“Düşünmürəm ki, AKP seçkidə məğlub olacaq qədər zəifləyib” - MÜSAHİBƏ
Vurğun Həsənli: “Bundan sonrakı siyasi hadisələr seçkinin rəngini müəyyən edəcəkdir”
7 Avqust 2013 14:42 MüsahibəTürkiyədə yaşayan soydaşımız, Ankara Universitetinin müəllimi, politoloq Vurğun Həsənli son vaxtlar qardaş ölkədə baş verən proseslər, seçki ərəfəsində olan Türkiyədə cərəyan edən siyasi hadisələr, eləcə də bir müddət əvvəl keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri ilə bağlı "OLAYLAR"-a fikirlərini bölüşüb.
-Vurğun bəy, Ermənistanla sərhəddə bir türk vətəndaşının öldürülməsi Ankara-İrəvan münasibətlərinə hansı mənfi təsir göstərəcək?
-Əlbəttə hər bir dövlət öz vətəndaşının tam təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Amma məsələnin mahiyyətinə baxılmalıdır. Ölüm faktı araşdırılar, əgər qərəzli isə, hüquqi və diplomatik addımlar atılar. Eyni zamanda bu kimi hadisələrdə ictimaiyyətin reaksiyası da mühüm rol oynayır. Məsələn, "Mavi Mərmərə" gəmisində İsrail tərəfindən öldürülən türklər Türkiyə ictimaiyyətində geniş ajiotaj yaratdı. Bu da məsələyə reaksiya verməyə "həvəsli" olan hökuməti bir az da cəsarətləndirdi. Həmçinin bildirmək istərdim ki, Türkiyə il ərzində səhvən, ya da qaçaq yolla İran tərəfinə keçən öz vətəndaşlarının qarşı tərəfin öldürülməsi faktı ilə də qarşılaşır. Həm İranla olan yaxşı qonşuluq münasibətlərinin pozulmaması, həm də ictimaiyyətdə geniş əks-səda yaratmadığı üçün məsələyə sadəcə diplomatik kanallarla reaksiya verilir. Dövlət səviyyəsində reaksiya verilmir. Ermənistana keçən türk vətəndaşının öldürülməsi də Türkiyə ictimaiyyətinin diqqətini çəkməməklə yanaşı, həssas olan Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin gərginləşməməsi üçün məsələyə hər hansı sərt reaksiyanın veriləcəyini güman etmirəm.
-Bir müddət əvvəl Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə hərbi təlimlərini necə dəyərləndirirsiniz və bu təlimlər Ermənistan üçün ciddi bir siqnal sayıla bilərmi?
-Sözügedən təlimlər vacib və əhəmiyyətlidir. İllərcə həm Azərbaycan tərəfinin, həm də Türkiyə tərəfinin arzuladığı hadisədir ki, gerçəkləşir. Bu fövqəladə müvəfəqiyyətdir və intensivləşməlidir. Bu təlimlər demək olar ki, 90-cı illərdən arzulanan, lakin regional-beynəlxalq vəziyyətlə bağlı olaraq həyata keçməyən hadisə idi. Allaha şükür ki, hərbi əməkdaşlığımız gəlib bu səviyyəyə çatmışdır. Hər iki tərəf bunu yalnız alqışlaya, qürur duya bilər. Ermənistana siqnal məsələsinə gəldikdə isə, daha erkən olduğunu bilməliyik. Kiçik çaplı təlimlərlə özümüzü beynəlxalq güclərin gözünə "soxmamalıyıq". Biz nə vaxt həm genişmiqyaslı təlimlər həyata keçirə bilərik, həm də birgə qoşun növü yarada biləriksə, o zaman bunu siqnal saya bilərik.
-Gələn il qardaş ölkədə seçkilər keçiriləcək. Sizcə hakim Ədalət və İnkişaf Partiyasının seçkilərdə məğlubiyyəti yeni formalaşacaq hökumətin Ermənistanla münasibətlərində hansı yeniliklər yarada bilər?
-Türkiyə daxilini dəqiq analiz etmədən AKP-nin məğlubiyyətindən danışa bilmərik. Türkiyədə 65 faiz sağ-mühafizəkar seçici kütləsi var. Cəmi 30 faizə yaxın sol-sosialist seçici kütləsi mövcuddur. Yəni nə olursa olsun sağ-mühafizəkar kütlə sol axımın partiyalarına asanlıqla səs verməz. Bunun üçün bəzi media orqanlarının Cümhuriyyət Xalq Partiyasının iqtidara daşımaq "mahnılarına" qulaq asmaq Türkiyədən bixəbər olduğunu göstərər. Hələ seçkiyə 1 il var. Bir ildə çox şey dəyişə bilər. Mən düşünmürəm ki, AKP seçkidə məğlub olacaq qədər zəifləyib. Düzdür son hadisələrdə müəyyən reytinq itirə bilər. Amma yenə də vurğulamaq istəyirəm ki, həm seçkiyə müəyyən vaxt var, həm də bundan sonrakı siyasi hadisələr seçkinin rəngini müəyyən edəcəkdir.
Süleyman İsmayılbəyli