"İranda rejim silah gücünə, zorla ayaqda qalıb"
3 Fevral 2023 11:17 MüsahibəSon zamanlar Cənubi Azərbaycanla bağlı edilən çıxışlar mətbuat gündəliyinin ön sıralarındadır. Məsələ ilə bağlı xalqın yekdil yanaşması gedişatı daha da sürətləndirir. Cənubi Azərbaycanla bağlı müasir tariximizdə atdığımız ən böyük addım Cənubi Azərbaycan İcmasının yaradılması haqqında təşəbbüs oldu. 200 ilə yaxındır ayrı düşən xalqın Şimalını ruslar, Cənubunu farslar assimilasiya etməyə çalışsa da, bunu bacarmadılar. Cənubda ən böyük inqilablara elə Azərbaycan türkləri başçılıq edib.
Cənubla bağlı fikirlərimiz artıq çox ciddi səviyyədə elan edilib.
İran isə səfirliyimizə qarşı etdiyi qəddar hücumla məsələyə qanlı imza atdı.
Bundan sonrakı gedişatda bizi nələr gözləyir?
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təmsilçisi, GünAz tv-nin qurucusu Əhməd Obalı İran-Amerika, Azərbaycan-İran münasibətləri, cənubi azərbaycanlıların indiki və gələcək taleyi haqqında Olaylar.az-ın suallarını cavablandırıb:

- Əhməd bəy, ABŞ kimi böyük dövlətlərin İranla bağlı planları nələrdir?
-Amerikanın İran üzrə planları dəyişməkdədir. ABŞ İran ilə nüvə anlaşmasını imzalamağa çalışsa da İran hələ etirazlara qədər cavab verməmişdi. Etirazlardan sonra, bəllidir ki, daha da çətinləşdi. ABŞ-da cümhuriyyətçilərin aşağı palatanı ələ keçirmələri, konqresdə cümhuriyyətçilərin güclənməsi Baydenin əl-qolunu bir az daha bağladı. ABŞ rəsmiləri bir neçə dəfə mətbuatda deyib ki, artıq İranla nüvə anlaşması ABŞ üçün vacib istəklərdən, prioritetlərdən deyil. İrandakı etirazlar, etirazlara dəstək vermək daha önəmlidir.Bunları təhlil edərək deyə bilərik ki, ABŞ planları müvəqqəti də olsa dəyişib. İran dövlətinin bu qədər zəif olduğu, millət tərəfindən qəbul olunmadığı zamanda etirazların dayanmaması üçün çalışır.
İkinci tərəfdən İsraildə Netanyahunun yenidən hakimiyyətə gəlməsi ərəb ölkələri ilə İsrail arasındakı münasibətlərin yenidən isinməsinə səbəb olub. Çin ilə Səudiyyə Ərəbistanı arasındakı yenidən isinmə siyasəti, Çinin İranın cənubundakı adaları "ərəb adaları" adlandırması İranı çox ağır vəziyyətə salıb. ABŞ da bunun fərqindədir. ABŞ İranla hər hansı bir ciddi yaxınlaşmağa və ya hər hansı bir məsələnin həll olunmasına səy göstərmir.
-Hazırki Azərbaycan-İran münasibətini necə təhlil edərdiniz?
-Azərbaycan-İran münasibətlərinə gəldikdə isə bir sözü hər zaman təkrarlayın. Mən bunu bilərək təkrar edirəm. Problemin kökünə, mahiyyətinə baxdıqda məsələnin həlli də ortaya çıxır. İran dövlətçiliyi 1925-ci ildən bu yana farsçılıq üzərində qurulub. Pəhləvilərdən sonra bu rejim ayrı-seçkilik üzərində qurulub. Həmçinin, bu sistemin kökündə türk düşmənliyi var. Bunun üçün Azərbaycan-İran münasibətlərinə həmin pəncərədən baxmaq lazımdır. Azərbaycan türkdür və İran onların nəzəri ilə tamamilə fars olmalıdır. Azərbaycan İran farslarına muxalifdir. Azərbaycanı düşmən kimi görürlər. 1992-ci ildən başlayaraq İran Azərbaycanın müstəqilliyinə, torpaqlarının işğaldan azad olunmasına, istiqlalımıza muxalif olub. Bir çox ölkələrdən sonra müstəqilliyimizi məcburən tanıdılar. Arada-sırada "dostluqdan" danışsalar da, hər zaman düşmən mövqeyində olublar. Bu baxımdan bəzən yumuşalma müşahidə edilsə də, hər zaman Azərbaycan-İran münasibətləri gərgin olaraq qalacaq. Onu bilməliyik ki, bu sözdə dostluğun heç biri səmimi ola bilməz. İran tərəfindən səmimi halda hər zaman düşmən mövqeyini hiss edəcəyik. Nə qədər ki, Güney Azərbaycan azad olmayıb, gərginlik davam edəcək. Güney Azərbaycan azad olduqdan sonra İran-Azərbaycan münasibətləri düzələ bilər.
-İranın terrorizmə dəstək verməsi beynəlxalq aləmdə necə şərh edilir?
İranın terrorizmə dəstək olmasını çox sadə dillə ifadə etmək olar. "İnsan adətindən əl çəkər, inancından əl çəkməz" kimi deyim var. İran da ideologiyasından əl çəkmir. İran dövlətinin də mahiyyəti ümumilikdə terrorizmə dəstək verməklə birlikdə, regionda özünü "qorumaq" üçün kriz yaratmaqdır. Bu hal davam edəcək. İran terrorizmə dəstək verməkdən əl çəkən deyil. Bu, onun inancı, istəyidir. Bəzən məcbur olub bu kimi əməllərdən uzaq dursa da, yenə də davam edir. İranda "Qoç qrupu", "SEPAH" kimi təşkilatlar özbaşına fəaliyyətə davam edir. İçlərində hər hansı biri ədalətli olsa, digəri öz işinə olduğu kimi davam edir. Nə qədər ki, bu rejim var, terrorizm də olacaq. Xüsusilə,gücü çatmayan ölkələrlə sadəcə terror yolu ilə hesablaşa bilir. Azərbaycanla da açıq-aşkar savaşa bilmədiyi üçün səfirliyimizə qarşı terror hadisəsi planlandı. Bu hal davam edəcək.
-Güney azərbaycanlıların İranda qarşılaşdığı ən böyük problemlər hansılardır?
-Azərbaycanlıların İranda qarışlaşdığı ən böyük problemlər 100 ildən çoxdur ki, həllini tapmayıb. 1925 -ci ildən bu ilə qədər həmişə assimilyasiya və əritmə siyasətinə, ayrı-seçkiliklərə məruz qalıb, mədəni hüquqları qadağan olunub. İqtisadi cəhətdən mümkün qədər Azərbaycan torpaqları istismar edilir. Milllətin bir qismini iqtisadi cəhətdən dolayı yolla mühacirətə məruz qoyurlar. Xalqımızın böyük bir qismi fars məntəqələrinə köçməyə məcbur olub. Çünki, məişət ehtiyaclarını orada daha yaxşı qazana bilirlər. Bu baxımdan bu problemlər davam edir. Hazırda orada zəlzələ olub, zəlzələdə onminlərlə insan fəlakətlə üzləşib və bir çoxuna çadr da verilməyib. İran öz vətəndaşına yardım etmir. Hava şəraiti isə -10 dərəcəyə qədər pisləşib. Bunlar bizim üçün əsas problemlərdir. Təəssüf ki, qısa zamanda həlli görünmür.
-Hazırki siyasi prosesləri nəzərə alaraq, "Molla" rejiminin gələcəyini necə qiymətləndirirsiniz?
-İranda hazırki siyasi prosesləri nəzərə alsaq, "Molla" rejiminin gələcəyi yaxşı görünmür. Çünki, 43 ildir ki, hakimiyyətdədirlər. Zaman baxımından da ömürləri azalıb. Bu prosesin məntiqi tərəfidir. Özləri də bilmədən ölkədə dəyişikliyə şərait yaradıblar. İranın siyasi, iqtisadi,sosial həddindən artıq böyüyüb. Bu problemləri həll etməyə gücləri çatmır. Dövlət milləti idarə edə bilmir. Rejim "tüfəng" gücünə,zorla ayaqda qalıb. Xalq dövləti istəmir. Dünya da bu hakimiyyətin tərəfdarı deyil. Hərtərəfli sona doğru hazırlıq gedir. Məntiqən dörd aylıq etirazlardan sonra İran rejimi ağır zərbə alıb. İsrail açıq şəkildə İrana hücumlarını artırır. Elan etməsələr də hamı bilir ki, İsfahanı və beş şəhəri vuran İsraildir. Amerikanın "başı" Ukraynada Rusiyaya qarışıb. İsrail ilə Azərbaycan dostluğunu nəzərə alsaq, deməli, İranın bu baxımdan da vəziyyəti yaxşı deyil. Gec-tez rejim gedəcək. Proses davam etdikcə rejimin ömrü azalır. Rejim Azərbaycan səfirliyinə bu cür ucuz planlı hücum etməklə başını itirdiyini sübut etdi. İran vətəndaşının problemini həll etmək yerinə ucuz siyasət yürüdür. Xoyda zəlzələ baş verib. Xalqın çox sayda ehtiyacı var. Zəlzələdən zərər çəkən azərbaycanlılara yardım göndərmək yerinə, Suriyaya "karvan-karvan" yardım göndərir. Həmin yardımlar "Hizbullaha", "Lübnana" gedir. Bu, hərtərəfli ağlını itirməkdir. Rejim hər istiqamətdən zərbə alır. Çox yaxşıdır ki, Azərbaycan dövləti onların cavabını verir. Casusların tutulması, şəbəkəyə ciddi ziyan vurur. İran indi müdafiəyə keçib. Çünki, millətdən, xaricdən, beynəlxalq aləmdən koaliyasiya yaranır İranın əleyhinə. Getdikcə zəifləyir, ömrü azalır. Ola bilsin mərhələni uzatsınlar ancaq, əvvəlki kimi olmayacaq. Rejim getməyə məcburdur.
Əfsanə Səlimi