Siyasi mesajlar boşuna deyilmir, üstəlik bunu Prezident İlham Əliyev deyirsə...

Qərbi Azərbaycandakı soydaşlarımızın başlarına gətirilən fəlakətlərin miqyası və Vətənə qayıdış Konsepsiyası barəsində siyasi ekspert Azər Həsrət ilə həmsöhbət olduq:

- Qərbi Azərbaycandakı soydaşlarımızın başına gətirilən fəlakətlərin miqyası haqqında danışanda, əlbəttə ki, insanı dəhşət bürüyür. Çünki həqiqətən də elə hadisələr baş verib ki, ümumilikdə bütöv bir millətə qarşı etnik zəmində sadəcə ayrı-seçkilik deyil, düşmən siyasətinin yürüdülməsi, özü də bunun dövlət səviyyəsində edilməsi, dəhşətlidir. Yəni, nə mənada dəhşətlidir? Biz xatırlayırıq ki, XX yüzilliyin əvvəlki illərini bir kənara qoysaq, sonuncu - 1988-ci ildən başlayan sıxışdırma və etnik təmizləmə prosesi necə dəhşətli bir şəkildə həyata keçirilib. Yəni, 250000-ə qədər azərbaycanlı Ermənistan ərazisindən zor tətbiq edilməklə qovulub. Bu sadəcə sıxışdırılıb, torpaqdan çıxarılma deyil, eyni zamanda, insanların öldürülməsi, onlara qarşı vəhşiliklərin törədilməsi və hətta elə hadisələr baş verib ki, o hadisələr ümumiyyətlə insanın damardakı qanını dondurur. Məsələn, insanları diri-diri borunun içərisinə dolduraraq, hər iki tərəfini qaynaq edib, orda öldürmək, müxtəlif işgəncələr tətbiq etmək və s. bütün bunlar baş verib. Qərbi azərbaycanlılar bu zülmlərin müşayiəti ilə öz torpaqlarından qovulublar və bugünkü statistika bir daha təsdiq edir ki, Ermənistan adlanan respublikanın ərazisində bir nəfər də olsun azərbaycanlı qalmayıb və ermənilər "türk" adı gələndə onu mütləq axtarıb, tapıb, ölkədən kənara çıxarıblar. Əlbəttə ki, belə bir şəraitdə Azərbaycan dövləti, xalqı, özəlliklə də qərbi azərbaycanlılar Vətənə Qayıdış Konsepsiyasını qəbul ediblər və mən düşünürəm ki, bu konsepsiya əsasında mərhələ-mərhələ soydaşlarımız Qərbi Azərbaycandakı öz yurdlarına qayıtmalıdırlar. Onu da xüsusi vurğulamaq lazımdır ki, Qərbi Azərbaycandakı azərbaycanlıların yurdlarının böyük əksəriyyəti hələ də bomboş qalıb. Çünki ermənilərin yetərincə insan resursları yoxdur ki, boşaldılmış o yurdlara yerləşdirsinlər. Bu baxımdan da, soydaşlarımızın ora qayıtması vacibdir.

- Sonradan hansı amillər onların dədə-baba yurdlarına qayıtmalarına əngəl oldu?

- Əlbəttə, sonradan azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaları mümkünsüz oldu. Ona görə ki, Ermənistandan onların qovulmasının ardından Ermənistan Rusiya ilə birlikdə Azərbaycanın daxilində qarşıdurmalar, ayaqlanmalar, bölücülük hərəkətlərini fəallaşdırdı, körükləndirdi. Dağlıq Qarabağ adlı bölgədə yaşayan ermənilər bölücülük hərəkatları başlatdılar və o hərəkatların nəticəsində Ermənistan bəhanə gətirərək, Azərbaycan torpaqlarına soxuldu. O dövrdə Azərbaycanda hakimiyyətsizlik, dövlətsizlik hökm sürdüyünə görə Ermənistan fürsətdən istifadə edib, Azərbaycan torpaqlarını işğal etdi. Yəni, bir növ qərbi azərbaycanlıların məsələləri artıq arxa plana keçdi, Azərbaycan Respublikasının əraziləri işğal edildikcə, yeni köçkün dalğası gəldikcə, qərbi azərbaycanlılarla bağlı məsələ sanki ertələndi. Yaddan çıxdı demirəm, çünki bu yaddan çıxarılacaq məsələ deyil. Amma bir qədər arxa plana çəkildi və özəlliklə də işğal altındakı torpaqlar və köçkünlərin məsələləri ön plana çıxarıldı. O baxımdan da, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmalarına yeni əngəllər yarandı. Əngəl deyərkən, yəni, sadəcə olaraq elə bir şərait yarandı ki, artıq onların geri dönməsi ilə bağlı məsələlər aktiv şəkildə masa üzərində olmadı.

- Sizcə, yeni dönüş yaxın gələcəkdə mümkündürmü?

- Əlbəttə ki, bunun çox yaxında olacağı ilə bağlı proqnoz vermək çətindir. Amma görünən odur ki, Qərbi Azərbaycana dönüş mütləq baş verəcək. Buna əminliyimiz ordandır ki, Prezident İlham Əliyev illər öncə necə ki, Qarabağa dönəcəyimizin proqnozunu verirdi, xəbərini bizə çatdırırdı, biz də ona inanırdıq və nəticə etibarilə, inanmaqda yanlış etmədiyimizə əmin olduq. Bu gün Qarabağa dönmüşük, orda torpaqlar artıq bizim nəzarətimizdədir, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, dinc quruculuq işləri aparılır, inteqrasiya prosesləri gedir. İndi də cənab prezident o xəbəri verir ki, qərbi azərbaycanlılar öz yurdlarına dönəcəklər. Dönəcəklər deyirsə, mütləq dönəcəyik. Yəni, bizim qərbi azərbaycanlılar öz yurdlarına qayıdacaqlar və günün birində Prezident İlham Əliyev bütün Azərbaycan xalqını, dünya azərbaycanlılarını, türk dünyasını məhz Qərbi Azərbaycandan   salamlayacaq. Göyçə gölü sahilindən, Qərbi Zəngəzurdan salamlayacaq. Yəni, artıq bizim yurddaşlarımız öz dədə-baba yurdlarına qayıtmış olacaqlar.

- Sizcə, soydaşlarımız hansı yolu izləməlidir?

- Qərbi Azərbaycandan olan soydaşlarımız əlbəttə ki, bu mərhələdə fəallığı davam etdirməlidirlər. Necə ki, indi fəal bir şəkildə Azərbaycan içində, beynəlxalq ictimai rəydə iş aparılır, ondan bir addım geri çəkilmək olmaz. Beynəlxalq tribunalardan tez-tez Ermənistandan, yurd-yuvalarından qovulmuş qərbi azərbaycanlı soydaşlarımızın səsi gəlməlidir. Onlar müxtəlif beynəlxalq təşkilatlarla fəal şəkildə iş aparmalıdırlar. Söhbət təkcə ondan getmir ki, bu işi məhz onların özləri etməlidir, biz də etməliyik. Yəni, hər kəs, hər bir azərbaycanlı tərəfindən türk dünyasının hər tərəfində bu iş aparılmalıdır. Bu məsələdə də türk dünyasını öz səsimizə çevirməyi bacarmalıyıq. Fəallıqdan geri çəkilməməliyik ki, dünyanın qulağı artıq öyrəşsin ki, Qərbi Azərbaycan deyilən bir yer var, ordan qovulmuş soydaşlarımız var və bu soydaşlarımızın da öz torpaqlarına qayıtmaq kimi bir insan hüququ var.

- Sizcə, bu baxımdan  Qərbi Azərbaycan İcmasının üzərinə hansı vəzifələr düşür?

- Qərbi Azərbaycan İcmasının üzərinə düşən vəzifələr hər şeydən öncə ondan ibarətdir ki, məsələnin ağıllı bir şəkildə, savadlı, elmi əsaslara söykənən bir şəkildə gündəmdə tutulmasına nəzarət eləsin. Yəni, Qərbi Azərbaycan məsələsi elə bir məsələdir ki, bununla həvəskar şəkildə məşğul olmaq olmaz, bunun elmi əsasları olmalıdır. Qərbi Azərbaycan İcması da artıq bizim bildiyimizə görə və göründüyü kimi bu yöndə çox ciddi çalışmalar həyata keçirməkdədir. Yəni ayrı-ayrı komissiyalar şəklində, icma yanında qurulmuş komissiyalar şəklində bu işlər həyata keçirilir və ora cəlb edilən insanların da bəzilərini şəxsən mən də tanıyıram və görürəm ki, elmi bilikləri yetərincə olan tarixi yaxşı bilən, problemin özü ilə yaxından tanış olan insanlardır. Yəni, icma bütövlükdə bu prosesin mərkəzi rolunu oynamağı bacarmalıdır. Tutaq ki, bizim kimi kənardan insanlar bu məsələ ilə məşğul olanda, istinad edəcəyimiz mənbə məhz Qərbi Azərbaycan İcması olmalıdır. İnformasiyalar mərkəzləşdirilmiş şəkildə ordan çıxmalıdır. Strategiya, taktikamız ümumilikdə orda müəyyənləşdirilməlidir. Yəni, bütün addımlar məhz Qərbi Azərbaycan İcmasında mərkəzləşdirilməlidir ki, arzuolunmaz addımlar atılmasın.

- İndiyə qədər bu barədə verilən siyasi mesajların əhəmiyyəti nədən ibarətdir?

- Bu vaxta kimi verilən siyasi mesajların əhəmiyyəti çox böyükdür. Ona görə ki, bayaq da qeyd etdim, Prezident İlham Əliyev illər öncə Qarabağla bağlı yaxşı mənada anons verirdi, ondan öncə hətta ulu öndər Heydər Əliyev də dəfələrlə bizim Kəlbəcərə, Laçına, Şuşaya qayıdacağımız ilə bağlı mesajları var idi. Əlbəttə ki, bədxahlarımız buna inanmırdılar, bunu gözardı edirdilər. Amma əksər insanlarımız ölkənin siyasi liderinin bu mesajlarını doğru düzgün qəbul edirdi və o torpaqlara qayıdacağımızla bağlı inama heç bir şübhə yeri yox idi. Nəticə etibarilə biz Qarabağa qayıtmışıq, işğal altındakı torpaqlarımızı azad etmişik. Əlbəttə ki, indi də Prezident İlham Əliyev Qərbi Azərbaycanla bağlı mesajlar verir və özü də çəkinmədən bunu edir, açıq-aydın bir şəkildə fikrini ifadə edir. Bu mesajlar artıq bizdə o inamı yaradıb ki, yəgin ki, çox yaxın vaxtlarda Qərbi Azərbaycana qayıdış başlayacaq. Bu cür siyasi mesajların əhəmiyyəti çox böyükdür. İnsanlarda ümid yaradır, eyni zamanda, insanların hərəkətə keçməsində motivasiya rolunu oynayır. Yəni, bizi motivasiya edir ki, o qayıdışa köklənək. Bu baxımdan, bütün Azərbaycan xalqı hazırda Qərbi Azərbaycana qayıdış rejiminə köklənib. Hamı artıq inanır, əmindir ki, tezliklə Qərbi Azərbaycandan olan soydaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Eləcə də, bütövlükdə Azərbaycan xalqının həmin ərazilərə gedib-gəlmək imkanları olacaq. Siyasi mesajlar boşuna deyilmir, üstəlik  bunu Prezident İlham Əliyev deyirsə...

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31