“Mitinqin vaxtı da düzgün seçilməmişdi” - MÜSAHİBƏ

Taliyət Əliyev: “Bu aksiya Milli Şura adına keçirilən mitinq kimi zəif idi”

Ölkədə fəaliyyət göstərən siyasi partiya və təşkilatların demək olar ki, əksəriyyəti oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədini müəyyən edərək Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bir sıra partiyalar da var ki, hələlik prezident seçkilərində iştirakla  bağlı hansısa qərar verməyə çətinlik çəkirlər. Belə siyasi qüvvələrdən biri də Azərbaycan Demokrat Partiyasıdır. Partiyanın sədr müavini Taliyət Əliyevlə söhbətimizdə ADP-dəki seçkilərlə bağlı olan qeyri-müəyyənlik, müxalifət daxilində cərəyan edən proseslər, eləcə də Milli Şurada cərəyan edən proseslərə aydınlıq gətirdik.

-Taliyət bəy, Azərbaycan Demokrat Partiyasından  fərqli olaraq əksəriyyət partiyalar seçkidə iştirak edəcək namizədini müəyyən edərək Mərkəzi Seçki Komissiyasına müraciət edib. Ancaq ADP hələlik bu istiqamətdə hansısa addım atmağa tələsmir. Demək olarmı ki, partiyanız bu seçki prosesindən kənarda qalacaq və namizəd irəli sürməyəcək?

-Azərbaycan Demokrat Partiyasının öz namizədi ilə seçkilərə qoşulub-qoşulmayacağı ilə bağlı qərarı böyük ehtimalla həftə sonuna və ya gələn həftənin ilk günlərində veriləcək. Bir sıra obyektiv və subyektiv səbəblərdən bu qərarın verilməsi ləngiyir. Hazırda biz bütün variantları nəzərdən keçiririk. Hansı variant bizim üçün daha məqbul olacaqsa o variantı da seçəcəyik.

-Ümumiyyətlə, seçki dövrü olmasına baxmayaraq ADP-nin siyasi proseslərdə o qədər də aktivliyi müşahidə edilmir. Bu nə ilə bağlıdır?

-Gərək seçkilərə qoşulmaqla bağlı qərar olsun ki, bu qərara uyğun olaraq aktivlik də olsun. Azərbaycan Demokrat Partiyasının hazırda aktivliyinin zəif olması seçkilərlə bağlı qərarsızlıqdan doğur.

-Bildirilir ki, seçkiylə bağlı mövqesizlik ADP daxilində mövcud olan ciddi fikir ayrılığı ilə bağlıdır. Doğurdanmı ADP daxilində seçkilərlə bağlı hansısa problem var?

-Bu ilin əvvəlindən Azərbaycan Demokrat Partiyasında seçkilərlə bağlı məsələ müzakirə olunur. Etiraf etmək lazımdır ki, partiyanın seçkilərdə iştirakı ilə bağlı ADP-də fərqli mövqelər var. Yəqin ki, mövqelərin uzlaşdırılması problemə çevrilməyəcək.

-Milli Şuranın 18 avqust aksiyasına müxtəlif münasibətlər sərgiləndi və görünən də o oldu ki, Milli Şura meydana çoxlu sayda adama çıxara bilmədi. Sizcə bu MŞ-ya olan inamı azaltmayacaq ki,?

-Mən də şəxsən Milli Şuranın 18 avqust mitinqində iştirak etmişəm. Sözsüz ki, bu aksiya Milli Şura adına keçirilən mitinq kimi zəif idi. Təşkilati işlərdə problemlər görünürdü. Həmçinin mitinqin vaxtı düzgün seçilməmişdi. Bunlar nəzərə alınsaydı mitinqə daha çox insan qatılardı. O ki qaldı insanların Milli Şuraya inam məsələsinə, onu deyə bilərəm ki, bir mitinqlə insanların inamını müəyyənləşdirmək olmaz. Bu keçirilən mitinqlərin dinamikasından asılı olacaq.

-Milli Şura sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etmək barədə ümumiyyətlə ərizə ilə müraciət etmədiyi üzə çıxıb. Sizə elə gəlmirmi ki, Rüstəm İbrahimbəyov Azərbaycan müxalifəti ilə oyun oynayıb?

-Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı ərizə yazıb-yazmaması barədə mətbuatda gedən məlumatların dəqiqliyini sübut edən faktım olmadığından bu barədə konkret fikir bildirmək yersiz olardı.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31