Ümummilli lider Heydər Əliyev ölkəmizə başçılıq etdiyi illərdə milli qadın hərəkatının formalaşması üçün böyük işlər həyata keçirib - MÜSAHİBƏ

Lamiyə İsazadə: "Ulu öndərin 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi görülən işlərin zirvə nöqtəsi oldu"

Azərbaycanın ictimai-siyasi həyatında qadınların da özünəməxsus yeri var. Bu gün həyatımızın bütün sahələrində demək olar ki, qadınlarımız öz aktiv fəaliyyətləri ilə seçilir, nümunəvi rol oynayırlar. Təbii ki, bu müsbət tendensiyanın əldə olunmasında dövlətin həyata keçirdiyi siyasət də xüsusi qeyd edilməlidir. Məhz dövlətin bu sahədə həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınların bütün sahələrdə öz fəallıqları ilə seçilirlər. Elə "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri, Prezident Təqaüdçüsü Lamiyə İsazadə də bu qənətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Lamiyə İsazadə dövlətin kiçik modeli sayılan ailə dəyərlərinin qorunması, ailə modelinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan da danışıb.

.Lamiyə xanım, dövlətin kiçik bir modeli sayılan ailə dəyərləri, ailə modeli Azərbaycanda necə qorunur və bu məqsədlə dövlət hansı addımları atır?

-Xalqımızın çox gözəl və zəngin ailə ənənələri, ailə modeli var. Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər bir xalqın, eləcə də hər bir insanın özünü təsdiq etməsində və inkişafında, qazandığı hər bir uğurda ailənin rolu böyükdür. Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Xalqımızın çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr dərin və sarsılmaz köklərə malikdir. Dünya  xalqlarının hər birinin öz ailə modeli var. Azərbaycanda ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını müəyyən edir. Tariximizə nəzər salsaq görərik ki, əsrlər öncə də ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda hər zaman mühüm rol oynamışdır. Təsadüfi deyil ki, hər il may ayının 15-i dünyada təntənə ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltmək məqsədi daşıyan Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda da silsilə tədbirlər həyata keçirilir. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən dəyərin bariz nümunəsidir

Dövlətimizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, milli dəyərlərimizin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genofondumuzun möhkəmlənməsinə xidmət edir. Respublikamızda hazırda 2 milyona yaxın ailə var.  Həmin ailələrin hərtərəfli inkişafı, rifahı üçün, onların müxtəlif problemlərinin həlli istiqamətində dövlətimizdə müxtəlif layihələr həyata keçirilir, zəruri addımlar atılır.

-Sizcə, uğurlu ailə modelinin əsasını nə təşkil edir?

- Uğurlu ailə modelinin əsasını sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, hörmət, sevgi təşkil edir.  Əgər ailədə bunlardan biri olmazsa, həmin ailənin uğurlu və təməlinin möhkəm olması imkansızdır. Ailə sevgi üzərində qurulmalıdır, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır. Nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməlidir, sosial statusları, iqtisadi durumları uyğun olmalıdır. Sevgi zamansız və plansız olduğu üçün hər kəsin ailə həyatı sevgi üzərində qurulmur. Lakin, birgəyaşayış dövründə rəğbət və böyük hörmət hissi bütünləşərək sevgiyə çevrilir. Uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı tərəflər arasında məsuliyyət və sayğının mövcud olması da mütləqdir. Ailə qurmaq da, dağıtmaq da asandır. Lakin, onu həyatın sınaqlarından keçirib  yaşatmaq çətin və şərəfli vəzifədir. Azərbaycanda nümunəvi və uzunömürlü ailələrin sayı olduqca çoxdur. Bütün bunlar bizim ailə dəyərlərimizə bağlılığımızın göstəricisidir. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, indiki gənclərimizin çoxu karyera qurmaq adıyla ailə dəyərlərini bir o qədər də önəmsəmirlər. Gənclərimiz Avropa sayağı yaşamaq istəyir, bu məqsədlə də ailə qurmağa, həmin ailəni axıra qədər sürdürməyə laqeyd yanaşırlar. Gənclərimiz onu da bilməlidir ki, bu gün uzunömürlu, sağlam ailə modulu hazırlaya bilməyən, gender məsələsini "çözərək" qadınlarını kariyerist edən Avropa, indi onları ailəyə bağlaya bilmir. Avropada ailə dəyərləri hər ötən gün məhv olmaqdadır. Azərbaycanda isə bu belə deyil. Bəlkə də dünyada yeganə xalqıq ki, ailə dəyərləri bizim üçün bütün dəyərlərdən üstündür.

-Ailənin tərkib hissələrindən biri də qadındır. Ailə daxilində gender bərabərliyi təmin olunurmu?

- Ailə dəyərlərinin qorunmasında gender bərabərliyi xüsusi rol oynayır. Gender bərabərliyinin təmin olunması üçün dövlətimiz bu istiqamətdə mühüm addımlar atır. Lakin, səmimi desək gender bərabərliyi bu gün Azərbaycandakı bütün ailələrdə təmin olunmur. Gender bərabərliyini daha çox müasir ailələrdə görmək mümkündür. Azərbaycan kişilərinin  gender məsələsinə münasibəti heç də birmənalı deyil. Bir çox ailələrdə bu qəbul olunmur, "ailədə kişinin sözü keçər", "kişinin dediyi olar" düşüncəsi ilə yaşayan ailələr heç də ölkəmizdə az deyil. Hər ailə kiçik bir dövlətdir və həmin kiçik dövlətin də özünəməxsus qanun-qaydası var. Kənardan hansısa ailəyə müdaxilə etmək, istiqamət vermək, gender bərabərsizliyini düzəltməyə çalışmaq heç də düzgün deyil.

-Ümumiyyətlə, Azərbaycan cəmiyyətində necə, gender bərabərliyinin təmin olunmasında dövlət və onun müvafiq qurumları hansı addımları atır?

- Azərbaycan qadınların hüquqlarının qorunması, idarəetmə orqanlarında təmsilçiliyinin artırılması, qadın sahibkarlarının sayının hər ötən gün artması dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində çox mühüm işlər görülür. Təkcə son on ilə nəzər yetirsək görərik ki, Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində olduqca əhəmiyyətli işlər görülüb. Bütün kişi və qadınlar arasında hüquq bərabərliyi ölkə Konstitusiyasında birmənalı şəkildə təsbit olunub. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi üzrə Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib, gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul edilib. Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi siyasətini həyata keçirən mərkəzi icra orqanı yaradılıb. Eyni zamanda, müvafiq müddəalar sonradan qəbul olunmuş və təkmilləşdirilmiş bir sıra normativ hüquqi aktlarda da əks olunub.

-Ümumilikdə, qadınların ölkənin ictimai-siyasi həyatında rolunu necə xarakterizə edirsiniz və qadınlar bu proseslərdə aktiv rol oynayırlarmı?

- Tariximizə nəzər salsaq görərik ki, ölkəmizin ictimai-siyasi həyatında əvəzolunmaz vəzifələr tutan, ölkəmizin inkişafına böyük töhfələr verən çox sayda məşhur və görkəmli qadınlarımız olmuşdur.  Bu gün isə Azərbaycanın müasir tarixində çoxşaxəli və səmərəli fəaliyyəti ilə dərin izlər açan Mehriban xanım Əliyeva qadınlarımızın ictimai-siyasi həyatdakı rolunun bariz nümunəsidir.

İdarəetmənin müxtəlif sahələrində qadınların kişilərlə bərabər təmsilçiliyi hələ eyni səviyyədə, bərabər təmin olunmasa da, bu sahədə inkişaf dinamikası mövcuddur. Məhkəmə hakimiyyəti, qanunverici və icraedici orqanlarda qadınların təmsilçiliyi günü gündən artmaqdadır. Ölkəmizin sürətli iqtisadi və siyasi inkişafı Azərbaycan qadınlarının ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Qadınlarımız ən çətin və mürəkkəb istiqamətlərdə belə hər zaman uğur qazanmağı bacarırlar. Bu, olduqca sevindirici haldır.

-Bəs, dövlət qadınların ictimai-siyasi həyatda fəal rol oynaması məqsədilə onlar üçün hansı şərait yaradır?

- Ümummilli lider Heydər Əliyev ölkəmizə başçılıq etdiyi illərdə qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi hesab etmiş, milli qadın hərəkatının formalaşması üçün böyük işlər həyata keçirmişdir. Ümummilli liderin 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi görülən işlərin zirvə nöqtəsi oldu. Bu fərmanla qadınlara əlavə səlahiyyətlər verildi, onların problemləri ilə birbaşa məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına, özlərini təsdiq etmələrinə şərait yaratdı. 2000-ci ilin mart ayının 6-da Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanı da ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdən idi. Bununla da qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar.

Bu gün də əsası ulu öndər tərəfindən qoyulan dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçımız cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir.  Ölkəmizin inkişafına öz töhfələrini verən qadınların əməyi dövlətimiz tərəfindən  hər zaman ən yüksək səviyyədə qiymətləndirilir.  Dövlətin ona verdiyi yüksək dəyərə layiq olmağa çalışan  Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31