çünki, bütün Avrasiyaya keçid məntəqəsi, əlverişli strateji nöqtə Azərbaycandır. Azərbaycanın imza atmayacağı bir yerdə Avrasiya ittifaqı formalaşa bilməz. Əgər onu bir neçə dövlət imzalayarsa, sənəd üzərində yaradılarsa, bu elə sənəd üzərində də qalar.

-Musa müəllim, Misir hadisələrini necə dəyərləndirirsiniz?

- Misirdə Mursinin devrilməsi hərbiçilərin hakimiyyət başına gəlməsi, antidemokratiyanın bir təzahürü oldu. Misirdə xalq uzun illərdən sonra səs verərək Mursini Misir Ərəb Respublikasının prezidenti seçmişdir. Onun hərbiçilər tərəfindən devrilməsinin demokratiya ilə heç bir bağlılığı yoxdur. Əgər Hüsnü Mübarək dövründə insanlar heç olmasa sakit yaşayırdılarsa, küçələrə çıxa bilirdilərsə, indi insanların güvənliyi təhlükə altındadır. Mənim fikrimcə, Mursi devrildikdən sonra hakimiyyətə gələnlər əgər öz siyasətlərində dəyişiklik etməyəcəklərsə Misirdə qarışıqlıq bundan sonra da davam edəcək. Misirdə qarışıqlığın davam etməsi isə bəzi ölkələrə sərf eləyir.

                                                                           Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31