Nə qədər ki, Azərbaycan xalqı var, ümummilli lider yaşacaq və yad ediləcəkdir - MÜSAHİBƏ

Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü ilə ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrü, dövlət siyasəti mövzusunda həmsöhbət olduq.

- Ümumilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsini hər zaman yaşadan siyasətçilərdən biri idi. Necə düşünürsünüz, biz indi həmin məfkurəni layiqincə yaşada bilirikmi?

- Bu çox ciddi idealoji, siyasi bir məsələdir. Ümummilli lider Heydər Əliyev azərbaycançılıqla bağlı məsələni, azərbaycançılıq düşüncəsini bir dövlətçilik ideologiyası halına gəlməsi və Azərbaycan dövlətinin əsas idealoji prinsipi olması üçün çox böyük fəaliyyət göstərdi və buna nail oldu. Azərbaycançılıq Azərbaycan dövlətinin qorunması, saxlanılması, inkişafı, güclənməsi kimi idealoji məsələləri özündə əks elətdirir və Heydər Əliyev tərəfindən yaşadılan, dövlətçilik ideologiyası halına gətirilən bu məfkurə bu gün artıq özünü tam şəkildə göstərir, biz onun nəticələrini görürük.
Azərbaycan dövləti bölgənin ən güclü dövlətdir. Öz ərazi bütövlüyünü bərpa edib, torpaqlarını işğaldan azad edib və sürətli bir inkişaf yoluna qədəm qoyub. Eyni zamanda, artıq xüsusən 44 günlük müharibədə ki, biz qalib bir xalq kimi adımızı dünya tarixinə yazdırdıq və ondan etibarən həqiqətən hər bir azərbaycanlı azərbaycanlı olmağı ilə fəxr edir. "Mən fəxr edirəm ki, azərbaycanlıyam" tezisini, düşüncəsini ortaya atan Heydər Əliyevin nə qədər uzaqgörən bir dövlət xadimi olduğu da artıq hər birimizə ötən hər gündə daha çox əyan olur. Çünki biz azərbaycanlı düşüncəsi adı altında, bu məfkurə altında Azərbaycan xalqı bir bütöv olaraq yumruq kimi birləşib və müharibədə də özünü göstərdi, ondan sonrakı həlledici məqamlar gəlib ortaya çıxanda da xalqımızın hər bir nümayəndəsinin Azərbaycan vətəndaşı kimi öz varlığımızı, mövcudiyyətimizi və gücümüzü ortaya qoya bilirik.

- Məlumdur ki, Heydər Əliyev hələ hakimiyyətə gəlməzdən öncə xalq üçün böyük işlər görüb. Həmin dövr haqqında nə deyə bilərsiniz?

- Heydər Əliyev daim Azərbaycan üçün, Azərbaycan xalqı üçün istər hakimiyyətdə olduğu dövrdə, istər hakimiyyətdə olmadığı dövrlərdə hər zaman Azərbaycan üçün, Azərbaycan xalqı üçün çalışıb. Azərbaycan dövlətinin müstəqilliyi, Azərbaycan dövlətinin güclənməsi, Azərbaycan xalqının təhsil, hərbi, iqtisadi, siyasi və digər anlamlarda inkişafı, mövcudiyyəti, güclənməsi istiqamətində çalışmalar həyata keçirib.
Mən bir faktı xatırlatmaq istəyirəm ki, 1990-cı ilin 20 yanvar hadisələri baş verərkən, Heydər Əliyev hakimiyyətdə deyildi. O, təəsüf ki, Sovet İttifaqının o zamankı lideri Qarbaçov və onun yaxın ətrafı tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı və hətta Heydər Əliyevə qarşı kompaniyalar da başladılmışdı. Lakin o, 20 yanvar hadisəsində böyük bir cəsarətlə istər ittifaq miqyasında, istər dünya miqyasında tanınmış siyasətçi olan Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, hadisəni pisləməsi, bu barədə bəyanat yayması, çıxış etməsi təbii ki, Azərbaycan xalqının hüquqlarının qorunması, onun haqq səsinin dünyaya çatdırılmasında çox böyük bir rol oynadı. O anlamda mən hesab edirəm ki, Heydər Əliyev hakimiyyətə gəlməzdən öncə də xalqımızın birlik və bütövlüyündə onun başına gələn hadisələrin, faciələrin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin möhkəmləndirilməsində və s. istiqamətlərdə də daim çalışmalar, fəaliyyətlər həyata keçirmişdir.

- Heydər Əliyevin neft-qaz sənayesində etdiyi yeniliklər, gördüyü işlər Azərbaycan tarixində unudulmaz izlər buraxıb. Təməli o dövrdə atılan işlər indiki Azərbaycan üçün hansı rolu oynayır?

- Neft-qaz təbii sərvət baxımdan Azərbaycan xalqının ən böyük üstünlüklərindən biridir ki, Azərbaycan xalqı bu qədər təbii sərvətlərə malikdir. Lakin təbii ki, bu təbii sərvətləri dünya bazarlarına çıxarmaq, ondan fayda əldə etmək və bu faydanı öz dövlətinin, xalqının mənafeyinə sərf etmək özü böyük bir siyasi bacarıq, ustalıq tələb edirdi. Heydər Əliyev təbii ki, bu bacarığa malik bir siyasi lider idi və o, böyük dövlətləri, xarici neft şirkətlərini "Əsrin Müqaviləsi"-nin imzalanmasına razılaşdıra, bu prosesləri uğurla həyata keçirə bildi. Bilirik ki, o zaman çox böyük maneələr var idi. Azərbaycan bu müqaviləni imzalanmasın deyə xarici qloblar güclərin bunun qarşısını almaq üçün Azərbaycanda terror təxribat əməlləri törətməyə çalışırdılar. Dəstək verdikləri hərbi-siyasi qruplarla buna problemlər yaratmaq istəyirdilər. Lakin Heydər Əliyev bütün bu maneələri keçə bildi və çox böyük bir proses olan "Əsrin Müqaviləsi"-nin imzalanmasına nail oldu. Azərbaycan təbii sərvətlərinin xaricə çıxarılması, onun satışının həyata keçirilməsi və bu imkanlar hesabına Azərbaycanı iqtisadi, hərbi, siyasi və s. bütün anlamlarda güclənməsi üçün bir addım atdı. Təbii ki, o dövrdə təməlləri atılan prosesin nəticə, bəhrə verməsini biz artıq illər sonra görməyə başladıq. Neftin qiymətinin artması zamanında və digər məqamlarda da neftin, qazın Azərbaycan büdcəsinə, Azərbaycan xalqına gətirdiyi faydaları görə bildik. İqtisadi, siyasi və ən əsas məqamlardan biri, hərbi mənada Azərbaycanın hərbi-texniki imkanlarının, qüdrətinin artırılması neftdən, qazdan, "Əsrin Müqaviləsi"-də imzalanan əsası qoyulan işlərdən əldə edilən gəlirlərin çox böyük nəticəsi oldu və biz 44 günlük müharibədə 30 illik problemi həll etdik. Bütün bunlar təbii ki, "Əsrin Müqaviləsi" zamanı təməli qoyulan işlərin nəticəsi idi.

- Heydər Əliyev müxtəlif peşə sahiblərinə, mədəniyyətə, sənətə dəyər verən bir siyasətçi olub. Bu cür siyasətçilər hər xalqın tarixində çox az sayda olub. Onun ziyalı mövqeyinin ümummilli lider olmasında rolu haqqında nə deyə bilərsiniz?

- Heydər Əliyev müəllimə, həkimə, sənətçiyə, hərbçiyə, öz xalqının inkişafında mühüm rol oynayan mədəniyyət xadimlərinə və s. istiqamətlərdə şəxslərə çox böyük önəm verirdi. Hətta qeyd edim, jurnalistlərə də çox böyük önəm verirdi. Onun davamlı olaraq imzaladığı sərəncamlar, Azərbaycan təhsilinin inkişafı üçün imzaladığı fərmanlar, Azərbaycan səhiyyəsi ilə bağlı əsasını, təməlini qoyduğu işlər, çalışmalar mədəniyyət xadimlərinə çox böyük qayğısını biz xüsusilə qeyd etməliyik. Heydər Əliyev hər zaman işinin çoxluğuna baxmayaraq, bu kateqoriyadan olan insanlara istər fərdi mənada fərdi yanaşmalarla, istər ümumilikdə onların əməyinin qiymətləndirilməsi istiqamətində daim diqqətini əsirgəmirdi. Onların fəxri adlarla mükafatlandırılmasından tutmuş, prezident təqaüdü verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıq və s. istiqamətlərdə olan məsələlərə diqqət göstərirdi. Heydər Əliyev Azərbaycan gəncliyinin təhsil almasında dövlət proqramları təsdiqləyirdi. Təhsil, elmlə bağlı imzalanan dövlət proqramlarını biz xüsusilə qeyd etməliyik. Bu məhz ümummilli liderin çalışmaları, onun təşəbbüsləri idi və bunlar təbii ki, gerçəkləşdikcə, Azərbaycanın ən müxtəlif sahələr üzrə inkişafını müşahidə edə bilirik.
Ümumiyyətlə, onun ziyalı təbəqəyə diqqəti, qayğısı hər zaman yüksək səviyyədə olub. Onlarla məsləhətləşməsi, onları dinləməsi, onlara diqqət göstərirməsini biz hər zaman müşahidə edə bilmişik. Heydər Əliyevin jurnalistlərlə görüşləri, Azərbaycan mediasının inkişafı ilə bağlı atdığı addımları biz unuda bilmərik. Heydər Əliyevin hərbi sahədə çalışan şəxslərə diqqət və qayğısını biz xüsusilə qeyd etməliyik. Azərbaycan hərbisinin, ordusunun formalaşması, qurulması onun adı ilə bağlıdır. Əgər biz müasir, bugünkü zabitlərimiz, əsgərlərimiz orduda qəhrəmanlıqlar göstərirlərsə, bunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan hərb sisteminin bu gün artıq öz bəhrəsini verməsinin göstəricisidir. Böyük şəxsiyyətin bütün sahələr üzrə olan fəaliyyətləri, xüsusilə, təhsil, səhiyyə, mədəniyyət Azərbaycan dövlətinin yüksək səviyyədə inkişafı ilə nəticələnməkdədir.

-  Azərbaycanın bütün dinlərə və irqlərə qarşı tolerant olan ölkə kimi formalaşmasında ümummilli liderin nə kimi rolu olmuşdur?

- Təbii ki, məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə elə "mən azərbaycanlıyam" düşüncəsinin, azərbaycançılıq ideologiyasının hakim rəsmi ideologiya səviyyəsinə gətirilməsi Azərbaycanda bütün dinlərə, irqlərə, millətlərə qarşı onsuz da mövcud olan tolerant münasibəti ən yüksək səviyyədə dövlət siyasəti səviyyəsinə çıxarıldı. İstər müvafiq qurumların yaradılması, bu müxtəlif dinlərə, məzhəblərə, millətlərə məxsus şəxslərə diqqət göstərilməsi, bu istiqamətlərdə dövlət müşavirliyi yaradılmışdı, çalışmalar həyata keçirilirdi, müvafiq dövlət komitəsinin yaradılması və s. istiqamətlərdə göörülən işlər təbii ki, Azərbaycanda əsrlərdən bəri gələn tolerant münasibətləri biz dövlət siyasəti səviyyəsində təcəssüm elətdirirdik ki, bu məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bütün bunlar Azərbaycanın formalaşmasında rol oynayır, onu inkişafa doğru aparırdı. Bilirik ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycanda dini, milli zəmində kənardan idxal olunan yad ideologiyaların təsiri nəticəsində gərginliklər müşahidə olunurdu. Doğrudur, o məsələlərin tam şəkildə həyata keçməsi mümkün olmurdu. Çünki Azərbaycan xalqının tolerantlıq zatən kimliyində, tarixində, genində var. Amma kənardan qızışdırıcılıqla bu proseslər müəyyən bir mərhələyə gətirilmək istəyirdi. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi həmin məsələlərə son qoydu və hakimiyyəti dövründə də gördüyü işlər o mövzuda tam şəkildə stabilliyin yaranması ilə nəticələndi ki, biz onun real nəticəsini 44 günlük müharibədə Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrinin torpaq uğrunda savaşa getməsinin, hətta onların bütün dinlərdən, millətlərdən olan nümayəndələrin Azərbaycan torpaqları, Qarabağ uğunda şəhid olmasının şahidi olduq ki, bu məhz həmin siyasətin ən bariz nümunələrindən biridir.

- Bu günlərdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətlə bir sıra tədbirlər, sərgilər, konfranslar keçirilir. Bu keçirilən tədbirlər və onların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycan xalqı öz böyük oğlunu, onun inkişafında, Azərbaycan dövlətinin qorunmasında, güclənməsində böyük, tarixi rolu olmuş bu böyük şəxsiyyəti hörmətlə yad edir. Biz müşahidə edirik ki, ölkənin bütün sahələri üzrə bütün ixtisaslar, istiqamətlər üzrə Azərbaycan xalqının ümummilli liderini yad etmək üçün çalışan şəxslər tədbirlər keçrirlər. Dövlər qurumlarında, qeyri hökümət təşkilatları, media, müxtəlif ictimai sferalarda, mədəniyyət sahəsində olan bütün sahələrdə, hər yerdə Azərbaycan xalqı öz oğlunu hörmətlə yad edir, möhtəşəm tədbirlər keçirilir, onun adının əbədiləşdirilməsi üçün ən müxtəlif orijinal, maraqlı, diqqətəlaiq çalışmalar ortaya qoyulur, kitablar yazılır, araşdırmalar aparılır. Mən hesab edirəm ki, bütün bunlar hamısı məhz Heydər Əliyevin adına laiq bir şəkildə həyata keçirilir və bunlar ümummilli liderin xidmətlərini xalq həm yad edir, həm də gənc nəslə bunu gniş bir çəkildə çatdıra bilir. Bu da təbiidir. Çünki Heydər Əliyev Azərbaycan, Azərbaycan da Heydər Əliyev deməkdir. Nə qədər ki, Azərbaycan xalqı var, o qədər də ümummilli lider yaşacaq və yad ediləcəkdir.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31