Doğuş qorxusunu necə dəf etmək olar?
Tünzalə Verdiyeva: “Doğuş haqda pozitiv informasiyalar axtarmağa səy edin”
12 Avqust 2013 15:30 MüsahibəHər bir qadın üçün ən ülvi arzulardan biri də ana olmaqdır. Artıq ailə həyatı qurduqdan sonra hamilə qalan qadınlar arasında çox tez-tez təsadüf edilən məqamlardan biri isə doğuş öncəsi təlaşlanmadır. Ətrafındakı şəxslər, tanışlar ana olmağa hazırlaşan qadına tövsiyələini verərək hansı məsələlərdə daha diqqətli olmalarını söylədikdə istər-istəməz onlarda qorxu hissi formalaşır. Yaxın rəfiqəsinin başına gələn bədbəxt hadisənin onun həyatında da təkrarlanacağından qorxan qadın stress keçirir. Beləcə sağlıq durumundan asılı olmayaraq ana olmağa hazırlaşan qadının yaşadığı bu qorxu hissləri onun üçün yeni problemlərin yaranmasına səbəb olur. Övlad dünyaya gətirməyə hazırlaşan qadınlar necə qorxu hissindən uzaqlaşa bilər? Mövzu haqda psixoloq Tünzalə Verdiyevanın da bu haqda fikirlərini öyrəndik.
-Doğuş qabağı qorxu necə yarana bilər?
- Doğuş qorxusu ilk dəfə doğan hamilə qadınlar arasında ən geniş yayılmış qorxudur. Qadınlarda bu adətən başqaları tərəfindən neqativ münasibətlərlə rastlaşdıqları zaman baş verir. Onları ağrı və qeyri-müəyyənlik qorxutduğundan bəzən şaşqınlıq hiss edirlər. Burada qeyri -adi bir şey yoxdur, bu təbii prosesdir. Lakin gələcək ana doğuşqabağı təzahür edən qorxunu dəf etmək üçün onun yaranma səbəblərini aydınlaşdırmağa səy etməlidi.
-Bəs, ətrafındakı şəxslərdən bu haqda aldığı informasiya, ya kiminsə təcrübəsi necə, ana olmağa hazırlaşan qadında bu cür qorxuların yaranmasına səbəb ola bilərmi?
-Doğuşqabağı qorxu alınmış məlumat vasitəsilə də yarana bilər. Doğuşqabağı təzahür edə biləcək ağırlaşmalar, doğuş travmaları, doğuşdan sonrakı depressiyalar, fiquranın dəyişməsi, bəzən saçların tökülə bilməsi və sairə barədə məlumatlarla tanış olarkən hamilə qadınlar oxuduqlarını və ya eşitdiklərini öz üzərlərində təsəvvürlərinə gətirərək az qala dəhşətə gəlirlər. Çox vaxt gələcək anaları onları özlərinin şəxsi fantaziyaları da qorxudur. Onlar bəzən üzərində "tədqiqatları" düzgün apara bilmədikləri üçün qorxu hissini yaratmış olurlar. Nəticədə hamilə qadının iştahası və yuxu rejimi pozulur, psixoloji durumu pisləşir, doğuşa yaxın isə o yorğun, gücsüz və fəal gücverməyə malik olmur. Bundan başqa hər hansı bir doğum evi haqqında eşitdikləri səhv bir məlumat bəzən gələcək anaları yanlışlığa gətirib çıxarır. Onların hafizəsində informasiyanın ancaq mənfi tərəfi qalır. Bəzən də bu cür həyəcanlar gələcək ananın bədən çəkisinin artması, uşağın vaxtından qabaq doğulması, çəkisinin normadan artıq olması, əməliyyatla doğuş, hətta doğuş zamanı ölüm halı ola biləcəyi ilə də əlaqədar olur.
-Ana olmağa hazırlaşan qadın necə bu qorxudan xilas ola bilər?
-Məlumdur ki, heç kim sehrli çubuğu ilə hamilə qadını, özünün buna səyi olmadan, bu gərginliklərdən və narahatçılıqlardan qurtara və doğuş prosesini yüngülləşdirə bilməz. Lakin doğuşqabağı qorxunu dəf eyməyə və daha ağrısız doğuşa müvəffəq olmağa kömək edən psixoloji vasitələr mövcuddur. İlk növbədə o özünü başqaları ilə müqayisə etməməlidir. Bu halı keçirən rəfiqələriniz və tanışlarınız sizə öz təəssüratlarını düzgün ifadə etməyə də bilər. Onların düşdükləri ab-havaya sizin düşəcəyiniz mütləq deyil. Çünki hər bir qadının orqanizmi fərdi və fərqlidir. Buna görə sizi maraqlandıran suallara cavabları həkiminizdən və müvafiq təcrübəyə malik tibb işçilərindən almağa çalışın ki, bu da sizə doğuş zamanı istifadə edə biləcəyiniz praktik bacarıqların təzahürünə səbəb olsun. Öz gücünüzə inanın.Yadınızda saxlayın ki, qorxu orqanizmin təbii, lakin mövcud anda lazımsız və hətta zərərli reaksiyasıdı. Sizin bu vəziyyətlə bacaracağınız barədə fikirləriniz isə sakitlik bəxş etməklə yanaşı qorxunu dəf etməyinizə də kömək edəcək. Gələcək ananın bədəni buna aylarla hazırlaşdığı üçün şüuraltı instinkt səviyyəsində bu çətin əməyi yerinə yetirməyə qadirdir. Orqanizminizə inanın! Doğuş haqda pozitiv informasiyalar axtarmağa səy edin. Doğuş proseslərinin ən gözəl anları barədə danışan insanları tapın, arayın. Onlarla söhbət edin. Evinizdə, otağınızda qucağında uşaq tutmuş xoşbəxt ana-bala şəkillərini asmağa çalışın. Jurnallarda tez -tez bu cür şəkillərə baxın. Gözəl atmosfer sizə özünüzü inamlı və rahat hiss etməyə kömək edəcək. Fiziki tapşırıqları yerinə yetirin. Bu zaman xoşbəxtlik hormonları adlanan endorfinin yaranması stressin dəf edilməsinə kömək edəcək. Hiss edəcəksiniz ki, siz güclü və dözümlüsünüz! Körpəniz və onun təhlükəsizliyi haqda düşünün. Hər bir doğuş nadir və təkrarolunmaz hadisədir, onu yalnız bu cür yadda saxlamağa çalışın. Yadınızda saxlayın ki, yaxınlarınız sizinlədi və hər an sizə həm fiziki, həm də psixoloji dəstək verməyə hazırdılar. Ən əsası isə özünüzü ələ ala bilməyinizdir. Əlbəttə ki, təbiət sizin əvəzinizə heç nə etməyəcək, lakin mütləq sizə kömək əlini uzadacaq. Çünki doğum - təbii fizioloji prosesdi. Həmin anda hər şeyin əla olacağını düşünün! Əgər inanmırsınızsa yadınızda saxlayın ki, yanınızda və hər an qəlbi sizinlə birgə olan adamlar buna ürəkdən inanırlar. Bu sizə əlavə güc, rahatlıq və pozitiv enerji verəcək.
Nigar Məhərrəm