“Tbilisi toplantısı piar məqsədilə təşkil olunmuşdu” - MÜSAHİBƏ

Mütəllim Rəhimli: “Qeyri-müəyyən hərəkətləri, verdiyi sözə əməl edə bilməməsi Rüstəm İbrahimbəyovun imicinə ciddi ziyan vurub”

"Vətən" blokunda təmsil olunan Ədalət Partiyası da bu il ölkədə keçiriləcək prezident seçkilərində iştiraka maraqlı görünür. Artıq partiyada bu istiqamətdə müəyyən müzakirələr və məsləhətləşmələr aparılsa da, yekun qərarın Ədalət Partiyasının yaxın günlərdə keçiriləcək qurultayında veriləcəyi bildirilir. Partiya sədrinin müavini Mütəllim Rəhimli "OLAYLAR"-a verdiyi müsahibədə Ədalət Partiyasında növbəti qurultaya və seçkilərə hazırlıq istiqamətində görülən işlərdən danışıb.

-Mütəllim bəy, Ədalət Partiyasının qurultaya və prezident seçkilərinə hazırlıq prosesi necə gedir?

-Ədalət Partiyası qurultaya hazırlıq işlərini demək olar ki, yekunlaşdırıb. Bu, partiya Nizamnaməsinə görə növbəti qurultay olsa da, prezident seçkiləri ərəfəsinə təsadüf etdiyindən daha çox maraq doğurur. Qurultayda Ədalət Partiyası seçkilərlə bağlı münasibətini açıqlamalıdır. Şəxsən mən düşünürəm ki, partiyamız seçkilərə öz namizədi ilə qoşulmalıdır. Lakin son söz qurultay nümayəndələrinindir. Bütün hallarda qurultay partiyamızın seçkilərdə iştirakının forması barədə qərar verəcək.

-Sizin partiyanın da daxil olduğu "Vətən" blokunun sıralarının genişləndirilməsi, eləcə də quruma əlavə partiyaların qəbulu gündəmdədirmi?

-Hazırda "Vətən" bloku fəaliyyətini daha çox nəzəri məsələlər üzərində qurub. Eyni zamanda ölkədə və dünyada baş verən hadisələrlə bağlı daimi olaraq münasibət bildirir. Bu uyğun ideoloji, siyasi baxışları olan partiyaların birliyidir və daha uzunmüddətli perspektiv üçün yaradılan blok olduğundan tərkibi olduqca geniş ola bilməz. Həm də indi "Vətən" blokunun tərkibinin genişləndirilməsi gündəmdə deyil.

-Partiya rəsmisi olaraq Milli Şuranın Tbilisi toplantısını necə dəyərləndirisiniz?

-Milli Şuranın Tbilisi toplantısı problemi həll etmək üçün deyil, daha çox təbliğat-təşviqat, bir sözlə piar məqsədilə təşkil olunmuşdu. Həmin görüş Azərbaycanda keçirilsəydi, təbii ki, bu qədər medianın və ictimaiyyətin diqqət mərkəzində olmazdı. Lakin qarşıda duran problemlərin həlli və bir çox açıq suallara cavab tapıla bilmədiyindən bu yığıncağın elə də əhəmiyyəti olmadı. Tərəfdarlarına ümid və əlavə impuls vermədi. Əksinə Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmaması daha çox suallar yaratdı. Bir növ Tbilisi görüşü gözləntiləri doğrultmadı.

-Ümumiyyətlə, ölkədaxili məsələlərin Azərbaycandan kənarda müzakirəsi nə dərəcədə normaldır?

-Bu cür yığıncaqların harada keçirilməsinin heç bir mənası yoxdur. Əsas iclas keçirmək deyil, düzgün qərarlar verərək inkişafa stimul yaratmaqdır. Məncə, Milli Şura Tbilisidə bunu edə bilmədi.

-Sizcə Milli Şuranın sədrinin eks-spiker kimi Azərbaycana qayıdıram deyib, lakin bunu reallaşdırmaması onun ciddiliyini şübhə altına almırmı?

-Tərəfdarları Milli Şuranın sədri Rüstəm ibrahimbəyovun Tbilisi görüşündən sonra Azərbaycana qayıdacağını gözləyirdi. Xeyli müddətdir ki, "gəlirəm" deyən Rüstəm İbrahimbəyovun bunu etməməsi onun barəsində müxtəlif söz-söhbətlərin yaranmasına gətirib çıxarmışdı. Ümidlər Tbilisi yığıncağına qalmışdı. Tbilisi toplantısından sonra qərarını yenidən dəyişdirməsi ona olan inamı sarsıtdı. Çox güman ki, bu davranış onun ətrafında yığışmaq istəyənlərin ehtiyatlı davranmasına, öz qərarlarına yenidən baxmasına səbəb oldu. Həm də hökumət rəsmiləri Rüstəm İbrahibəyovun həbs edilməsi ehtimalının olmadığını bildirmişdilər. Belə olduğu təqdirdə liderlik iddiasında olan şəxsin hər hansı çətinlikdən qorxmasını və cəsarətli addım atmamasını başa düşmək olmur.

-Görünən odur ki, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı qeyri-mümkün olacaq. Belə olan halda Milli Şurada vahid namizəd uğrunda mübarizə daha da gərginləşə bilərmi?

-Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakının tamamilə mümkün olmadığını iddia etmək hələ tezdir və bu səhv olardı. Lakin bir şey aydındır ki, o əvvəllər olduğu kimi nüfuz sahibi deyil. Qeyri-müəyyən hərəkətləri, verdiyi sözə əməl edə bilməməsi Rüstəm İbrahimbəyovun imicinə ciddi ziyan vurub. Bu hələ tamamailə açıq ifadə edilməsə də insanlar şüuraltı olaraq belə düşünürlər. Seçki kompaniyasının başlanmasına çox az vaxt qaldığından Milli Şuranın Rüstəm İbrahimbəyovdan başqa digər bir şəxsi alternativ namizəd kimi ortaya çıxarması çətin olacaq. Həm yeni namizədin layiqliliyi məsələsinin ictimai şüura yeridilməsi, həm də namizəd dəyişdiyinə görə pessimist əhval-ruhiyyənin aradan qaldırılması üçün zaman çatmayacaq. Ona görə də Rüstəm İbrahimbəyovun namizədliyi məsələsi alınmayacaqsa bu Milli Şuranın dağılması ilə nəticələnəcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31