“Biz bu seçkidə İlham Əliyevi dəstəkləyirik” - Bütün Qafqazın şeyxi VIDEO
Bütün Qafqazın şeyxi ilə görüşən kral II Abdullah yaxın günlərdə Azərbaycana gələ biləcəyini deyib
22 Avqust 2013 11:23 MüsahibəBütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin İordaniya rəhbəri kral II Abdullahla görüşü olub. Bu görüşdə Azərbaycan prezidenti İlham Əliyevin salamları krala çatdırılıb. Bütün Qafqazın şeyxi görüşün detalları barədə ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə söhbət edib.
Mir Şahin: Şeyx həzrətləri, müsəlman aləminin çox mötəbər konfransı öz işini artıq başa çatdırdı. Məni ilk növbədə bu konfransın mahiyyəti maraqlandırır. Bu konfransın İslam aləmi üçün nə dərəcə əhəmiyyəti var?
Hacı Allahşükür Paşazadə: Bismilləhir Rəhmanir Rəhim! Birinci deyə bilərəm ki, İslam aləmində 1- 2 konfrans var ki, bu şəkildə təşkil olunur. İordaniyada Kral Akademiyası tərəfindən təşkil olunmuş konfransın bünövrəsi 1986-cı ildə mərhum kral Hüseyn tərəfindən qoyulub. Bu konfransın təşkilinin bu günki gündə böyük əhəmiyyəti var: Birincisi İslam aləmində baş verən hadisələr, bu hadisələrə münasibət, din-dövlət münasibətləri. Bu gün baş verən bəzi hadisələr var, Misirdə baş verən hadisələr, bu qırğınların səbəbkarları. Yəni necə oldu ki, müsəlmanlar bir qibləyə üz tutan insanlar bir-birini öldürərək kafir adlandırırlar. Bunu dayandırmağın formulunu necə tapmaq olar, bunu nə səbəbdən, kim edib və bu kimi məsələlərin həlli bu maraqlı konfransda müzakirə edilib.
Bu konfransa dövlət rəhbərinin, kral II Abdullahın rəhbərlik etməsi bunu daha da mühim etdi. Baxmayaraq ki, bu dini konfrans idi. Əslində dini konfrans olmaqla bərabər həm də siyasi bir forum idi. Mən kral həzrətləri ilə görüşdüm. Bu konfransın birinin də Azərbaycanda keçirilməsini istədiyimi bildirdim. İstərdim gözləri ilə görsünlər ki, biz həm İslamda varıq, müsəlmanıq, həm də dövlətçiliyimiz var, dövlət qanunlarına riayət edirik. Dövlət-din münasibətlərində heç bir münaqişəmiz yoxdur. Hətta məzəhbələr arasında, sünni - şiəlikdə yox, dinlər arasında da bizim üçün fərq yoxdur. Əlbətdə bunun əsas qayəsi Azərbaycanda din - dövlət münasibətlərini nümayiş etdirməkdir. Dövlətin dinə münasibətindən çox şey asılıdır. Dövlət rəhbərinin dinə və dindara, mədəniyyətimizə olan etimadı, münasibəti çox imkanlar yaradır ki, dindarlar da bundan istifadə edirlər və ona öz təşəkkürlərini bildirirlər.
Bizim üçün çətinlik yaradan Qarabağ məsələsidir. Qarabağda baş verən hadisələr - 20 % torpaqlarımızın erməni ekstremistləri tərəfindən zəbt olunması, dini məbədlərimizin, ziyarətgahlarımızın, qəbrlərimizin xaraba qoyulması, mədəniyyət ocaqlarımızın dağıdılması bizi tam şəkildə bu gün dünyada tolerantlıq mühitini Azərbaycanda göstərməkdən bir az məhrum edir. Ona görə də, biz istədik ki, bu işdə bizə yardımçı olsunlar. Mən də dedim ki, siz bu gün bu məsələdə hamınız birlikdə Qarabağ məsələsində Azərbaycanın yanında olmalısınız.
Həmçinin, mən Misirdə qardaş qırğının qarşısının alınmasına, sülh yolu ilə qaydaya qoyulmasına, Suriyada, İraqda, Əfqanıstanda törədilən terrorlara münasibətimi bildirdim. İnanıram ki, konfrans öz müsbət nəticələrini göstərəcəkdir.
Mir Şahin: Təbii ki, bu səfər çərçivəsində sizin bir sıra çox maraqlı görüşləriniz oldu və onların içərisində İordaniya kralı ilə görüş çox xüsusi yer tutur. Ümumiyyətlə bu görüşlər barədə tamaşaçılarımıza bir az məlumat verməyinizi istəyirik.
Hacı Allahşükür Paşazadə: İordaniya Azərbaycana, xalqına və rəhbərinə çox böyük münasibətlər bildirir. Məni çox sevindirir ki, kral həzrətləri bütün görüşlərində İlham Əliyevə qardaşım deyə müraciət edir. O, Azərbaycan xalqına və rəhbərinə salamlarını çatdırmağımı istəyir. O tam şəkildə izhar etdi ki, biz həmişə Azərbaycanın yanındayıq. Hər zaman Azərbaycanın yanında olduqlarını bildirir. Hətta dedi ki, yaxında seçkilər olacaq, biz bu seçkidə İlham Əliyev həzrətlərini dəstəkləyirik. Hətta mənimlə zarafat elədi. Mən onu məscidin açılışına da dəvət etdim. Dedim, qardaşın böyük bir məscid tikdirir. Bəlkə məscidin açılışına siz də gələsiz. O isə dedi ki, "Bu gec olar. Bəlkə mən seçkiyə qədər gəlib qardaşımı gördüm".
Çox söhbətlərimiz oldu. Bu çərçivədə mədəni, ümumi mənəvi əlaqələr və bu kimi məsələlər müzakirə olundu.
Deyə bilərəm ki, Azərbaycan-İordaniya əlaqələri yüksək səviyyədə həm iqtisadi, həm siyasi, həm də mənəvi cəhətdən inkişaf edir. Biz də bu inkişafın daha da genişlənməsi, möhkəmlənməsi üçün bu addımları atdıq. Yəqin ki, bu da öz bəhrəsini verəcək, inşallah.
Mir Şahin: Şeyx həzrətləri, səfər artıq baş çatdı, görüşlər də bitdi. Avqustun 26-sı sizin ad gününüzdür. Sadəcə olaraq bilmək istəyirəm ki, bu günə qədər sizin hansısa başqa planlarınız varmı?
Hacı Allahşükür Paşazadə: Düzdür ad günüm yaxınlaşır. Amma mən ona qədər Şimali Qafqazda - Qroznıda konfrans keçirəcəyəm. Bu tədbir mənim təşəbbüsümlə, mənim rəhbərliyimlə keçiriləcək. Şimali Qafqazda olan bütün müftilər və mənim başqa yerlərdə olan nümayəndələrim bu tədbirdə iştirak edəcəklər. Bu konfransın əsas qayəsi bu gün və keçmişdə Qafqazda baş vermiş bəzi hadisələrə münasibət bildirmək və problemin həlli üçün müzakirələr aparmaqdır. Bir də biz Qafqaz Ali Dini Şurası kimi dünyada baş verən hadisələrə xüsusən Misirdə son baş vermiş hadisələrə öz münasibətimizi bildirmək istəyirik. Ayın 24-də isə Ekmeleddin İhsanoğlunun dəvəti ilə İstanbulda bir konfransda iştirak edəcəyəm. Orda da bəzi görüşlər keçirəcəyəm. Sonra da qayıdacağam və nəsib olsa anadan olduğum gün mən evdə olacağam.
Mir Şahin: Təşəkkür edirəm.